“Yoxlayanlarınızın yoxlanılmağa ehtiyacı var”
“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal hazırda saxlanıldığı Kürdəxanı həbsxanasındakı (1 saylı Bakı İstintaq Təcridxanası) qanun pozuntusu halları, anti-sanitariya ilə əlaqədar ədliyyə naziri Fərid Əhmədova açıq məktub yazıb.
O, məktubunda bildirib ki, təcridxananın rəisi Elnur İsmayılov və müavinləri problemlərlə bağlı edilən müraciətlərə reaksiya vermir.
Əli Zeynal deyir ki, bir ay öncə Ədliyyə Nazirliyinin kommissiyası təcridxanadakı kameraların vəziyyəti ilə bağlı yoxlamaya gəlib.
Əli Zeynalın sözlərinə görə, komissiyanın gəlişinə hələ iki ay öncədən hazırlıq görülüb:
“Kommisiyaya yalnız həbsxananın II korpusunun 12-ci kamerasını göstərdilər. Bir-iki ay əvvəldən kamerada təmir-bərpa işləri görüldü, hətta yeni şkaflar qoyuldu, dibçəklər qoyuldu, divardan dağ mənzərəli, çay, təbiətin gözəlliklərini göstərən şəkillər, peyzajlar asıldı. Halbuki, 12-ci kamera ilə üzbəüz 19-cu kameraya baxılsaydı, mən kanalizasiya sularının çirkləndirdiyi şəxsi əşyalarımızı, paltarlarımızı, yemək-içməklərimizi, yekə-yekə tarakanları, döşəmənin altından, kanalizasiya borularından çıxan siçanlar da göstərərdim. Yoxlayanlarınızın yoxlanılmağa ehtiyacı var”.
Əli Zeynal 2025-ci il aprelin 24-də “Toplum TV işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə gətirilərkən Penitensiar Xidmətin avtomobilində havalandırmanın pis olmasından şikayətlənməsindən sonra yaranan mübahisədən və karserə (cərimə otağı) salınmasından da yazıb.
Bildirib ki, cərimə müəssisəsinə göndərilməyi ilə bağlı müəssisənin verdiyi əmr həqiqəti əks etdirmir.
“7-8 nəfər konvoy qollarım qandallı formada məni ora-bura dartışdırdıqdan sonra şikayət ediblər ki, guya mən o vəziyyətdə təkbaşına onları döymüşəm. Ərizəni hələ də heç kim mənə göstərməyib, tanış olmamışam”, – Əli Zeynal deyib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin mətbuat katibi Tanrıverdi Mustafayev Meydan TV-yə məsələnin araşdırılacağı və bununla bağlı məlumat veriləcəyini bildirib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, həmin təşkilatın əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.