Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, siyasi məhbus Bəşir Süleymanlı həbsdə üzləşdiyi problemlərlə bağlı yaxınları vasitəsi ilə media üçün açıqlama yayıb.
O, iyulun 16-da həbs müddətinin uzadılması ilə bağlı verilən apelyasiya şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsinin hakimi Emin Əliyevdən şikayətçi olduğunu bildirib.
“Hakim aqressiv davranıb, çıxışıma imkan vermədi”
Süleymanlının sözlərinə görə, məhkəmə iclası başlayandan bitənə qədər hakim onunla aqressiv davranıb, bir neçə dəfə sözünü kəsərək çıxış etməsinə şərait yaratmayıb:
“Bu davranış ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır”.
Bəşir Süleymanlı hakimin davranışları ilə əlaqədar tədbir görülməsi məqsədilə Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına şikayət edəcək.
“Məhkəmədə 40-50 məhbus saatlarla bir otaqda saxlanılır”
Bəşir Süleymanlı məhkəmələrdə məhbusların saxlanılması üçün normal şəraitin olmadığını da qeyd edib:
“Məhkəməyə aparılanda saatlarla orada məhkumlar üçün nəzərdə tutulan otaqda saxlanırıq. 40–50 nəfər, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar 2–3 saat bir otaqda saxlanılır. Bu da normal şəraiti olmayan həmin yerlərdə bəzi problemlər yaradır.”
Təcridxanada ərzaq, əşya və kitablarla bağlı məhdudiyyətlər
Hüquq müdafiəçisi onu da əlavə edib ki, istintaq təcridxanasında ona göndərilən bəzi ərzaq, qida məsullarının və əşyaların ona verilməsində də problemlərlə üzləşir:
“Mənə göndərilən süd məhsullarının saxlandığı qabların qapağı açılmış şəkildə mənə təqdim edilir. Belə olan halda həmin məhsullar tez bir zamanda yararsız hala düşür, ondan istifadə edə bilmirik və onları atmağa məcbur oluruq”.
Süleymanlı deyib ki, bəzi ərzaq və qida məhsullarının məhkumlara verilməsi qadağan deyil, amma nədənsə onlara verilmir:
“Məsələn, göndərilən kofe mənə verilmir”.
Bəşir Süleymanlı ona göndərilən kitabların da ona verilmədiyini bildirib.
Bəşir Süleymanlı vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.
Onlara cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.
İstintaq davam edir, təxminən 50 nəfər işə cəlb olunub, bir neçəsi həbsdədir.