O, ürək ağrılarından əziyyət çəkdiyini, iki dəfə vəziyyətinin kəskin pisləşdiyini deyib
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevin səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə onun dostları “Facebook” sosial şəbəkəsində məlumat yayıblar.
“Dedi ki, ürəyim tutub, nəfəs ala bilmirəm, boğuluram və həkimlər heç bir tədbir görmür. Hətta iki dəfə vəziyyəti kəskin pisləşib”.
Yazılanlara görə, Zamin Salayev əvvəllər də ürək ağrılarından şikayət edib.
“Zamin ürək çatışmazlığından əziyyət çəkir və ürəyinə iki stend qoyulub. Onu da deyim ki, 2 həftədir onu qaldığı yeridən çıxarıb, başqa yerə yerləşdiriblər”.
Bu məlumata Penitensiar Xidmət və aidiyyatı qurumlar münasibət bildirməyiblər.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev 2023-cü il fevralın 7-dən həbsdədir. Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunan Salayev Qaradağ rayon Məhkəməsinin hökmüylə 4 il azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.
Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.
O vurğulayıb ki, həmin ərazidə 8 təhlükəsizlik kamerası var. Onun sözlərinə görə, kameraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.
Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.