Həbsdə olan fəalın ağrılarının şiddətləndiyi bildirilir

Foto: Möhyəddin Orucovun şəxsi arxivindən

Anası: “Balamı versinlər özümüz müalicə edək, cavan oğlumu məhv edirlər”

Həbsdə olan ictimai fəal, “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovun səhhətindəki ağrıların şiddətləndiyi deyilir.

Bu barədə onun anası Təranə Orucova məlumat verib.

Təranə Orucova bildirib ki, hazırda oğlunun bir böyrəyində genişlənmə, digərində kristal var. O, oğlunun 2023-cü ildə həbs edilərkən polis tərəfindən zorakılığa məruz qaldlqdan sonra polis bölməsində böyrəyində problemlər yarandığını bildirib.

“Oğlumun sağlamlığı pis vəziyyətdədir. Bu həftə ağrıları şiddətlənib, ağrıkəsici iynə vurublar. Həkim bildirib ki, onu əvvəl yoxlayanda da “kristal” aşkarlayıblar. Ancaq o vaxt bunu gizlətmişdilər. Bu səhər də pristup verib, vəziyyəti ağırlaşıb. Bunlar insan taleyi ilə oynayır. Balamı versinlər özümüz müalicə edək, cavan oğlumu məhv edirlər. Şərləyib tutmusunuz, sağlamlığını almayın əlindən. Mənim balam əzab çəkir orada”, –  Təranə Orucova deyib.

Ötən gün Bakı Apellyasiya Məhkəməsi Orucovun hökmündən verilən şikayətə baxıb. Hakim Habil Məmmədov həbsdən verilmiş apellyasiya şikayətini təmin etməyib, fəalı həbsdə saxlayıb.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Azadlığa buraxılandan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. O itithamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.

O məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə əvvəlcə inzibati qaydada həbs olunub. Azadlığa buraxılıb Suraxanı rayonu 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verəndən sonra şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona qarşı ittihamları qismən yüngülləşdirib və fəal barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Ana səhifəSiyasətHəbsdə olan fəalın ağrılarının şiddətləndiyi bildirilir