Bakı İstintaq Təcridxanasında saxlanılan dini inanclı şəxslər – Şərqiyyə Hüseynova, Şəhla Fərəcova, Nigar Bağırova, Aytən İbrahimova aclıq aksiyasına başlayıblar.
Bu barədə hüquq müdafiəçisi Arzu Abdulla Meydan TV-yə məlumat verib.
Arzu Abdulla bildirib ki, noyabrın 8-də Xəzər Rayon Məhkəməsində dini inanclı şəxslərin məhkəməsi keçirilib.
Prosesə hakim Ramilə Xəzri sədrlik edib.
Arzu Abdulla deyir ki, inanclı şəxslər hakim qarşısına qrup halında deyil, ayrı-ayrılıqda çıxarılıb.
Avqustun 17-də sosial şəbəkələrdə Xəzər rayonu ərazisində ehsan paylayan 6 dini inanclı qadının polis tərəfindən zorakılığa məruz qaldığına dair görüntülər yayılıb.
Onlar dini ayinlər və mərasimlər adı altında aksiyalar keçirməkdə təqsirləndirilirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumatda isə deyilirdi ki, hüquqazidd əməllər törətməkdə təqsirli bilinən 38 yaşlı Nigar Bağırova, 41 yaşlı Aytən İbrahimova, 44 yaşlı Şəhla Fərəcova, 50 yaşlı Xoşqədəm Quliyeva, 31 yaşlı Şərqiyyə Sadıqova və 52 yaşlı Arzu Hüseynova saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Məhkəmənin qərarı ilə onların həbs müddəti daha 2 ay artırılıb. Bu qərardan sonra həmin şəxslər aclıq aksiyasına başlayıblar.
Arzu Abdulla bildirir ki, indiyədək onlara qarşı heç bir istintaq işi aparılmayıb.
“İndiyə qədər heç bir istintaq prosesi keçirilməyib və onlar 3 ayda bir iki dəfə dindirilib. Bu halda istintaq müddətinin uzadılması anlaşılan deyil”, -deyə o bildirib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Bakı İstintaq Təcridxanasında həmin şəxslərdən onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmələri, “günahlarının” etirafını və buna görə üzr istəmələri tələb olunub.