Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədrinin mühafizəçisi Kənan Basqalın (Zeynalov) məhkəməsi başlayıb.
Bu barədə AXCP-nin sədri Əli Kərimli “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, Kənan Zeynalov 7 aydır tam təcrid olunmuş şəraitdə saxlanılır.
Kənan Zeynalov bu ilin martında həbs olunub.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.
İttiham aktında iddia olunur ki, AXCP fəalı bu il martın 21-də axşam saatlarında Yeni Günəşli qəsəbəsində Anar Rəhimov adlı şəxsə mübahisə zəminində qarın nahiyəsindən bıçaqla zərbə endirib.
“Kənan bəy 7 aydır ki, həbs olunub. Rejim heç ağır cinayətlər törətmiş terrorçuları onun qədər kommunikasiyasız saxlamır. 7 aydır ki, Kənan bəyə ailəsilə görüş, hətta telefonla danışıq imkanı belə verilmir. Kənan bəy məhkəmədə dedi ki, məhkəməyə 7 ay öncə həbs olunanda əynində olan paltarla gəlib. Çünki ona indiyə qədər də dəyişəcək paltar çatdırılmasına imkan verilməyib. Qərəz bu həddədir” – deyə Əli Kərimli bildirib.
Əli Kərimli qeyd edib ki, Zeynalovun həbsi siyasidir. AXCP sədri həbs olunmuş fəalın, onu müdafiə etdiyi üçün həbs olunduğunu vurğulayıb.
Prosesdə vəkil ittiham aktı ilə tanış olmadığı üçün məhkəmə iclası təxirə salınıb.
Hazırlıq iclası 6 noyabr tarixinə təyin edilib.