Həbsdə olan alimin ailəsi: “Fazilə ancaq aclığı dayandıracağı halda karserdən çıxarılacağını deyiblər”

Fazil Qasımov. Foto: Fazil Qasımovun “Facebook” səhifəsindən götürülüb

Fazil Qasımov deyib ki, mayın 21-dən karserdə saxlanılır

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov aclıq aksiyasını dayandırmayacağını bildirib.

Ailəsindən Meydan TV-yə verilən məlumata görə, bu gün, iyunun 4-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə iqtisadçı bildirib ki, artıq 25 gündür aclıq edir.

O, bu müddət ərzində ancaq su içir.

Fazil Qasımov deyib ki, mayın 21-dən karserdə (cərimə otağı) saxlanılır.

“Ondan aclıq aksiyasını dayandırması tələb edilib və yalnız bundan sonra karserdən çıxarılacağı bildirilib. Bununla belə, Fazil aclıq aksiyasını dayandırmayacağını deyib”, – ailəsindən Meydan TV-yə bildirilib.

Fazil Qasımovun məhkəmə prosesi iyunun 17-nə təxirə salınıb.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.

O, həbsinə etiraz olaraq artıq ikinci dəfədir ki, aclıq edir.

İqtisadçı hazırkı aclığına 2025-ci il mayın 10-da başlayıb.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən ev dustaqlığına buraxılıb.

Ana səhifəSiyasətHəbsdə olan alimin ailəsi: “Fazilə ancaq aclığı dayandıracağı halda karserdən çıxarılacağını deyiblər”