Yaxınlarının dediyinə görə, təzyiqlərlə yanaşı, onlara məhdudiyyət tətbiq olunması ilə bağlı qərar verilib
“AbzasMedia”nın həbsdə olan əməkdaşlarının martın 4-nə təyin olunmuş növbəti məhkəmə prosesində iştirak etmədikləri üçün saxlanıldıqları təcridxanada təzyiqlərlə üzləşdikləri bildirilir.
Yaxınlarının məlumatına görə, təzyiqlərlə yanaşı, onlara məhdudiyyət tətbiq olunması ilə bağlı qərar verilib.
“Martın 4-də 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdıyev jurnalistlərə bildirib ki, onlar daha məhkəməyə ayrı-ayrı, daha acınacaqlı vəziyyətdə yox, normal şəraitdə və birlikdə aparılacaqlar. Bununla bağlı məhkəmənin də göstərişi olub. Ancaq onlar məhkəməyə aparılan zaman məlum olub ki, iki ayrı maşında və əvvəlki şəraitsiz vəziyyətdə aparılacaqlar. Ona görə 3-cü dəfə də məhkəmədə iştirakdan imtina ediblər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bundan sonra istintaq təcridxanasının rəisi Elnur İsmayılov “AbzasMedia”nın jurnalistləri ilə kobud şəkildə və təhdid dilində danışıb.
“Onlar Elnur İsmayılovdan etika çərçivəsində danışmağı tələb ediblər. Təcridxana rəisi jurnalistlərin bu tələbinə məhəl qoymayıb. Jurnalistlər bundan sonra görüşü yarımçıq tərk ediblər”, – jurnalistlərin yaxınları deyiblər.
“AbzasMedia” xatırladır ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 28-ci maddəsində qeyd olunur ki, həbs yerlərinin işçiləri tutulmuş və ya həbs edilmiş şəxslərlə münasibətdə nəzakətli olmalıdırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi qadağandır. Amma təcridxana rəisi qanunun bu tələbini pozub.
Eyni qanunun 12-ci maddəsində qeyd olunur ki, həbs edilmiş şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşləri təmin edilməlidir.
Nazirlər Kabinetinin “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi” barədə 26 fevral 2024-cü il tarixli, 105 nömrəli qərarın 8-ci maddəsinin 1.24-cü bəndində qeyd olunur ki, qanunda nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək həbs edilmiş şəxslərin hüquqlarından biridir.
Artıq üçüncü dəfədir ki, “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində iştirakdan imtina edirlər.
Bunun səbəbi jurnalistlərin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdikləri fiziki zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmamasıdır. Onlar məhkəməyə avtomobildə qeyri-insani şəraitdə və ayrı-ayrı gətirilmələri, habelə məhkəmənin zirzəmisində saxlanılmalarından da şikayətçidirlər.
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.