“Məhkəmənin sədrinə dedim ki, uşaq komadadır, ölür, adi təcili yardım vermirlər ki, Bakıya aparaq, ev dustaqlığına buraxın, heç vecinə də olmadı…”
Goranboy sakini Samir Alıyev deyir ki, ikinci qrup əlil olan 22 yaşlı oğlu həm hüquq-mühafizə orqanlarındakı özbaşınalığın, həm məhkəmə sistemindəki ədalətsizliyin qurbanı oldu.
12 yaşından ağır şəkərli diabetdən əziyyət çəkən, daxili orqanlarında ciddi problemlər olan Sabir Əliyev 2024-cü ilin dekabrında həbsdə olarkən vəfat edib.
Atası Meydan TV-yə danışır ki, bəzən şəkəri 400-500 dərəcəyə çatırdı, komaya düşürdü.
Bu səbəbdən 12 yaşından bu yana dəfələrlə Bakıda və Goranboyda müxtəlif xəstəxanalarda müalicə alıb:
“Şəkər müxtəlif orqanlarına təsir göstərmişdi. Ağciyərini də sıradan çıxardı. Qarayevdə yerləşən Ağciyər Xəstəlikləri İnstitutunda da yatmışdı. Mərifətli uşaq idi. Qohum-əqrəba, rayonda dost-tanış – hamı ehtiyatla davranırdı ki, birdən komaya düşər. 2023-cü ilin dekabrında – bayramqabağı komaya düşdü, xəstəxanaya çatdırdıq. Goranboy Rayon Mərkəzi Xəstəxanasında reanimasiyaya yerləşdirdilər. Xəstəxanada anası da yanında qaldı”.
Samir Alıyev deyir ki, xəstəxanada olduğu müddətdə iranlı adı ilə Sabirlə “İnstagram”da kimsə danışıb.
Sonra söhbəti “Whatsapp”da davam etdiriblər:
“Danışıb, görüşmək barədə razılaşıblar. Sabir buna xəstə olduğunu deyib. Bayramı evdə keçirdi. Sevinirdik ki, komadan çıxdı, yaxşılaşdı. Sabir deyirdi ki, mən maşın istəyirəm. Rayon yeridir, mal-qara saxlayırıq. Nənəsi inək satmışdı, pulunu da Sabirə vermişdi, sevimli nəvəsi idi. Ağciyər Xəstəlikləri İnstitutunda həkimi vardı, nənəsinə deyib ki, həkimə gedirəm, o adla evdən çıxıb. Mən bilsəydim, qoymazdım. Bilirəm ki, yanvarın 1-i iş günü deyil, həmin gün həkim olmaz. Evə gəlib soruşdum ki, Sabir hanı? Anam dedi ki, Bakıya gedib. Sonradan bilmişəm ki, bu gedib, həmin iranlı adıyla danışdığı adam da buna deyib ki, “Ağdaşda sumka var, içində də narkotik, onu götürərsən”.
“Sabir deyib ki, əlavə pulum yoxdur taksiyə verməyə. Deyib ki, “sumkanın içinə pul da qoyarıq, sən taksiyə deyərsən, dönsün”. Ağdaşda düşən kimi, bir mülki maşın yaxınlaşır. Ora çatanda, tutulduğu yerə 800 metr qalmış sumkanın olduğu yeri “Vatsap”da göndərir. Mülki maşındakı adam da oğluma deyir ki, burada oğurluq olub, sən kimsən? Sabir görür ki, bir qədər o tərəfdə də polis maşını var. Sabir buna yazır ki, burada polislər var, götürmürəm. Cavab yazır ki, narahat olma, polislərin səninlə işi yoxdur, götür”.

“Ağdaş polisləri evimi yıxdılar”
Daxili İşlər Nazirliyinin Sabir Alıyevin tutulması ilə bağlı yaydığı rəsmi açıqlamada iddia olunur ki, çantanın içindən 6 kq 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 patron tapılıb. Sabir Alıyev narkotik və silahı Bakıda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manata razılaşıb.
Samir Alıyev isə baş verənlərin qurama olduğunu düşünür:
“Oradakı narkotikin onminlərlə qiyməti var. Adama sual verərlər, hansı iranlı tanımadığı adama bunu etibar edərdi? Məlumdur ki, iranlı məsələsi deyil bu, quramadır. Avtomatın da iynəsini çıxarıblar, tullantıdır. Məqsədli şəkildə eləyiblər ki, götürən adam birdən atəş açar”.
Atası onu da bildirib ki, Sabir Alıyev saxlanılanda vəziyyəti pisləşib. Bu səbəbdən Ağdaş Rayon Polis Şöbəsinə təcili yardım çağırıblar, həmin vaxt onun həyatını xilas etmək mümkün olub.
Oğlunun tutulmasından təxminən bir sutka sonra xəbər tutduğunu deyən Samir Alıyev həm də vaxtında ona məlumat verilməməsindən narazıdır.
Deyir ki, saxlanılan şəxsin vaxtında ailəsilə əlaqə yaratmaq, yaxınlarını məlumatlandırmaq hüququ var. Amma xəstə övladının bu haqqını da əlindən alıblar.
Həbs qərarı veriləndən sonra 2024-cü ilin yanvarında Sabir Alıyevi Şəkidəki Penitensiar Müəssisəyə aparıblar.
Atası onun sağlamlığındakı problemlərlə bağlı bütün sənədləri həm müəssisəyə, həm də müstəntiqə təqdim edib.
Onların nəzərinə çatdırıb ki, Sabir Alıyevin səhhətində ciddi problemlər var, tədbir görülməsə, o, həyatını itirə bilər.
“Lap tutaq ki, cinayət eləyib, axı adam ölür… Şəkər problemi, ciyər problemi – bütün xəstəliklərilə bağlı sənədlərini, diskləri yığıb apardım. Şəki türməsindəkilər sağ olsunlar, dərhal xəbər verdilər, Bakıya – “tubzon” deyilən yerə (əsasən, ağciyər xəstəliklərindən əziyyət çəkən məhbusların saxlandığı 3 saylı cəzaçəkmə müəssisəsi) göndərdilər. Oradakılar da sağ olsun, normal baxırdılar, adam gərək insafla danışsın. Sonra Müalicə Müəssisəsinə də köçürmüşdülər. Müstəntiqə də verdim sənədlərin surətini. Müstəntiq elə danışırdı ki, sanki Sabir hansısa narkobarondur, mafiya üzvüdür. Halbuki özü də bilirdi iranlı adı ilə onunla kimlər danışıb, onu ora kimlər gətirdib, o boyda narkotik kimlərindir. Canı ilə əlləşən 22 yaşlı oğlanı kimlər aldadıb çağırıb”.
Sabir Alıyevin hüquqlarını müdafiə etmək üçün hələ istintaq dövründən ailəsi vəkil Zabil Qəhrəmanovla müqavilə bağlayıb.
Atanın sözlərinə görə, müstəntiq Zabil Qəhrəmanovun hüquqi yardımından imtina etməsi üçün də onlara təsir göstərməyə çalışıb:
“Müstəntiq mənə deyir ki, niyə Zabili vəkil tutmusan, aramızda həll edərdik. Övladımdan ötrü evimi də satıb verərdim, hər şey qurban olsun balama. Ağdaş polisləri evimi yıxdılar…”
“Cavan uşaq öldü, siz hakimlərin əlinə nə keçdi?!”
Vəkil Zabil Qəhrəmanov həm istintaq dövründə, həm də məhkəmə prosesinin gedişində müstəntiqin də, hakimlərin də nəzərinə çatdırıb ki, Sabir Alıyevin həyatı təhlükə altındadır.
Atası danışır ki, vəkil Sabir Alıyevin ev dustaqlığına buraxılması üçün 12 dəfə məhkəmədə vəsatət qaldırıb. Lakin hakimlər hamısını rədd ediblər:
“Hər dəfə Zabil müəllim əsaslandırırdı ki, bu adam ölür, buraxın, getsin, müalicə olunsun, ev yeməkləri yesin, qaçmayacaq, vaxtında gəlib-gedəcək. Türmənin öz həkimlərinin də rəyi vardı ki, vəziyyəti yaxşı deyil, ciyər pis vəziyyətdədir. Aylarla məhkəməni uzadırdılar. Məhkəmə onlayn keçirilirdi, Sabir türmədən qoşulurdu. Ev dustaqlığı barədə vəsatətləri bir kəlmə ilə rədd edirdilər, qərarlarını heç əsaslandırmırdılar. Cavan uşaq öldü, siz hakimlərin əlinə nə keçdi?!”
Samir Alıyev deyir ki, oğlu dekabrın əvvəlində ailəsilə danışandan sonra vəziyyəti pisləşib.
Şəki Penitensiar Müəssisəsində onu tibbi-sanitar hissəyə yerləşdiriblər. Orada iki gün qalıb:
“Yanına getdim, qapıda növbəmi gözlədim. Gördüm ki, məndən sonra gələnləri də buraxdılar, mən də qaldım. İçəri keçəndən sonra gözlədim-gözlədim, Sabir gəlmədi. Sən demə, 4 günün içində Sabir komaya düşüb. Dedilər ki, vəziyyəti pisləşib, təcili yardım çağırmışıq, gəlir. Mən orada olanda gəldi, apardılar Şəki Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə. Bir gün orada qaldı. koma vəziyyətində idi. Həftənin birinci günü idi. Həkimlər dedi ki, “çalışırıq, narahat olma, sən get”. Səhəri gün hamımız yenə Goranboydan yığışıb getdik Şəkiyə. Məhkəmənin sədrinin qəbulunda oldum. Dedim ki, komadadır, ölür, adi təcili yardım vermirlər ki, Bakıya aparaq, ev dustaqlığına buraxın. Heç vecinə də olmadı…”
Samir Alıyevin sözlərinə görə, oğlunu Bakıya – Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirmək üçün şəxsi vəsaiti hesabına 800 manata təcili yardım maşını gətirmək məcburiyyətində qalıb.
Sabir Alıyev Bakıya çatdırılsa da, bir gün sonra vəfat edib:
“Mənim başıma gətirdiklərini heç düşmənimə də eləməzdim. Bakıya apardılar. Sabirin dayısıgil Bakıda yaşayır, ondan xahiş elədim ki, Müalicə Müəssisəsinə gedib xəbər bilsinlər. Dayısı gedib xəbər bilməyə, deyiblər ki, iki saat əvvəl rəhmətə gedib. Yanvarın 16-da 40 mərasimi verdik. Mənim uşağımı cinayətə cəlb eləyən kim olub? Özləri yaxşı bilir ki, Sabiri ora çağıran, o sumkanı ora qoyan kimdir. Niyə izləyib gedib Bakıdakını da tutmurdular? Narkotiklərlə mübarizəni belə aparmırlar. Məqsəd bir xəstəni aparıb öldürmək olmamalıdır”.
Sabir Alıyevin işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində proses davam edir.
Onun atası polislərlə yanaşı, hakimlərdən də narazıdır.