MİDA “mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat veriləcək”
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində həyata keçirilmiş “güzəştli mənzil” seçimi mərhələsinin nəticələri ləğv edilir.
MİDA-nın rəsmi
saytında
verilən açıqlamada deyilir ki, Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına bu il, mayın 7-dən başlanılıb. Satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət”
portalında
yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir.
Bugünədək “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib və aylıq 275 manat ödənişlə 2 otaqlı təmirli mənzil satışına başlanılıb.
“Mayın 7-də başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.
Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib.
Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub” – məlumatda deyilir.
Daha sonra bildirilir ki, mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə MİDA komissiya yaradıb:
“Sözügedən elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunub. Eyni zamanda, elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib və hesabatlar dinlənilib.
Komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunub ki, “Elektron hökumət” portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və “Güzəştli mənzil” sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb.
Qeyd edilən texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib”.
Məlumatda deyilir ki, mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat veriləcək:
“Hazırda Mənzil İnşaatı Dövlət Agentliyi aidiyyati təşkilatlarla birlikdə “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçisinə bərabər seçim şəraitinin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir”.
Mayın 7-də səhər saatlarında az və orta təminatlı gənc ailələr üçün 260 ev satışa çıxarılıb. Elektron hökumət portalında seçim edən şəxslərin çoxu problemlə qarşılaşıb. Evi seçəndə, ya da imzalayanda sistem donub. 5 dəqiqə sonra sistemə qayıdanlar evlərin tutulduğunu
görüblər
.
Narazı şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinə üz tutublar. Onlar ərizə yazaraq problemlərinin həll olunmasını istəyiblər.
MİDA-nın Facebook səhifəsində də ev almaq istəyənlər sistemin çökməsindən gileylənib.
MİDA-nın beynəlxalq əlaqələr və strateji planlaşma şöbəsinin rəhbəri Fərman Qurbanlı bildirib ki, 8700 nəfər qeydiyyatdan keçdiyinə görə o qədər şəxsin sayta girişi planlaşdırılıb, amma həmin gün 60 mindən çox insan portala daxil olub. Buna görə də sistem çöküb.
Narazı vətəndaşlar evlərin satışında şəffaflığın təmin olunmadığını düşünürlər.
11 aprel 2016-cı ildə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Məqsəd gəlirləri az olan gənc ailələrin mənzillə təmin edilməsidir. İlk olaraq Yasamal Yaşayış Kompleksində 1843 mənzil tikilib. Onlardan 260-ı satışa çıxarılıb.