Etiraza səbəb David Qareca kompleksində baş verən gərginlikdir
Gürcüstanın Gənc İşçi Partiyası Tbilisidəki Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Etiraz aksiyasına səbəb son günlərdə Azərbaycan və Gürcüstan sərhədində yerləşən David Qareca kompleksində baş verən gərginlikdir.
Aksiya zamanı üzərində “Biz dostuq, düşmən deyilik”, “Biz Azərbaycan xalqı ilə dostuq, Azərbaycan hakimiyyəti ilə yox” kimi şüarlar səsləndirilib.
Bundan sonra İşçi Partiyanın gənclər qolunun sədri Mişa Kumsuşvili əvvəlcədən hazırlanmış məktubu Azərbaycan səfirliyinə təqdim etmək istəsə də, səfirlikdən ona cavab verən olmayıb.
O, Meydan TV-yə keçirilmiş aksiyanın məqsədi barədə danışıb:
“Biz qonşularımız azərbaycanlılarla sülh şəraitində yaşamaq istəyirik. Biz Azərbaycanın mədəniyyətinə, tarixinə hörmət edirik. Eyni zamanda düşünürük ki, bir-birimizə aid torpağı da işğal etmək olmaz. Artıq şimalda bizim torpağımızı işğal edən, insanlarımızı incidən bir aqressor qonşumuz var. Azərbaycanla isə belə bir problemin olmasını istəmirik. Azərbaycan tərəfi 6-cı əsrdə inşa edilmiş David Qareca məbədinə gediş-gəlişi bir müddətdir bağlayıb. Düşünürük ki, bu cür hərəkət etmək ədalətsizlikdir və qanunlara ziddir,” – deyə Kumsuşvili bildirib.
O, Azərbaycan səfirliyinə vermək istədikləri məktubun mətnində də sülh çağırışı olduğunu deyib: “Əvvəlcədən hazırladığımız məktub vardı. Azərbaycan səfirliyinə vermək istəyirdik. Məktubda əsas məramında qeyd etmişik ki, bizim böyük motivasiyamız var ki, aramızda sabitlik olsun. Turizim, iqtisadiyyat, diplomatik sahələrdə münasibətlərin irəlliləməsini istəyirik. Lakin düşünürük ki, bütün bunları təhlükə altına atan proseslər baş verir. Əgər Azərbaycan Gürcüstana aid ərazini, kilsəni işğal etməyə davam etsə, bu, bizim gələcək qonşuluq siyasətimiz üçün yaxşı olmayacaq. Biz İlham Əliyevdən münasibətləri düzəltməyi və David Qareca məbədini məxsus olduğu gürcü əhaliyə verməsini istəmişik. İlham Əliyev azərbaycanlı və gürcü əhalinin rahat hərəkət etməsi və hər iki xalq arasında əlaqələrin gələcəyi üçün düzgün hərəkət etməlidir”.
Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareca məbəd kompleksi mübahisəli ərazi sayılır və hər iki ölkə müstəqillik qazanandan sonra Azərbaycan və Gürcüstan arasında bir-neçə qalmaqala səbəb olub. Son qalmaqal ötən həftə Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki mübahisəli əraziyə getməsindən sonra yaşanmışdı. Bundan sonra Azərbaycanın sərhəd qoşunları məbədin Azərbaycana düşdüyü iddia edilən ərazini gürcülərin girişi üçün bağlamışdı.
Gürcülərin David Qareca, azərbaycanlıların Keşikçidağ adlandırdığı məbəd kompleksi gürcülər üçün müqəddəs sayılır. Məbədin bir hissəsinə girişin Pasxa bayramı ərəfəsində bağlanılması Gürcüstan tərəfinin etirazına səbəb olmuşdu.
Rahim Şalıyev