Bizi Qardabaninin Sartiçala Muğanlı kəndinə gətirən burda yaşayan azərbaycanlıların yazın gəlişini qeyri-adi qeyd etmələri oldu.
Azərbaycanlıların əksəriyyəti əsasən 20 və 21 mart tarixində Novruzu qeyd etsələr də, Sartiçala Muğanlı sakinləri 22-də bayram edir. Bütün kənd əhlinin hamılıqla keçirdiyi bayram şənliyini izləmək üçün digər kəndlərdən də bura gələnlər olur.
Sartiçala Muğanlının təxminən 10 mindən çox əhalisi var və bu kənd, martın ilk günündən başlayaraq 22 gün bayram qeyd edir. Martın 22-si isə Novruzun kulminasiya günü sayıldığından, böyüklü-kiçikli hər kəs kəndin küçələrində birgə bayram edir, bir növ maskarad keçirirlər.
Kəndin girişində qoruq çəkən beli silahlı keşikçilər gələnləri yoxlayır. Yox, narahat olmayın, söhbət oyuncaq silahdan gedir….
Silahlılar bizi saxlayıb hardan gəldiyimizi sorğu-sual etdilər. Bu sorğu-sual da sizi çaşdırmasın, çünki bu da şənlik ssenerasinin bir hissəsidir.
Şənliyin əsas qəhrəmanları, maskarad iştirakçıları kişilərdən ibarətdir. Sakinlər bunu şənliyin əsas hissəsinin camaatı döymək və pul toplamaq olması ilə izah edirlər. Qadınların isə Novruzda üzərinə düşən, evdə bayram süfrəsi üçün dadlı yeməklər bişirməkdir. Bu süfrənin əsas atributlarından biri şorqoğalı, şəkərbura və paxlavadır. Bayram hazırlığının ən maraqlı hissəsi isə səməni cücərtmək və yumurta boyamaqdır. Hər kəs ailədə bu sadalananlardan bir bayram xonçası hazırlayır. Uşaqlar isə boyamış yumurtaları biri-biri ilə yarışaraq vuruşdurular.
Qadınlar kənd şənliyin ssenarisində təmsil olunmasalar da, əksəriyyəti bəzənib-düzənib şənlik yerinə gəlir. Subaylar üçün Novruz şənliyi xüsusi ilə əhəmiyyət kəsb edir. Kənd cavanlarından olan 22-25 yaşlarındakı Əli deyir ki, gənc qızlar və oğlanlar burada biri-biri ilə tanışlıq qurur, hətta sonradan evlənənlər də olur:
“Oğlanlar evlənəcəyi xanımları da bəzən bu bayramlar vasitəsi ilə tapır. Bizim kəndimizin həyatında ən önəmli hadisə elə bu bayramdır”.
Böyük Britaniya ölkələrində və ABŞ-da qeyd edilən “Halloween” bayramını xatırladan xüsusi kostyumlar və eybəcər maskalar ilə şənliyə qatılan kənd sakinləri, bayramı bu formada qeyd etməyi qədim türk adəti sayır:
Əski döyüşçü paltarı geyinən bir qrup adam şənlik yerinə gələn gəncləri, kişiləri əllərindəki taxta çubuqla vura-vura meydana salıb məcburi rəqs etdirir. Maraqlısı odur ki, döyülənlərin heç biri incik kimi görünmür və adət-ənənəyə sayğı əlaməti olaraq əli çubuqlulara qarşı çıxmırlar.
Qorxulu maska geyinənlərin arasında Vladimir Putin də var. O da digər maska taxanlar kimi şənliyə gələnləri çubuqla vurmaqla məşğuldur. Bu mənfi obrazların maskalarını niyə istifadə etdiklərini soruşanda isə, “biz belə görmüşük, belə edirik. Bu bayramdır, və biz o mənfi obrazlarla sadəcə zarafat edirik” -deyirlər.
Kənd sakini Mübariz deyir ki, Putin də onlar üçün neqativ obrazlardan biridir və onun maskasının taxılması da elə buna görədir:
“Bu gördüyünüz maskalar hamısı mənfi obrazlardır. Biz bayramda bunları geyinərək mənfi obrazları canlandırırıq. Elə Putin də həmin mənfi obrazlardan biridir”.
Mikrafon əlində şənliyi idarə edən padşah obrazı, arada yüksək səslə camaatı çubuqla buranlara səslənib “bərkdən vurmayın” -deyir.
Kənd sakinlərindən biri isə şeirlər deyir və məclisə aparıcılıq edir, elə kəndin problemlərini də ara-sıra şeirlə dilə gətirir:
“İşığı, qazı olmayan Muğanlıya Novruz gəlir…”
Bir nəfər isə əlində qutu ilə gəzişərək, camaatdan pul yığır. Hökümətdən lazımi diqqət görmədiklərini deyən Canpolad, kənd əhlinin bu cür pul toplayıb öz problemlərini həll etməyə çalışdıqlarını deyir. Muğanlılar ötən il toplanan pul ilə kənd məscidini təmir etdiriblər:
“Bu il bayram bir az zəif keçir, camaatda pul yoxdu. Əvvəlki illərdə yığılan pullarla kəndin məscidi, yollarını düzəltmişdik. Bəzən lazım olandan da çox pul toplanıb. Onunla da kəndin digər ikinci dərəcəli ehtiyaclarını qarşılamışıq”.
Bayram şənliyinin ən maraqlı epizodlarından biri də toy hissəsidir. Şənliyə gələn kənd əhli toy edir və hər kəs kəndin aşağı başındakı evlərdən birindən gəlini gətirməyə gedir. Bu şənlikdə toy tamaşasının olmasını kənd sakini Anar belə izah edir:
“Novruz bayramı olsa da, biz bu şənlik vasitəsilə kəndin qədim ənənələrini komedik tamaşa şəklində çatdırırıq. Bu kəndin qədim toy ənənəsi var və biz bayram vasitəsilə onu da kəndə qonaq gələnlərə göstərməyə çalışırıq”.
Qeyd etdiyimiz kimi, bu şənlikdəki bütün obrazları kişilər canlandırır, elə gəlin obrazını da. Maraqlıdır ki, toyun hər iki qəhrəmani kişi olsa da, ssenariyə uyğun olaraq bəyin gəlini öpməsi səhnəsinin də şahidi oluruq. Toyun sonunda isə ənənəvi olaraq gəlini qaçırırlar.
Axşama doğru isə Novruz ənənəsinə sadiq qalaraq digər azərbaycanlılar kimi meydanda və qapılarda bayram tonqalları qalanır. Hər kəs tonqal ətrafında dövrə vurub rəqs edir və şənlik gecəyarıyacan davam edir. Uşaqlar və gənclərlə yanaşı bir çoxu tonqalın üzərindən tullanmaqla ötən ilin ağrı-acılarını odda “təmizləyir”, yeni ilə, bahara yeni ümidlər qururlar. Dilək tutan gənclər isə xoş sözlər eşitmək üçün qonşu qapıya qulaq falına çıxırlar. Uşaqlar isə qapılara boş papaq atıb, qonşularının bayram süfrəsindən qoz-fındıq, şirmiyyat payı alırlar.
Kəndin ağbirçəklərindən olan Şahbəyim xanım bayramın bu formada qeyd edilməsinin ən azı bir neçə yüz ilə təsadüf etdiyini deyir. Şahbəyim xanımın babası həmişə deyirmiş ki, atalarından belə görüblər və ona görə belə də davam edirlər.