Səbəb “Xarici agentlər haqqında” Qanunun qəbulu göstərilib
Gürcüstan hökuməti bu gün, oktyabrın 16-da “Açıq Hökumət Tərəfdaşlığı”na (OGP) üzvlüyün dayandırılması ilə bağlı bildiriş alıb.
Məlumatı “Azadlıq” radiosuna hökumət administrasiyasından təsdiqləyiblər.
May ayında OGP Gürcüstan hökumətinə üzvlüyünü dayandırmaq niyyəti barədə xəbərdarlıq edib və “Xarici agentlər haqqında” Qanunun qəbulu zamanı Gürcüstan hakimiyyətini qanun layihəsini geri götürməyə çağırıb.
Təşkilat bunu vətəndaş cəmiyyəti təşkilatlarına qarşı ayrı-seçkilik hesab edib.
Eyni zamanda, təşkilat Gürcüstan hökumətinə OGP üzvlüyünün mümkün dayandırılması barədə məlumat verib.
2023-cü ildə “Xarici agentlər haqqında” Qanunun ilk təşəbbüsündən sonra QHT-lər Açıq Hökumət Parlament Şurası Qrupuna üzvlüyünü dayandırıb.
Açıq Hökumət Tərəfdaşlığı 2011-ci il sentyabrın 20-də BMT Baş Assambleyası çərçivəsində ABŞ və Braziliya prezidentlərinin birgə təşəbbüsü ilə təsis edilib.
Bu gün OGP açıq, effektiv və şəffaf idarəçilik yaratmaq üçün çalışan 75 üzv ölkənin hökumətlərini və minlərlə vətəndaş cəmiyyəti təşkilatını birləşdirir.
İştirakçı ölkələrin hökumətləri vətəndaşlar üçün daha açıq olmağı, onları qərarların qəbulu prosesinə cəlb etməyi, dövlət xidmətlərini əlçatan və rahat etməyi öhdələrinə götürürlər.
Gürcüstan bu təşəbbüsə 2011-ci ildə qoşulub.
2018-ci ildə Gürcüstan təşkilata sədrlik edən ölkə kimi Tbilisidə OGP-nin 5-ci Qlobal Sammitinə ev sahibliyi edib.
2019-cu ildə üzv dövlətlər növbəti dəfə Gürcüstanı üç illik müddətə (2022-ci ilə qədər) OGP Rəhbər Komitəsinin üzvü seçiblər.
Yarandığı gündən bəri OGP hökumətlərin və vətəndaş cəmiyyətinin birgə səyləri ilə bütün dünyada 4000-dən çox açıq idarəetmə islahatı həyata keçirib.