Bu televiziya kanalı ölkədə indi də davam edən etirazları canlı yayımda verən əsas müstəqil medialardan biri kimi tanınır
Gürcüstanın müstəqil “Mtavari” televiziya kanalı mayın 1-dən rəsmi olaraq yayımını dayandırır. Bu barədə kanalın əməkdaşlarına baş direktor Giorgi Qabunia məlumat verib.
Kanalın təsisçisi və “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiyanın sözlərinə görə, “bu kanal bağlanacaq, amma yenisi açılacaq”.
“Başqa cür ola bilməz, mən buna inanıram və bilirəm. Əsas odur ki, ölkə bağlanmasın, əks halda [kanalların] açılmasının və ya bağlanmasının mənası olmayacaq”, – Qvaramia sosial şəbəkədə yazıb.
11 dekabr 2024-cü ildə “Mtavari”nin baş direktoru Giorgi Qabunia kanalın təsisçilərindən biri, iş adamı Zaza Okuaşvilinin qəsdən kanalı bağlamağa çalışdığını demişdi.
“Mtavari” kanalı 2019-cu ilin sentyabrında müxalifətçi Nika Qvaramiyanın təşəbbüsü ilə yaradılıb. Bu televiziya kanalı ölkədə indi də davam edən etirazları canlı yayımda verən əsas müstəqil medialardan biri kimi tanınır. Sonradan səhmlərinin bir hissəsi iş adamı Zaza Okuaşvilinin şirkətlərinə verilib. Bu ilin fevral ayından etibarən kanalda canlı yayımlar dayandırılıb və efir vaxtı əsasən seriallarla məhdudlaşdırılıb.
Qabunianın sözlərinə görə, bir neçə ay əvvəl Okuaşvili öz adamı olan Qoqi Kurdadzeni kanalın direktoru təyin edib, o, şirkətdəki bütün maliyyə əməliyyatlarını bloklamaqla və kanal üçün həyati əhəmiyyət kəsb edən müqavilələri imzalamaqdan imtina etməklə kanalın işinə qəsdən mane olur.
Onun sözlərinə görə, Okuaşvilinin ya birbaşa “Gürcü Arzusu” ilə razılaşaraq hərəkət etdiyi, ya da “Mtavari”dən hakim partiya ilə sövdələşmə vasitəsi kimi istifadə etdiyi barədə əsaslı şübhələr var. Onda Qabunia jurnalistlərin mübarizə aparacaqlarını və bacardıqları qədər efirdə qalacaqlarını bildirsə də, təsisçilərdən birinin kanalda yaratdığı böhranı nəzərə alaraq, bunun çətin olacağını qeyd etmişdi.