Gürcüstanın daxili işlər nazirinə sanksiya qoyuldu

Gürcüstan. Foto: Reuters

Britaniyanın sanksiyası “jurnalist və nümayişçilərə qarşı vəhşicəsinə hücumlar”la bağlıdır

Böyük Britaniyanın Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriniyə sanksiya tətbiq etdiyi bildirilir.

Həmçinin Gürcüstanın Polis Departamentinin rəhbəri Sulxan Tamazaşvili və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru Zviad Xarazişvilini də siyahıya daxil edib.

Qeyd olunur ki, sanksiyalar “Gürcüstanda jurnalistlərə və dinc nümayişçilərə qarşı vəhşicəsinə hücumlar” iddiası ilə bağlıdır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bu addımı ölkəsinin Gürcüstan xalqını dəstəkləməsi ilə əlaqələndirib.

O əlavə edib ki, Böyük Britaniya günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün imkanları nəzərdən keçirəcəyini nümayiş etdirir.

Dekabrın 16-da Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallas Gürcüstana qarşı sanksiyaların hazırlandığını təsdiqləyib.

O, vizasız rejimlə bağlı məhdudiyyətlərin mümkünlüyünə aydınlıq gətirib.

Aİ hazırda sanksiya siyahısını müzakirə edir, lakin bununla bağlı hələlik yekdil rəy yoxdur.

Noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra etirazlar keçirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar, qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib.

Ana səhifəDünyaGürcüstanın daxili işlər nazirinə sanksiya qoyuldu