Gürcüstandan və Ermənistandan geri qalan Azərbaycan Premyer Liqası

Məsələnin eybəcər tərəflərindən biri odur ki, AFFA son illərdə birinci divizionda qalib olmuş komandaların Premyer Liqaya çıxmasına icazə vermir.

Source: Specify Source


Stadionlar ona görə boş qalır ki…

Son illərdə Azərbaycanın futbol ictimaiyyətini narazı salan məsələlərdən biri də ölkənin əsas futbol çempionatının – Premyer Liqanın səviyyəsinin çox aşağı düşməsidir. Səviyyənin aşağı olmasının səbəbi isə Premyer Liqada vur-tut 8 komandanın mübarizə aparmasıdır. Bütün bunlar isə çempionat oyunlarına marağın olmaması, Premyer Liqa oyunlarının boş tribunalar önündə keçməsi deməkdir. Bəs necə oldu ki, vaxtı ilə 14-16 klubun mübarizə apardığı Azərbaycan Premyer Liqasında komanda sayı 8-ə düşdü?


“Xəzər Lənkəran” getdi, maraq itdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8 komandalı çempionat ilk dəfə 2016/17 mövsümündə keçirildi. Bundan bir il əvvəlki mövsümdə isə Premyer Liqada 10 klub mübarizə aparmışdı. Yüksək liqanın daimi iştirakçıları olmuş “Xəzər Lənkəran”la “Rəvan” 2015/16 mövsümündə mübarizə apardılar, sonrakı ilə “sağ çıxmadılar”. Xüsusilə də, Lənkəran təmsilçisinin fəaliyyətini dayandırması Azərbaycan futboluna olan marağı ikiqat azaltdı. İspaniya futbolu üçün “Barselona” nədirsə, “Xəzər Lənkəran” da Azərbaycan, azərbaycanlı azarkeşlər üçün o idi. “Palmali” Şirkətlər Qrupunun, bu şirkətin rəhbəri Mübariz Mənsimovun maliyyələşdirdiyi klubun futbol səhnəsindən çəkilməsi ilə Azərbaycan futbolunun üzərinə sanki bir süstlük, səssizlik çökdü. Bəli, artıq “Neftçi” ilə hər oyunu derbi olan, stadionları dolduran “Xəzər Lənkəran” yox idi. Lənkəran komandasının “yox olması” ilə Azərbaycan futbolu həm də, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) asılı olmayan müstəqil bir klubu, on minlərlə azarkeşi itirdi.

75220814_680804419075430_7642210321100177408_n.jpg
Boş qalan meydançalar


AFFA-nın klubları, klub prezidentləri, mətbuat xidməti

Sonrakı mövsümlərdə AFFA özünün maliyyələşdirdiyi “Kəpəz”i Premyer Liqaya buraxdı. Ölkə futbolunda xüsusi çəkiyə malik olan, Gəncə kimi böyük şəhəri təmsil edən “Kəpəz”in Premyer Liqaya qayıdışı “Xəzər Lənkəran” qədər effektli olmadı, ola da bilməzdi. Axı bu komanda Gəncədən çox, AFFA-nın komandası idi. “Kəpəz”in Müşahidə Şurasının üzvləri, kluba nəzarət edən adamlar federasiya rəsmiləridirsə, bu komanda hansısa bir gəncəlidən çox, AFFA prezidentinin, onun baş katibinin deyilmi? Və ümumiyyətlə, pulu kim verirsə, “mahnı”nı da o sifariş etmirmi?

Yeri gəlmişkən, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan tam yarısı AFFA-dan maliyyələşir. Bunlar “Neftçi”, “Keşlə”, “Səbail” və “Sumqayıt”dır. Bu komandalarda klub prezidentindən tutmuş, mətbuat xidmətinin rəhbərinə kimi, federasiyadan təyin olunur. Məsələn, iki il əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı hesab olunan Kamran Quliyev “Sumqayıt”ın prezidenti postundan “Neftçi”yə eyni vəzifəyə göndərilib. “Səbail” klubunun mətbuat xidmətinin rəhbəri olan Törə Əhmədova isə AFFA-da da çalışır. “Səbail” AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin nəzarətindədir. O, hələ 2016-cı ildə, komanda 1-ci divizionda çıxış edərkən klubun Müşahidə Şurasının sədri seçilmişdi. Düzdür, sonradan Abdullayev tutduğu postdan getdi. Amma o, həmin dövrdə verdiyi açıqlamada kluba nəzarəti davam etdirəcəyini də bildirmişdi:

“Səbail” klubu ilə vidalaşdım. Aydın məsələdir, səbəblər də bəllidir. Klubun yeni Müşahidə Şurası hələ qurulmayıb. Müşahidə Şurası formalaşdıqdan sonra yeni sədr seçiləcək. Mən də hər zaman təsisçi kimi

“Səbail”

in yanında olacam”.

Belə… Bir ölkənin futbol üzrə əsas çempionatında 8 komanda mübarizə aparırsa, o komandalardan yarısı AFFA tərəfindən maliyyələşdirilirsə, həmin çempionata maraq niyə olmalıdır? Kim özünün qiymətli vaxtından 90 dəqiqəni ayırıb, eyni cibdən maliyyələşən iki komandanın oyununa baxmaq istər?

72853441_781612502294492_4741478508478332928_n.jpg
“Səbail” AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin nəzarətindədir.


Biabırçı şəkildə pozulan reqlament

Reqlamentə, futbol qaydalarına görə, iki və daha çox sayda klubun eyni mənbədən maliyyələşməsi qəti şəkildə qadağandır. Bu, futbolun az qala təməl prinsiplərindən biridir. Bu prinsip olmasaydı, onda “Barselona”, “Real” kimi klubların İspaniyada ikinci komandaları sayılan “Barselona B” və “Kastilya”ya çoxdan La Liqaya yüksəlməyə icazə verilərdi. Amma belə bir icazə də, qayda da yoxdur.

Bəs onda AFFA necə olur ki, birbaşa özünün maliyyələşdirdiyi 4 komandanı eyni çempionatda oynada bilir? Bu, əlbəttə, reqlamentin pozulması, futbolun prinsiplərini tapdalamaq, başqa sözlə desək, idmanın şah növünə qarşı cinayətdir. AFFA bu məsələdə FİFA-nı, UEFA-nı aldadır. Federasiya rəhbərliyi ölkə içində bütün addımlarını açıq şəkildə atır: istədiyini istədiyi kluba prezident, mətbuat xidmətinin rəhbəri təyin edir. Amma çox güman ki, FİFA və UEFA-nın bütün bunlardan xəbəri olmur, AFFA beynəlxalq futbol təşkilatlarını aldadır.

Məsələnin eybəcər tərəflərindən biri odur ki, AFFA son illərdə birinci divizionda qalib olmuş komandaların Premyer Liqaya çıxmasına icazə vermir. Səbəb olaraq onu göstərirlər ki, bu komandalar lisenziyalaşdırmanın tələblərinə cavab vermirlər. Yaxşı, bəs onda Premyer Liqada 4 klubun eyni təşkilatdan – AFFA-dan maliyyələşməsi hansı “tələb”ə sığır? Bu, birmənalı olaraq reqlamentin kobud, biabırçı şəkildə pozulmasıdır!


Ermənilərdən də, gürcülərdən də geridəyik

İndi isə gəlin, keçmiş postsovet ölkələrinin çempionatlarına göz gəzdirək. Görək, keçmiş “qardaşlarımız” arasında bizim kimi 8 komandalı futbol çempionatı izləməyə məhkum neçə ölkə var.

Rusiya Premyer Liqasında komanda sayı 16-dır. Elə Belarusun əsas futbol çempionatında da 16 komanda mübarizə aparır. “Dinamo”, “Şaxtyor” kimi klublara sahib Ukraynanın yüksək liqasındakı komandaların sayı 12-dir. Bir çox sahədə, xüsusilə də, idmanda rəqabətdə olduğumuz Ermənistanın bizimki kimi Premyer Liqa adlandan çempionatında 10 klub çıxış edir. Elə qonşu Gürcüstan çempionatında da komanda sayı 10-dur. Son illərdə futbolu xeyli inkişaf etmiş Qazaxıstanın Premyer Liqasında 12 klub azarkeşləri əyləndirməyə çalışır.

Baxıb təsəlli tapa biləcəyimiz ölkə Moldovadır. Bu ölkənin əsas futbol çempionatında bizdə olduğu kimi, 8 komanda var. Moldova futbolu bir neçə ildir ki, enişdədir, klubları sponsor tapmaqda çətinlik çəkir. Ən vacibi, Moldova bizim kimi neft ölkəsi deyil, futbol federasiyasının illik büdcəsi 25 milyon manata çatmır. Hə, bir də, Moldovada “2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramı” qəbul edilməyib…

74468111_527599568017161_412863833091080192_n.jpg
Görək, keçmiş “qardaşlarımız” arasında bizim kimi 8 komandalı futbol çempionatı izləməyə məhkum neçə ölkə var.
Ana səhifəAnalitikaGürcüstandan və Ermənistandan geri qalan Azərbaycan Premyer Liqası