Jamnews-un materialı
Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə yeni dəyişikliklər ediləcək. İndi etiraz aksiyalarında ilk dəfə aşağıdakı hallara görə vətəndaşlar 15 sutkayadək inzibati həbslə cəzalandırıla biləcəklər:
— üzün bağlanması və ya maska taxılması;
— gözyaşardıcı qazın və/və ya zəhərli maddələrin saxlanması;
— yolun bağlanması və ya müvəqqəti qurğuların (baryerlərin, çadırların və s.) quraşdırılması.
Yuxarıda sadalanan hərəkətlərin təşkilatçısı və ya təşəbbüskarı olan şəxsləri 20 sutkayadək inzibati həbs gözləyir.
Bunda əlavə, parlament çoxluğunda təmsil olunan “Gürcü Arzusu” fraksiyasının lideri İrakli Kirtsxaliyanın sözlərinə görə, etiraz zamanı silah, pirotexnika və ya oxşar əşyaların saxlanmasına, həmçinin Daxili İşlər Nazirliyinin aksiyanın dayandırılması barədə tələbinə tabe olmamağa görə 60 sutkayadək həbs nəzərdə tutulacaq.
Qanunla qadağan edilmiş hərəkətlərin təkrar törədilməsi bir ilədək cinayət məsuliyyəti daşıyacaq.
Əgər bu hallar təkrar olunarsa, iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Həmçinin Cinayət Məcəlləsinə yeni bir maddə əlavə ediləcək. Bu maddə polis əməkdaşını təhqir etməyə və ya onun qanuni tələbinə tabe olmamağa görə cinayət məsuliyyəti müəyyən edəcək.
Bu halda cəza bir ilədək azadlıqdan məhrumetmə, təkrar hal zamanı isə iki ilədək həbs olacaq.
Hazırda qüvvədə olan norma aşağıdakı kimidir:
— polis tələbinə tabe olmamaq 2000–5000 lari məbləğində cərimə və ya 60 sutkayadək inzibati həbslə cəzalandırılır;
— polis əməkdaşına təhqiramiz ifadələr işlətmək, söymək və ya nalayiq davranış göstərmək 2000–5000 lari cərimə və ya 60 sutkayadək həbslə nəticələnir;
— bu iki xətanın təkrar törədilməsi halında isə 3500–6000 lari cərimə və ya 7–60 sutka arası inzibati həbs tətbiq olunur.
Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra bu əməllər təkrar törədildiyi halda artıq cinayət hesab ediləcək və bir ilədək azadlıqdan məhrumetmə, bir daha təkrar olunduğu halda isə iki ilədək həbs cəzası ilə nəticələnəcək.