Gürcüstanda daha əvvəl də bir çox ictimai-siyasi fəal oxşar təzyiqlərlə qarşılaşıb
Gürcüstanda yaşayan azərbaycanlı hüquq müdafiəçisi Nemət Abbasov bildirib ki, naməlum şəxslər tərəfindən izlənilir.
Nemət Abbasov danışır ki, 2024-cü il dekabrın 4-də hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən bir gün sonra o, Meydan TV-yə Azərbaycandakı repressiyalar və insan hüquqları ilə bağlı müsahibə verib.
Müsahibənin yayımlanmasından bir neçə gün sonra onun bütün sosial şəbəkə və şəxsi hesablarına qarşı kiber müdaxilə cəhdləri başlayıb:
“Əvvəldən bu cür cəhdləri gözləyirdim, kibertəhlükəsizliyə riayət etdiyim üçün bu müdaxilələr uğursuz oldu”.
2025-ci ilin yanvarında isə hadisələr daha təhlükəli mərhələyə keçib. Abbasov bildirir ki, yanvarın ilk həftələrində onun yaşadığı ərazidə daha əvvəl görmədiyi şəxslər dəfələrlə ona yaxınlaşaraq Azərbaycan dilində təqib xarakterli suallar veriblər:
“Haralısan? Niyə Gürcüstana gəlmisən? Harada qalırsan?”
Bu dialoqları üç dəfə fərqli şəxslərlə yaşadığını deyən hüquq müdafiəçisi həmin ərazidən köçmək məcburiyyətində qalıb.
2025-ci il martın 30-da baş verən hadisə isə onun təqib olunduğuna dair şübhələrini gücləndirib. Abbasov dostu ilə küçədə söhbət etdiyi zaman qarşı tərəfdə dayanan bir şəxsin onları müşahidə etdiyini və telefonla görüntü almağa çalışdığını sezib. O, həmin istiqamətə doğru getməyə başlayanda həmin şəxs də tələsməyə başlayıb və sonda qaçaraq yoxa çıxıb:
“Onun hərəkətləri, qaçmağı məndə artıq əminlik yaratdı ki, bu təsadüf deyil. Arxasınca dəfələrlə səslənsəm də o, dayanmadı”.
Hadisənin ertəsi günü həmin əraziyə qayıdan Abbasov müşahidəni dəqiqləşdirməyə çalışsa da, nəticə əldə edə bilməyib.
O xatırladır ki, Gürcüstanda daha əvvəl də bir çox ictimai-siyasi fəal, hüquq müdafiəçisi və jurnalist oxşar təzyiqlərlə qarşılaşıb:
“Azərbaycan hökumətinin xaricdəki tənqidçiləri izləməsi, onlara planlı şəkildə təsir göstərməsi uzun müddətdir aktual mövzudur”.
Nemət Abbasov həmçinin Azərbaycan rəhbərliyinin — xüsusilə Prezident İlham Əliyevin — dəfələrlə xaricdəki fəallara ünvanladığı təhdid dolu çıxışlarını xatırladır:
“Onlar cavablarını alacaqlar” ritorikası ilə səsləndirilən bu çıxışlar, ölkə daxilindəki repressiv siyasətin xaricdəki fəallara da şamil edildiyini göstərir”.
Gürcüstanda azərbaycanlı fəallar, xüsusilə mühacirətdə olanlar, təhdidlərlə üzləşirlər. Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq Azərbaycana aparılıb və həbs edilib. Bir neçə gün əvvəl azadlığa çıxan Əfqan Sadıqov Azərbaycanın tələbi ilə Gürcüstanda həbs edilmiş, ölkəyə ekstradisiyası tələb edilmişdi.
Azərbaycanda media mühiti məhdudlaşdırılıb və dissidentlərə qarşı repressiya artıb, bu da “Freedom House”un bir neçə hesabatında qeyd olunub. Hesabatda yazılır ki, repressiya ölkə sərhədləri ilə məhdud qalmır, Gürcüstan və Avropadakı fəalları, jurnalistləri və müxalifət nümayəndələrini də hədəfə alır.