Gürcüstanda siyasi etirazlar tüğyan edir

“Parlament sədrinin kreslosunu cənab Qavrilov tutub. Bu adamın bioqrafiyasında onun müharibə zamanı Abxaziyada olduğu deyilir. O, şübhəsiz ki, orda turist kimi olmayıb”, – Kandelaki bəyan edib.

Source: JAMnews



Gürcüstanın müxalif siyasətçiləri və fəalları parlament spikeri İrakli Kobaxidzenin təcili istefasını təkid edirlər. Onların çoxu hökumətin qeyri-rəsmi rəhbəri, milyarder Bidzina İvanişvilinin hakimiyyətdən uzaqlaşmasını da tələb edir. Ölkəni oliqarxdan azad etmək tələbini təkcə siyasi mübarizə yoldaşları deyil, yaxın keçmişdəki opponentlər də səsləndirirlər. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanda baş verənləri Moldovadakı konstitusiya böhranı ilə müqayisə edib.

Etirazlara səbəb Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirdiyi iclas olub. Siyasətçilərin və dini şəxslərin beynəlxalq təşkilatı olan bu assambleyada Rusiya liderlərdən biri sayılır. Tədbir Tbilisidə, Gürcüstan parlamentinin iclas zalında keçirilməli idi. Sessiyanı Parlamentlərarası Pravoslav Assambleyasının nümayəndəsi və Dövlət Dumasının Vətəndaş cəmiyyətinin inkişafı üzrə komitəsinin rəhbəri Sergey Qavrilov açıb. Qavrilov həmin vaxt parlament sədrinin kreslosunda oturub ki, bu da bir qrup deputatın etirazına səbəb olub. Nəticədə onlar iclası pozublar.

Vahid Milli Hərəkat və Avropa Gürcüstanı Partiyasının müxalifətçiləri parlament tribunasını tutaraq, Rusiya deputatlarının iclas zalını dərhal tərk etməsini tələb ediblər.

“Bu şəxslər bayıra çıxarılmasalar, biz adamları toplayacağıq, özü də küçədə, parlamentin qarşısında deyil, düz bu zalda”, – “Milli hərəkat”ın nümayəndəsi, deputat Salome Samadaşvili tribunadan bəyan edib.

Digər müxalif partiyanın, Avropa Gürcüstanı Partiyasının nümayəndəsi, deputat Giorgi Kandelaki Sergey Qavrilovun çıxışını “Gürcüstan parlamenti üçün təhqir” adlandırıb.

“Parlament sədrinin kreslosunu cənab Qavrilov tutub. Bu adamın bioqrafiyasında onun müharibə zamanı Abxaziyada olduğu deyilir. O, şübhəsiz ki, orda turist kimi olmayıb”, – Kandelaki bəyan edib.

Parlamentarilərdən bəzisi PPA-nın sessiyasının davam etməsini israr edib. Bununla bağlı deputat Ada Marşaniya daha fəal olub. Onun təmsil etdiyi Patriotlar Alyansı Partiyası qərb əleyhinə aşkar mövqesi ilə tanınıb.

Nə qədər paradoksal olsa da, hakimiyyət nümayəndələri müxalifətin qəzəbinə tamamilə həmfikir olub. Hakim Gürcü Arzusu Partiyasının lideri milyarder Bidzina İvanişvili, – Gürcüstanda onu ölkənin qeyri-rəsmi rəhbəri adlandırırlar, – baş verənləri “protokol səhvi” adlandırıb, kreslosuna görə fırtına qopan parlament sədri isə “ağır mənzərə”yə Gürcüstanda olmadığı üçün reaksiya verə bilmədiyini söyləyib.

Assambleya nümayəndələri parlament binasını dövlət mühafizə xidmətinin müşayiəti altında tərk ediblər. Onlar yaxınlıqdakı otelə yerləşdiriləndən az sonra tikilini jurnalistlər və fəallar dövrəyə alıblar. Etiraz edənlər rusiyalı deputat Sergey Qavrilovdan üzr istəməsini tələb ediblər. Fəallar Qavrilovun gürcü-abxaz münaqişəsi zamanı hərbi döyüşlərdə iştirak etdiyini deyiblər və bu hərəkəti ilə Gürcüstan qanunvericiliyini pozduğu üçün ölkədə olmağa haqqı çatmadığını bəyan ediblər.

Tbilisidə etiraz edirlər – rusiyalı deputat Gürcüstan parlamentinin spikerinin kürsüsünə oturub

Qavrilov gürcü telekanallarına verdiyi qısa müsahibədə onun çıxışına mane olan parlamentariləri xuliqan adlandırıb və Abxaziyada döyüşmədiyini, sülhməramlı missiya ilə olduğunu bəyan edib.

Etirazlar, demək olar ki, günboyu davam edib: axşam nümayəndələr mehmanxanadan çıxanda etiraz edənlərlə polislər arasında toqquşma baş verib.

Axşam saat altı radələrində Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb. Bu aksiyanın əsas tələblərini Rustavi-2 televiziya şirkətinin efirində Avropa Gürcüstanı müxalif partiyasının liderlərindən biri Qiqa Bokeriya səsləndirib:

“Parlament spikeri ən azından dərhal vəzifəsindən azad edilməlidir. Lakin toplaşanların əsas vəzifəsi Bidzina İvanişvilini dinc yolla hakimiyyətdən uzaqlaşdırmaqdır”.

Günboyu müxtəlif gürcü müxalif siyasətçilər “İvanişvilini uzaqlaşdırmaq” çağırışlarını səsləndirib; özü də bu cür bəyanatları təkcə mübarizə yoldaşları deyil, həm də siyasi opponentlər edib. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də bəyanat verib. O, Gürcüstanda baş verənləri Moldovoda yaxın keçmişdə yaşanan konstitusiya böhranı ilə müqayisə edib. Həmin böhranın nəticəsində yerli oliqarx Vlad Plaxotnyuk siyasi arenadan getməli olub.

“İvanişvili rejiminə son qoyulmalıdır, – Saakaşvili “Rustavi-2” televiziya şirkətinə verdiyi müsahibədə söyləyib, – bu yaxınlarda Moldovada da eyni vəziyyət yaranmışdı, amma orda oliqarxdan yaxa qurtara bilmişdilər”, – o əlavə edib.

Gürcüstan parlamenti qarşısındakı aksiya hazırda davam edir.

Ana səhifəDünyaGürcüstanda siyasi etirazlar tüğyan edir