Bir il əvvəl, dollar 1.65 olanda yerli məhsul olan 500 qramlıq qatığı 1 lari 65 tetreyə alırdım. Yani o vaxtın kursu ilə bir dollara. Bu günlərdə həmin qatığı 1 lari 35 tetreyə almağa başladım. Kartofun kilosu necə 80 tetre, 1 lari idisə (iriliyindən-xırdalığından asılı olaraq) eləcə də qalıb. Soğan standart 1 laridir. Narıngi (mandarin), alma, nar iriliyindən-xırdalığından asılı olaraq 1-3 lari arasındadır Yəni dollar qalxdı, amma yerli məhsullar nəinki qalxmadı, hətta bəziləri daha da ucuzlaşdı.
Əslində, bu məlumatları oxuculara infoqrafika-filan şəklində çatdırmaq daha uyğun olardı. Amma iyirmi birinci əsrin əvvəllərində, texnologiyanın işıq sürətilə inkişaf etdiyi bir zamanda, şair hələ də bilgisayarda, əlinin altındakı texniki imkanlardan xəbərsiz olduğuna görə, yenə gücüm əlahəzrət mətnə çatır.
Artıq neçə müddətdir, bahalaşma təlaşı insanlarımızı bürüyüb. Bakıdakı dost-tanışlardan aldığım, saytlardan oxuduğum, sosial şəbəkələrdən gördüyüm qədərilə, demək olar ki, bahalaşmayan şey qalmayıb. Bir ildən artıqdır, yaşadığım Gürcüstanda da devalvasiya prosesi gedir. Məsələn, biz bura gəldiyimiz ay dollar 1.65 lari idi. Bir il ərzində bu məzənnə gəlib 2.4 oldu. Yəni, təxminən 40 fazidən artıq (riyaziyyatçılar daha yaxşı hesablaya bilərlər).
Bəs, bu qədər devalvasiyanın fonunda, qiymətlər bizdəki kimi fantastik dərəcədə qalxdımı? Bilmirəm. Sadəcə bir neçə nümunə verəcəm ki, iqtisadiyyatı, riyaziyyatı yaxşı bilənlər hesablasın. İqtisadiyyatı, riyaziyyatı yaxşı bilməyənlər, amma Bakı və digər bölgələrimizdəki bahaçılıqdan əziyyət çəkənlər isə Tiflis avtobusuna 10, 8, 7, 5 manat (uzaqığından asılı olaraq) verib, gəlib bazarlğı buradan edib, getsinlər. Həm bazarlıq edərsiniz, həm də belə gözəl və qədim şəhərdə bir gün gəzmək imkanınız olar.
Ərzaq.
Deməli, başlayaq yerli məhsulardan. Bir il əvvəl, dollar 1.65 olanda yerli məhsul olan 500 qramlıq qatığı 1 lari 65 tetreyə alırdım. Yani o vaxtın kursu ilə bir dollara. Bu günlərdə həmin qatığı 1 lari 35 tetreyə almağa başladım. Kartofun kilosu necə 80 tetre, 1 lari idisə (iriliyindən-xırdalığından asılı olaraq) eləcə də qalıb. Soğan standart 1 laridir. Narıngi (mandarin), alma, nar iriliyindən-xırdalığından asılı olaraq 1-3 lari arasındadır Yəni dollar qalxdı, amma yerli məhsullar nəinki qalxmadı, hətta bəziləri daha da ucuzlaşdı.
Ət və ət məhsulları
. Forel və karp balıqların kilosu əvvəl 7-9 lari idi, indi 10-11 manata qalxıb – yəni bir il ərzində 50 qəpik. Qoyun ətinin kilosu 13-15 lari, mal əti 10-12 lari arasındadır, baxır hardan, hansı bazardan alırsınız. Marketlərdə təbii ki, 3-4 lari baha olur. Və ət daha glamour görünür. Gürcüstanın yerli istehsalı olan kolbasa və sosislər olduqca dadlıdır. Sosislərin kilosu 5 laridən başlayır. 17-19 lariyə qədər davam edir. Dadından, keyfiyyətindən aslılı olaraq. Kolbasalar da fərqlidir və təxminən bu civardadır. Amma daha bizim yerli məhsullar kimi doğrayanda salfet, karton əzməsi görünmür. Rəngi toxdur, dadı əladır.
Siqaret.
Siqaret çəkən deyiləm, aradabir Bakıya yaxınlara göndərirəm. Kent 2 lari 60 tetre ya da 3 laridir, Chesterfield 2 lari 60 tetre, Marlboro 4-5 lari.
Spirtli içkilər.
Yerli araq və şərablar Avropa şərabları ilə müqayisədə bahadır. Keyfiyyətlərini, dadlarını nəzərə alsaq, şüşə qablaşdırmadakı şərablar bir qədər bahadır. Amma burda mərkəzdəki dükanlardan litri 9-11 lariyə çox dadlı “kindzmarauli” şərabı almaq mümkündür. Digər, daha bol üzüm növlərindən daha asan texnologiya ilə hazırlanan şərabların litrini 3-5 lariyə də almaq mümkündür. Eyni dükanlardan. Bazarlardan daha ucuz almaq olar. 5 litrlik şərab qabını 15-20 lariyə ala bilərsiniz. Təbii ki, əla növ deyil, amma keyfiyyətini aşağı da hesab etmək olmaz. Baxır zövqünüzə.
Geyim.
Geyim məsələsi fərqidir. Yenə haradan, hansı dükandan, hansı markadan almağından asılıdır. Məsələn, mən son il yarımda “Prostokvaşinoda tətil” sovet cizgi filminin qəhramanı Dyadya Fyodorun anası kimi 4 don almışam (biri işküzar, biri gündəlik, 2-si gecə) hamısına bir yerdə heç 500 lari (200 dollar) çıxmadı. Onu da qeyd edim ki, mərkəzdəki, bir az baha hesab olunan dükandan almışam, yəqin ki, həvəs göstərib daha kənarlara getsəydim, daha ucuz ala bilərdim. 100-120 (50 dollar) lariyə bir neçə keyfiyyətli, qəşəng köynək, kofta, ətək almaq mümkündür.
Uşaq paltarı.
Hər üç aydan bir, fəsildən fəsilə oğluma dəyişək alıram. Ev-çöl ayaqqabısı, bir neçə dəst ev-çöl paltarı, gecə pijamaları, corablar, papaqlar və s. hamısı 400-500 lari tutur, yəni hardasa 200 dollar.
Əlbəttə ki, daha çox şeyin qiymətini yaza bilərəm.Amma ən əsaslarını və tez-tez aldığımdan qiymətlərini yaxşı bildiklərimi yazdım. Sizə uğurlu bazarlıqlar.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…