Gürcüstanda prezident seçkiləri. Niyə hakimiyyət vətəndaş müharibəsi haqda danışır?

Bir də onlar bildirirlər ki, larinin məzənnəsi düşəcək. Hökumətyönlü kanal isə ümumiyyətlə fövqəladə rejimə keçib. Nə baş verir?

Source:
Foto: JAMnews
Foto: JAMnews


Oktyabrın 28-də Gürcüstan tarixində ilk dəfə birinci turda prezident seçkisi mümkün olmadı. İkinci tur



 dekabrın 2-ə



qədər keçiriləcək, dəqiq tarix hələlik məlum deyil.


İntriqa böyükdür. Rəqiblərin səsləri birinci turda demək olar ki, bərabər bölünüb – Salome Zurabişvili (hakimiyyətin namizədi) 38,4, Qriqol Vaşadze isə 37,73 faiz  səs toplayıb. Yeni konstitusiyaya əsasən, Gürcüstanda prezident nominal fiqurdur və ölkə idarəçiliyində xüsusi rol oynamır, amma yenə də çox mühüm siyasi fiqur olaraq qalır. Ən əsası isə baş tutmuş səsvermə iki il sonra keçiriləcək və Gürcüstan hakimiyyətinin müəyyənləşəcəyi parlament seçkiləri üçün baş məşqdir.


Ölkə artıq ən dramatik və ağır seçkiqabağı kampaniyaya şahidlik edir.


Əsas məsələ bu ay ərzində kimin – iqtidar partiyasının, yoxsa müxalifətin daha çox seçici səsini cəmlışdirə biləcəyindədir.


Hakimiyyət artıq özü üçün yeni seçkiqabağı strategiyanı müəyyənləşdirib – onlar əhalini qorxutmağa üstünlük verəcəklər – artıq beşinci gündür ki, hakimiyyət nümayəndələri Gürcüstanda qara günlərin başlayacağı, vətəndaş müharibəsinin, xaosun olcağı, dolların məzənnəsinin isə üç dəfə yüksələcəyi  haqda danışırlar.

İkinci tura hakimiyyətin dəstəklədiyi və keçmiş baş nazir Bidzina İvanişvilinin şəxsən seçdiyi namizəd – 66 yaşlı Salome Zurabişvili və “Güc birlikdədir” müxalifət koalisiyasının nümayəndəsi, eks-prezident Mixail Saakaşvilinin “Milli Hərəkat” Partiyasının üzvü, eyni zamanda Saakaşvilinin şəxsi seçimi – 60 yaşlı Qriqol Vaşadze çıxıb.

Hər ikisi keçmişdə, Saakaşvili hakimiyyəti zamanı xarici işlər naziri olub.

Hər iki namizəd birinci turda demək olar ki, oxşar nəticə göstərib. Ümumiləşdirib, müxalif namizədlərin topladıqları səsləri birlikdə hesabladıqda isə ölkənin bütün iri şəhərlərində seçkiləri uduzan hakimiyyət namizədinin sarsıdıcı məğluiyyətə uğradığını demək mümkündür.

Psixoloji üstünlük açıq-aşkar müxalifətdədir. Bundan başqa, ikinci turda Vaşadze digər müxalif partiyaları dəstəkləyən seçicilərin səslərinə də ümid edə bilər. Seçkidə 11 faizə qədər səs toplayan böyüklüyünə görə ikinci müxalif partiya – “Avropa Gürcüstanı” [Saakaşvili ilə 2016-cı ilin sonunda yaşadıqları ziddiyyət nəticəsində “Milli Hərəkat”dan qopanlardan ibarərdir — JAMnews] artıq öz tərəfdarlarını ikinci turda Vaşadzeyə səs verməyə çağırıb.

Bu cür ssenariyə hazırlaşmayan və ilk turda qalibiyyətə əmin olan iqtidar partiyasının daxilində vəziyyət xeyli daha ağırdır. Seçki məntəqələri bağlanandan sonra Zurabişvilinin qərargahında artıq qələbə bayram edilirdi. MSK-dan ilk nətəcələr gələndə əhval kəskin dəyişdi. Qərargahda işlərin bu cür gedişatına hazır olmadıqlarındandır ki, növbəti üç gün ərzində Zurabişvili jurnalistlərdən hər vəchlə gizləndi və seçki nəticələrini şərh etmədi. Hətta onun ikinci turdan imtina edəcəyi haqda da danışılırdı.

Amma bu baş vermədi – üçüncü gün Zurabişvili mətbuat konfransı keçirdi və mübarizə aparacağını bildirdi.


İqtidar partiyasının strategiyası

Hazırda qəza rejimində çalışan hakimiyyət ümid edir ki, “əhali Saakaşvilinin qayıdışı təhlükəsinin real olduğunu görüncə, səfərbər olacaq, seçkiyə gəlib Zurabişviliyə səs verəcək”. Bütünlüklə müxalif “Milli Hərəkat”ın ətrafında dolanan iqtidar partiyasının əsas seçkiqabağı taktikası məhz budur.

Bu strategiyanın işə yaraması üçün “Gürcü arzusu” ilk növbədə əhalini inqilabla, sabitliyin pozulması və xaosla qorxutmağa başlayıb. İqtidar nümayəndələrinin sözlərinə görə, müxalifətçi namizəd qələbə qazanarsa, bütün bunlar qaçılmaz olacaq.


“Əgər Vaşadze seçkidə qələbə qazansa, bu, Gürcüstanda vətəndaş müharibəsinin başlaması istiqamətində real addım olacaq”, –

“Gürcü arzusu” partiyasından olan deputat Gedevan Popxadze deyib.

Hakimiyyətin mesajlarından biri də Mixail Saakaşvilinin bağışlanaraq ölkəyə qaytarılmasının mümkünlüyü ilə bağlıdır.

Ədliyyə naziri Teya Tsulukiani bəyan edib ki, Vaşadze prezident kürsüsü uğrunda yox, Saakaşvilini əfv etmək hüququ uğrunda mübarizə aparır.

Deputatlar da ehtimal edirlər ki, qələbə qazandığı təqdirdə Vaşadze zorakılıq və vəzifə səlahiyyətləini aşdıqları üçün məhkum edilən keçmiş məmurları da əfv edəcək [söhbət keçmiş daxili işlər naziri Vano Merabişvili və keçmiş müdafiə naziri Baço Axalyadan gedir — JAMnews].


“Əlbəttə, bütün bunlar sonradan Saakaşvili üçün problem təşkil edən siyasi rəqiblərin məhvinə yönəldiləcək”, – Popxadze bəyan edib və bu “faşist qüvvəsinin” hakimiyyətə qayıtmasına imkan verməmək üçün birliyə dəvət edib.

[Bu arada qiyabi olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Saakaşvili bəyan edib ki, Vaşadzenin prezident seçiləcəyi təqdirdə o, əfv olunmağını istəmək niyyətində deyil. Məhbəsdə cəza çəkən Bako Axaliya da analoji bəyanat səsləndirib — JAMnews].

Ədliyyə Şurasının üzvü Anna Dolidze də eyni bəyanatla çıxış edib. Əlavə olaraq o, “hakimiyyətə Vaşadze gələrsə dolların 6,70 lari olacağını” da proqnozlaşdırıb [indi dolların məzənnəsi 2,47 laridir. 2012-ci ildə isə 1,67 lari idi — JAMnews].

“Gürcü arzusu” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili isə hətta fiziki olaraq mübarizə aparmağa, “ilk əsgər olmağa” və ölkəni “bu satqınlardan, işgəncə verənlərdən və insanlara nifrət edənlərdən” qorumağa hazır olduğunu da bildirib.


“Bir tərəfdə əhalinin yerinə yetməmiş arzusu dayanır, ikinci tərəfdə isə bəlkə o qədər də ideal olmayan hakimiyyət, amma sülh, təhlükəsizlik və ölkənin inkişafı. Bu vəziyyətdə mən əminəm ki, biz qələbə qazanacağıq”, – Sesiaşvili bildirib.

Parlament çoxluğunun üzvü Qiya Volski əmindir ki, oktyabrın 28-də “Gürcü arzusunun” bir çox üzvləri səsverməyə gəlməyib, çünki istənilən halda Zurabişvilinin qələbə qazanacağını düşünüblər.


“Amma indi onlar görəndə ki, Saakaşvlinin qayıdışı realdır, o zaman səfərbər olacaqlar, seçkiyə gələcəklər və qələbə bizimlə olacaq”, – o deyib.

Müxtəlif siyasi tok-şoularda iştirak edən və xalqı Zurabişvilinin namizədliyi ətrafında birləşməyə çağıran hökumətyönlü ekspertlərin, ictimaiyyət nümayəndələrinin və mədəniyyət xadimlərinin də ritorikası eynidir.

Hakimiyyətlə birlikdə “İmedi” telekanalı da fövqəladə iş rejiminə keçib. Mərhum oliqarx Badri Patarkatsişvilinin ailəsinə məxsus olan bu kanal bu gün hakimiyyətin əsas təbliğat maşınıdır.

Birinci turdan sonra teleşirkətin sahibi və kollektivi bəyan etdi ki, ölkənin maraqlarından çıxış edərək, “İmedi” xüsusi iş rejiminə keçir və açıq şəkildə əhalini müxalif namizədə səs verməyə inandıracaqlar.

Başqa bir hökumətyönlü media resursu – Post TV-nin Facebook səhifəsində paylaşdığı videoda alkoqol istehsal edən müəssisənin əməkdaşları faciəvi sifət ifadələri ilə ikinci tura qədər zavodu bağladıqlarını, hamısının regionalara gedərək Salome Zurabişvilinin təbliğatı ilə məşğul olacaqlarını, “vətəni xilas edəcəklərini və qanlı Saakaşvili rejiminin geri qayıtmasına imkan verməyəcəklərini” bildirirlər.

(embedded content removed)

Vaşadzinin seçkiqabağı kampaniyasına müxtəlif zamanlarda Berni Sanders, Barak Obama, həmçinin Kseniya Sobçak və Dmitri Qudkovun seçki qərargahında çalışmış Amerika, Almaniya və Rusiyada siyasi müşavir və  pollittexnoloq kimi tanınan Vitali Şklyarovun rəhbərlik etməsi faktı ona qarşı kompromata çevrilib.

Birinci turdan sonra hakimiyyət öz kampaiyasını Vaşadzenin FTX ilə əlaqəsi olan rusiyayönlü siyasətçi olması üzərində qurmaq qərarına gəlib [Vaşadze “MQİMO” məzunudur, 80-ci illərdə SSRİ XİN-də çalışıb].


“Mən Vətəni Rusiyaya verməyəcəm”, – Salome Zurabişvili bəyan edib. Halbuki avqust müharibəsi ilə bağlı səsləndirdiyi fikrinə görə onun özünü də rusiyayönlü ritorika ilə çıxış etməkdə



günahlandırırlar



.


Müxalifətin strategiyası

Gürcüstanın müxalifəti dəstəkləyən digər “yarımkürəsində” tamamən başqa reallıq hökm sürür.

Müxalif “Rustavi-2” telekanalı da seçkiqabağı kampaniyada hərtərəfli iştirak edir.

Vaşadzenin və onun seçki qərargahının əsas vəzifəsi əksər müxalif səsləri səfərbər etməkdir. Onlar bunu mütəmadi olaraq ölkədəki ağır iqtisadi durumu və hər şeyin ölkənin qeyri-formal lideri, keçmiş baş nazir Bidzina İvanişvilinin əlində mərkəzləşdiyini xatırladaraq edirlər.

İkinci turda hətta “Milli Hərəkata” rəğbət bəsləməyənlər də müxalifətə səs vermək niyyətindədir:


“Adi seçkilərdə mən heç vaxt “Milli Hərəkata” səs verməzdim, amma bu qeyri-adi vəziyyətdir. Hakimiyyət qətiyyən xalqı dinləmir. İvanişvili hətta düşünür ki, ölkədə hər şey yaxşıdır və yalnız “Rustavi-2” suyu bulandırır. Onlara nə cürsə gedib çatdırmaq, demək lazımdır ki, əslində hər şey pisdir və İvanişvili burada istədiyi hər şeyi eləyə bilən çar deyil”, – 63 yaşlı pensiyaçı Marina deyir.


Saakaşvili əlaqədədir

Hazırkı hakimiyyətin geriyə dönüşündən bu qədər qorxduğu eks-prezident Saakaşvili hazırda Hollandiyada, həyat yoldaşının vətənində yaşayır. Amma yalnız fiziki anlamda.

Əslində isə Saakaşvili seçkiqabağı kampaniyada fəal iştirak edir – Facebook-da bir gündə bir neçə video paylaşır, seçicilərə müraciət edir və onları ikinci turda qələbəyə kökləyir.

Həmçinin onu mütəmadi olaraq “Rustavi-2” müxalif telekanalında görmək mümkündür.

Məsələn, seçki gecəsi Saakaşvilinin MSK-a müxtəlif məntəqələrdən daxil olan və müxalif namizədin liderlik etdiyini göstərən nəticələri şövqlə oxuduğunu əks etdirən video:

(embedded content removed)

Amma heç də hər kəs Saakaşvilinin bu fəallığına sevinmir.

Onu tənqid edənlər çoxdur, hətta müxalifət tərəfdarları arasında da. Onlar hesab edirlər ki, Saakaşvili Gürcüstanın dünənidir və onun fəallığı müxalifətə tərəfdarlarını birləşdirməyə yalnız mane olur.


“İnsanlar deyirlər ki, irəliləmək istəyirlər”

Gürcüstan Strateji Analiz Mərkəzinin direktoru Giorgi Ruxadze deyir ki, “İmedi” telekanalında siyasi tok-şouya baxıb və aparıcının “vətəndaş müharibəsi” ifadəsini 25 dəfə təkrarladığını sayıb.


“Onlar sadəcə birbaşa seçiciləri qorxudur və şantaj edirlər. Əgər hətta nəzəri cəhətdən stabilliyin pozulmasını mümkün saysaq da, bunun günahkarı müxalifət yox, ölkədə nizama görə cavabdeh olan hakimiyyət olacaq. Bu, hakimiyyətin seçkiqabağı mesajıdır, yəni biz məğlub olsaq, belə qorxunc şeylər olacaq”, – Ruxadze deyir.

Onun sözlərinə görə, Gürcüstanda cəmiyyətin kəskin qütbləşdiyini hazırda “İmedi”dən “Rustavi-2” kanalına çevirməklə anlamaq mümkündür. Amma Ruxadze əmindir ki, müxalifətin namizədi prezident seçiləcəyi təqdirdə heç bir vətəndaş müharibəsi təhlükəsi yoxdur.

“Gürcüstanın Gənc Hüquqşünaslar İttifaqı” nüfuzlu qeyri-hökumət təşkilatının rəhbəri Sulxan Saladze də hakimiyyətin bəyanatlarını məsuliyyətsiz hesab edir.


“Necə ola bilər ki, hakimiyyət nümayəndələri belə bəyanatlar səsləndirsin? Axı əgər ölkədə nəsə baş versə, bu ilk növbədə hakimiyyətin günahı olacaq”, – Saladze deyir.

“Bu, “Gürcü arzusunun” seçkidə məğlubiyyətinə isterik reaksiyası idi”, – müxalif Respublika Partiyasının sədri Xatuna Samnidze hesab edir.


“Seçkilərin nəticələrini analiz etmək və seçicilərin niyə onların namizədinə səs vermədiyini anlamağa çalışmaq əvəzinə onlar öz əhalisinə qarşı şantaj və hədə-qorxuya başladılar”.

Samnidzenin sözlərinə görə, Gürcüstanda insanlar qətiyyən qeyri-stabilliyə və inqilaba köklənməyib. O hesab edir ki, əksinə, illər keçdikcə seçici müdrikləşib:


“İnsanlar sakitcə gəlib seçkilərdə hakimiyyətin namizədinin əleyhinə səs verdilər. Bununla onlar bildirdilər ki, hakimiyyətin altı ildir ki, Saakaşvili və onun hakimiyyətinin necə pis olduğu ətrafında dolaşan ritorikası artıq onların zəhləsini töküb. Onlar irəliləmək istəyirlər, seçkilərdə də məhz bunu dedilər”.

Ana səhifəXəbərlərGürcüstanda prezident seçkiləri. Niyə hakimiyyət vətəndaş müharibəsi haqda danışır?