Batumi Şəhər Məhkəməsi Batumelebi/Netgazeti-nin təsisçisi və direktoru Mzia Amağlobelini iki il müddətinə azadlıqdan məhrum edib.
Jurnalist Cinayət Məcəlləsinin ictimai asayişin müdafiəçisi və ya digər dövlət qulluqçusuna qarşı müqavimət, hədə və ya zorakılığı nəzərdə tutan 353-cü maddəsi ilə təqsirli bilinib.
Mzia Amağlobeli ilk olaraq bu il yanvarın 12-də gecə binaya stiker yapışdırdığı üçün saxlanılıb.
Elə həmin gün sərbəst buraxılan jurnalist iki saat sonra polis məmurunun paltarının yaxasından çəkərək yanağından vurduğuna görə saxlanılıb.
Onun Batuminin polis rəisi İrakli Dqebuadzeni vurduğu iddia olunur.
Avqustun 4-də Mzia Amağlobeli məhkəmə iclasında yekun çıxış etmək hüququndan istifadə edib. Jurnalist Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə müraciət edərək bildirib ki, o, guya “Dərin Dövlət”in agenti olmaqda ittiham olunur.
“Məlum oldu ki, mənə məşqlərdə sillə vurmağı öyrədiblər – İrakli Kobaxidzeyə müraciət edirəm: polis zabitinin ləyaqətini alçaltmaq üçün Dərin Dövlətin “səylərinə” ehtiyac yoxdur: onlar özləri belə davranırlar”, – Amağlobeli çıxışında bildirib.
O qeyd edib ki, Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə vurulan sillə polis əməkdaşına hücum deyil.
“On nəfərə yaxın müstəntiq işi elə tikib məhkəməyə verdilər ki, mənə sual vermədilər, fikrimi soruşmadılar. Əgər müstəntiqlər peşəkar suallar versəydilər, qərəzli araşdırma aparmasaydılar, bu iş basqın tövsiyyəsi ilə məhkəməyə verilməzdi. İrakli Dqebuadze mənə 4 ildən 7 ilə qədər həbs cəzası verəcəyini bildirdi və prokurorluq ona dəstək oldu”, – Mzia Amağlobeli bildirib.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası Amağlobeli adından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
Jurnalist saxlanıldıqdan sonra 38 gün aclıq aksiyasına başlayıb və sonra dayandırıb.
Fevralın 7-də Amağlobeliyə Gürcüstan Ombudsmanının yaratdığı həkimlər qrupu baş çəkib və jurnalistin səhhəti ilə əlaqədar “Vivamed” klinikasında qalmalı olduğunu qeyd edib.
Onun həbsi ilə bağlı Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili “X” platformasında “Bu ədalət deyil, siyasi təqibdir, Mzia Amağlobeli onun ruhunu sındırmaq üçün sonsuz maneələrdən və qeyri-insani şərtlərdən keçir”, – deyə qeyd edib.
Helsinki Komissiyası bəyanatında bildirib ki, hakim “Gürcü arzusu” partiyası azad medianı sıxışdırmaqla öz korrupsiyasını və Gürcüstan xalqına qarşı cinayətlərini ört-basdır etməyə çalışır.
“”Gürcü arzusu” azad medianı sıxışdırmaqla öz korrupsiyasını və gürcü xalqına qarşı cinayətlərini ört-basdır etməyə çalışır. Onlar yanvar ayından siyasi motivli ittihamlarla məhkəməyə qədər həbsdə olan jurnalist Mzia Amağlobelini susdurmağa çalışıblar”, – bəyanatda deyilir.