Gürcüstanda partiyaların qadağan olunması haqqında qanun qəbul edildi

Gürcüstan, Tbilisi. Foto: Efired/shutterstock

Jamnews-un materialı

Hakim “Gürcü Arzusu” partiyası üçüncü oxunuşda partiyaların qadağan olunması haqqında qanun qəbul edib.

Qanun layihəsi sürətləndirilmiş qaydada müzakirə olunub və “Gürcü Arzusu”ndan olan prezident Mixeil Kavelashvili tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qanuna əsasən, Konstitusiya Məhkəməsi qadağan olunmuş partiya ilə əlaqəsi olan şəxsə aşağıdakıları qadağan edə bilər:

  • siyasi partiyanın üzvü olmaq;
  • partiya yaratmaq;
  • partiya orqanının üzvü olmaq;
  • partiyada vəzifə tutmaq;
  • seçkilərdə namizəd kimi iştirak etmək;
  • seçki orqanının üzvü olmaq və ya bu orqanda vəzifə tutmaq;
  • siyasi vəzifə tutmaq;
  • konstitusiya orqanına rəhbərlik etmək.

Sıralarında siyasi fəaliyyətlə məşğul olması və siyasi vəzifə tutması qadağan edilmiş şəxs olan partiya qeydiyyatdan keçə bilməyəcək. Belə şəxsi siyahısına daxil edən partiya isə cərimələnəcək.

Qanun layihəsi 31 mart 2025-ci il tarixində qeydiyyata alınıb. Buna qədər parlamentin keçmiş üzvü, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olan Mamuka Mdinaradze “Vahid Milli Hərəkatın” varisi olan partiyaların konstitusiyaya zidd elan edilməsi haqqında qanun layihəsinin təqdim olunacağını bəyan etmişdi.

“Gürcü Arzusu”nun təşəbbüsü ilə təqdim olunan qanun layihəsinə görə, “Vətəndaşların siyasi birləşmələri haqqında” qanunun 36-cı maddəsinə yeni 2-ci bənd əlavə ediləcək. Bu bəndə əsasən, Konstitusiya Məhkəməsi məqsədləri, fəaliyyəti və tərkibi “mahiyyət etibarilə” məhkəmə tərəfindən qadağan olunmuş partiyanın məqsədləri, fəaliyyəti və tərkibini təkrarlayan partiyanı qadağan edə biləcək.

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının fikrincə, “Gürcü Arzusu”nun ayrı-ayrı şəxslərin siyasi fəaliyyətini qadağan edən təşəbbüsü Gürcüstan Konstitusiyasına uyğun deyil. Təşkilatın qiymətləndirməsinə görə, partiya ilə əlaqəli şəxslərin siyasi fəaliyyətə qatılmasının qadağan edilməsi tamamilə qeyri-müəyyən və əsaslandırılmamış kollektiv məsuliyyət formasıdır və bu, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsinə ziddir.

Ana səhifəXəbərlərGürcüstanda partiyaların qadağan olunması haqqında qanun qəbul edildi