Gürcüstanda partiya sədri həbs olunub

İllüstrasiya: MeydanTV

Gürcüstanda müxalif Droa! partiyasının lideri və “Dəyişiklik Uğrunda Koalisiyası”nın üzvü Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Tbilisi meri Kaxa Kaladzenin seçki kampaniyasına aid bannerə zərər vurmaqda təqsirli bilinib.

Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze çıxarıb. Xoştariya nə hökm oxunarkən, nə də ümumilikdə məhkəmə proseslərində iştirak edib. O, məhkəmə də daxil olmaqla, hakimiyyətin heç bir qolunu tanımadığını bəyan etdiyi üçün iclaslara qatılmaqdan imtina edib.

Müxalifətçi siyasətçi 15 sentyabr 2025-ci ildə həbs olunub. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi — başqasının əmlakına əhəmiyyətli ziyan vurma ittihamı irəli sürülüb. Bu maddə cərimə və ya bir ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xoştariyaya qarşı qətimkan tədbiri kimi 5000 lari məbləğində girov müəyyən edilsə də, o, bu məbləği ödəməkdən imtina edib və hökm elan olunana qədər həbsdə saxlanılıb.

Hadisə 14 sentyabrda baş verib. Xoştariya seçki qərargahının qarşısında Kaxa Kaladzenin təsvir olunduğu banner üzərinə “Rus Arzusu” sözlərini yazıb. O, bu addımını sosial şəbəkələrdə yayımlayıb və eyni səbəbdən saxlanılıb sonradan girov qarşılığında azadlığa buraxılan Megi Diasamidze ilə həmrəylik nümayiş etdirib.

Xoştariyanın hökmə münasibəti onun “Facebook” səhifəsində paylaşılıb. O bildirib ki, həbsdə özünü yaxşı hiss edir və heç nəyə ehtiyacı yoxdur. Müxalif siyasətçi tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb.

O, həmçinin vurğulayıb ki, “Rusiya rejimi” adlandırdığı hakimiyyəti tanımır və bu mübarizənin doğura biləcəyi bütün çətinliklərə hazırdır:

“Rusiya rejimi ilə mübarizə aparanda, onu tanımadığınızda və daxilində olduğunuz mübarizəni başa düşdüyünüzdə, müəyyən çətinliklərə hazır olmamaq məsuliyyətsizlik olardı. Hətta bu fonda belə demək istəyirəm ki, Bidzina İvanişvilinin məni cəzalandırdığını düşünməsi həm gülünc, həm də qəbuledilməzdir”.

Ana səhifəXəbərlərGürcüstanda partiya sədri həbs olunub