Gürcüstanda müxalifət partiyaları mandatlarının ləğvi üçün rəsmi müraciət ediblər

Gürcüstanda seçkilər. Foto: PX Media/shutterstock

“Biz əminik ki, bu formada, belə qətiyyətlə, küçələrdəki bu etirazla mütləq yeni seçkilərə nail olacağıq!”


Gürcüstanda “Güclü Gürcüstan”, “Dəyişiklik naminə”, “Milli Birlik Hərəkat” koalisiyası parlamentdəki mandatlarından imtina edib.

“Güclü Gürcüstan” koalisiyası siyasi assosiasiyanın liderlərindən biri Mamuka Xazaradze bildirib ki, koalisiya üzvləri siyahının geri götürülməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət ediblər.

Koalisiya üzvləri siyasi şuranın iclasında qərar qəbul ediblər. Xazaradzenin sözlərinə görə, bu qərar çoxdan verilib, lakin onlar bunun qanuni şəkildə edilə biləcəyi anı gözləyirdilər.

Xazaradze deyib ki, “Gürcü Arzusu” Konstitusiyanı, qanunu, insan haqlarını və ən əsası xalqın səsini cibinə qoyub.

Biz əvvəldən bəyan etmişik ki, biz “Güclü Gürcüstan” bu parlamentə legitimlik vermək fikrində deyilik. Biz əminik ki, bu formada, belə qətiyyətlə, küçələrdəki bu etirazla mütləq yeni seçkilərə nail olacağıq!”.

“Birlik – Milli Hərəkat” koalisiyası deputat mandatlarından imtina edib. O, siyahıların geri götürülməsi tələbi ilə MSK-ya müraciət edib. Bunu siyasi assosiasiyanın liderlərindən biri Tina Bokuçava Strasburqda olarkən deyib.

Onun sözlərinə görə, koalisiya oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrini tanımadığından onun imzaladığı məktub MSK-ya göndəriləcək.

“Biz artıq siyahının bütün üzvləri adından MSK-ya müraciət etmişik. Orada müvəqqəti mandatların verilməməsi və səlahiyyətlərimizin tanınması məsələsinin qeydə alınmaması tələbi ilə imzalanmış məktublar parlamentə göndərilib”, – Bokuçava bildirib.

Noyabrın 25-də “Dəyişiklik naminə” koalisiyasından Elene Xoştariya və Zura Caparidze parlamentin qarşısında deputat siyahılarının ləğvi və mandatlardan imtina barədə danışıblar.

Onlar müvafiq olaraq “Droa” və “Qırçı – daha çox azadlıq” partiyalarını təmsil edirlər. Oktyabrın 26-da keçirilən seçkilərdə hər iki partiya “Dəyişikliklər Koalisiyası”na daxil olub. Bu koalisiyanın digər lideri Nika Qvaramiya və Nika Meliyanın imzaladıqları sənədin mətnini “Facebook”da dərc ediblər. Hər ikisi “Axali” siyasi partiyasını təmsil edir. “Axali” də siyahıların ləğvi tələbi ilə MSK-ya müraciət edib. Partiya nümayəndəsi Tenqo Tevzadze ərizəni MSK-ya təqdim edib.

Seçki Məcəlləsinin 120-ci maddəsinə əsasən, ərizə verildiyi gündən 3 gün müddətində MSK sədri ərizənin qəbul edilməsi haqqında sərəncam verir. Bu müddət ərzində ərizə qəbul edilməzsə, deputatlığa namizəd bu müddət başa çatdıqdan sonrakı gündən partiya siyahısından çıxarılmış hesab ediləcək.

“Dəyişiklik naminə” və “Güclü Gürcüstan” koalisiyası siyahıların geri götürülməsi tələbi ilə MSK-ya müraciət etmişdi. 11-ci çağırış parlamenti də legitim saymayan “Gürcüstan üçün Qaxariya” Partiyası bu qanunverici orqanda işləmək fikrində olmadıqlarını yalnız bəyanatlar səviyyəsində vurğulayıblar.

11-ci çağırış Milli Məclisin ilk iclası noyabrın 25-də baş tutub. Orada yalnız “Gürcü Arzusu”nun deputatları iştirak edib – 88 deputat.

Partiyaları 5%-lik seçki baryerini keçən 150 deputatın hamısının səlahiyyətləri tanınıb.

Onun legitimliyi nə müxalifət, nə də 26 oktyabr seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edən Gürcüstan Prezidenti tərəfindən tanınır.

Ana səhifəXəbərlərGürcüstanda müxalifət partiyaları mandatlarının ləğvi üçün rəsmi müraciət ediblər