”Gürcüstanda musiqiçinin əsas problemi maliyyə təminatsızlığıdır”

Nino Jvania
Nino Jvania


Tbilisi Konservatoriyasının dekanı ölkəsindəki vəziyyətdən danışdı


Pianoçu Nino Jvania gənc olmasına baxmayaraq, Tbilisi Dövlət Konservatoriyasında dekandır. Təhsilini Almaniya və Amerikada davam etdirdikdən sonra, o, vətəninə qayıdaraq, həm musiqiçi, həm də pedaqoq kimi fəaliyyətə başlayıb.


Nino xanımla müasir gürcü musiqiçilərinin vəziyyəti, gürcü musiqisinin dünya müsiqisi ilə dialoq imkanları və onun ölkəsindəki siyasi gedişatların incəsənətə təsiri barədə danışdıq.


– Nino, Sovet İttifaqının dağılması ilə yaradıcı insanların həyatında nə dəyişdi? Müstəqillik gürcü musiqiçilərinə nə verdi?

– Biz hamımız Sovet İttifaqının dağlıması ilə ölkələrimizdə xaosun hökm sürdüyünü xatırlayırıq. 70 illik diktaturadan sonra birdən-birə yaradıcı insanlar üçün (və tək onlar üçün deyil) vacib olan azadlıqla üz-üzə qaldıq. Ancaq azadlıq bizi qəfildən haqladı, çünkü Sovetlərdə yaradıcılıq bir tərəfdən etiraz üzərində, digər tərəfdən də az-çox mütəşəkkil incəsənətin inkişafına dəstək verən müəyyən dərəcədə birləşdirilmiş yaradıcı birliklərə əsaslanmışdı. Sovet hakimiyyəti mədəniyyəti nəzarətdə saxlayaraq, bu sahəyə ciddi maliyyə qoyurdu. Sovetin dağılması ilə biz həm əsas tematikanı, həm də sırf maliyyə dəstəyini itirdik. Bu, Gürcüstanda sədası bu gün də eşidilən maraqlı və çətin dövr idi.


– Ümumiyyətlə, siyasi vəziyyət necəsə yaradıcı adamların həyatına və yaradıcılığına, sistemə, hər hansı strukturların mütəşəkkilliyinə, tədbirlərə, festivallara təsir edirmi? Məsələn, sizin yaradıcılıq fəaliyyətiniz necəsə Saakaşvilinin dövrundən fərqlənirmi?

– Siyasət və incəsənət ayrılmazdır. İncəsənət bir yandan bütün vacib siyasi cərəyanları özundə əks etdirir, digər tərəfdən də ölkənin siyasi sistemindən birbaşa asılıdır. Bu sistem, Gürcüstanın əsas daxili və xarici bələdçiləri kimi (orientirləri) Saakaşvilinin dövründən bəri dəyişməz qaldı, ona görə də, bu cəhətdən, daha maraqlı olan Gürcüstanın Sovet dövründən müstəqilliyə keçididir, hansı ki, nisbətən mütəsəkkil yaradıcılıq sisteminin parçalanmasına gətirib çıxardı. Maraqlıdır ki, bütün sonrakı illəri Gürcüstan bu sistemi elə bir yeni şəraitə uyğunlaşdırmağa çalışır ki, hökumət bu çərçivədə mədəniyyət sahəsini, kommersiya sahəsindən artıq maliyyələşdirməklə, hökumətə alternativ olaraq mədəniyyət sahəsinə təsir göstərmiş olsun.


– Siz Tbilisi Konservatoriyasının dekanısınız. Musiqi təhsili sistemində, sizin konservatoriya hansı yeniliklərdən istifadə edir?

– Gürcüstan hələ 2005-ci ildə Bolonya prosesinə qoşulub, keçmiş post-sovet məkanında 3 mərhələli təhsil sisteminə keçənlərdən birincisi oldu. Bu, bizim sistemin dünya təhsil sisteminə inteqrasiyasını təmin edib. Nailiyyətlərdən biri də bizim ölkənin ERASMUS-a qoşulması oldu. Bu, bütün dünya ölkələrini əhatə edən akademik mobillik proqramıdır. Onun məqsədi ali təhsilə Avropa istiqamətini verməkdir. Onun əsas məqsədi, yüksək keyfiyyətli Avropa proqramlarının dəstəyinə əsaslanan, ali təhsil sahəsində əməkdaşlıq və beynəlxalq əlaqələrin gücləndirilməsindən ibarətdir. 2015-ci ildə Tbilisi Konservatoriyası bu böyük ailənin üzvü olmuşdur ki, bu da həm tələbə, həm də müəllimlərə mübadilə proqramıarında iştirak etməklə, akademik musiqidə, habelə musiqi təhsili sistemində yeni cərəyanlarla, tendensiyalarla tanış olmağa imkan verir. Bu, əlbəttə, təhsilin keyfiyyətinə müsbət təsir edir. Bizim də Qərb tərəfdaşları üçün maraqlı olduğumuzu qeyd etmək lazımdır. Yeniliklər və ənənələrə əsaslanmış yeni sistem yaradaraq, çoxlu üstünlükləri olan Sovet musiqi təhsilindən imtina etmirik.


– Gürcüstan musiqiçiləri hansı problemlərlə üzləşirlər? Məsələn, maliyyə problemləri, xarici dünyaya çıxışda uğursuzluq və ya Gürcüstanda baş verənlər onların ürəyincə deyildir? Siz nələri müşahidə etmisiniz?

– Gürcüstanda musiqiçinin əsas problemi maliyyə təminatsızlığıdır. Biz hamımız bir neçə vəzifələrdə çalışmalı oluruq. Paytaxtın konsert həyatı zəngindir. Lakin regionlarda zəif olduğu halda, yalnız ifa fəaliyyəti ilə məhdudlaşmaq çox çətindir. Bir sözlə, konsert və ifa imkanları azdır. Gürcüstanda klassik musiqiyə böyük marağın olmasına baxmayaraq, adamların əksəriyyəti bilet pulunu ödəməkdə çətinlik çəkir. Odur ki, biz əsasən dövlətdən və İncəsənət Nazirliyindən asılıyıq, bu isə kifayət deyil. Beləliklə, xarici dünyaya getmək üçün imkanlar da azalır. Bu, burada yaşayıb işləyənlərə aiddir. Bizim vətəndə təhsil almış, artıq Qərbdə yaşayan və dünya səhnələrində uğurla çıxış edən musiqiçilərimiz də çoxdur. Bu il 100 illik yubileyini qeyd edən Tbilisi Konservatoriyası öz ulduzları ilə çox fəxr edir. Amma təəssüf ki, dövlətin, bütün bu ulduzları dünya səviyyəsinə çıxaran professorlara layiqli həyat təminatı vermək üçün kifayət qədər vəsaiti yoxdur.

Nino Jvania
Nino Jvania


– Müasir gürcü musiqisi dünya musiqisinə necə qatılır, onunla necə dialoqa qoşulur? Festivallar çərçivəsindəmi və ya xaricdə müvəffəqiyyət əldə etmiş şəxslərin sayəsindəmi?

– Fikrimcə, gürcü bəstəkarlar məktəbi dünya məktəbi ilə indi olduğu kimi, heç vaxt belə ahəngdar birləşməyib. Onilliklər boyu biz Sovet İttifaqının digər üzvləri kimi, Qərbdən onun musiqi sahəsində yeniliklərindən təcrid olmuşduq. Bəstəkarlıq kafedrasında dərs deyən Nodar Mamisaşvili bir gənc tələbənin, sinflərdən birində Malerin 5-ci simfoniyasının partiturasını gizli məşq etdiyinə görə az qala qovulduğunu danışmışdı. Hətta Maler və Debüssi, heç Şönberq və Veberneni demirəm, burjua düşüncəsinin nümunəsi kimi Sovet İttifaqında bir zamanlar qadağan olunmuşdu. Belə bir şəraitdə müasir musiqi yaratmaq mümkün deyildi. Ancaq Qərb musiqisi tədricən, öz dövrünün musiqisini yaratmaq üçün bizim musiqiçilərə ilham verərək, Gürcüstana daxil oldu. İndi artıq dünya bizim üçün açıq olduğu halda, biz, istedadımız və musiqi ənənələrimizin sayəsində dünya müsiqisinə qovuşduq. Kançeli, Bardanaşvili kimi bir neçə görkəmli bəstəkarları dünyaya bəxş etdik. Gənc və müasir fikirli nəsil yaxınlaşmaqdadır. Tbilisi Konservatoriyasının rektoru Rezo Kiknadze ilə bu ilin aprel ayında “Georgia Modern” müasir musiqi ansamblı qurduq. İlk konsertimizdə, biz artıq həm Yeni musiqinin klassiklərinin, həm də Gürcüstanın gənc bəstəkarlarının (o cümlədən konservatoriya tələbələrinin) əsərlərini çaldıq. Bax orda mən müasir gürcü musiqisinin dünya musiqisinə necə birləşdiyinə fikir verdim. Dinləyicilərdən əksəriyyətinin eyni şeyi qeyd etməsindən çox məmnun qaldım!


– “Vilayətdə yaşayan və yaradan musiqiçi” anlayışı varmı, yoxsa hamı Tbilisiyə köcür? Gürcüstan vilayətlərində yaşayan insanlar üçün hər hansı bir musiqi fəaliyyəti varmı?

– Bu mövzuya artiq qismən toxundum. Son illərdə bir çox məktəb və texnikum bağlandı. Oralarda hələ bir neçə musiqi mətkəbləri qalıb, ancaq onlar kifayət etmir. Bizim konservatoriyamızı güclü kadrlar ilə təmin etdiklərinə görə biz hamımız regionların vacibliyini dərk edirik. Bir çox istedadlı uşaqların yüksək səviyyəli məktəblərdə oxumağa sadəcə imkanı yoxdur. “Vilayətdə yaşayan və yaradan musiqiçi” anlayışından danışmağa imkan verən Qərbi Gürcüstanda yerləşən bir neçə kollec və Konservatoriyanı da qeyd etmək lazımdır. Ancaq bu musiqiçilərin əksəriyyəti, öz problemləri ilə bahəm, yenə də ölkənin şübhəsiz mərkəzi olan Tbilisiyə köçməyə çalışır… Bu isə pis haldır…


-Bir musiqiçi olaraq, sizə Gürcüstanda yaşamaq rahatdırmı, yaxud elə bir imkan olsaydı, başqa ölkəyə yaşayıb yaratmağa köçərdinizmi?

– Bu barədə çox düşünmüşəm. Mən 5 il Almaniyada oxumuşam, demək olar ki, 2 il ABŞ-da təcrübə keçmişəm, ancaq yenə də qayıtdım. Mənim seçimim var idi: ya Vətənim və yaxınlarımı qurban verib xaricdə sevimli işimlə aktiv məşğul olmaq, yaxud da özümü ifa sahəsində məhdudlaşdırıb Vətəndən həzz almaq. Sevdiyim peşəni Vətənimlə bir səviyyədə tutaraq, mən öz seçimimi etdim. Ona görə də, başqa cür hərəkət edənləri heç vaxt qınamıram. Bu, sadəcə mənim seçimimdir, bu seçim mənə çətin başa gəldi, lakin mən ona indiyə qədər hörmətlə yanaşıram.

Ana səhifəVideo”Gürcüstanda musiqiçinin əsas problemi maliyyə təminatsızlığıdır”