Gürcüstanda kapitalizm

Təbii, bəzən müştərinin istədiyi detal olur, onda da sadəcə başı ilə təsdiq cavabı verir, elə başı ilə də, uzaqbaşı başının dalına qoyduğu əlinin birini azca tərpədərək, həmin detalın dükanın qabağındakı qəbirstanlıqdakı yerini təxmini göstərir.

Source: Meydan TV


Türkiyənin mədəni təsirinə bizim qədər məruz qalmayan gürcülər kapitalizmə də sıfırdan başlayıblar

Maşın ölüxanasında olmusunuz heç? Maraqlı yerdir. Çoxlu, lap çoxlu detallar var. Adam orda olanda elə bilir, dünyada lazımsız heç nə yoxdur. Ən lazımsız şeylər də bu bazarda satılır. Bir də var Tbilisinin ölüxanaları.

Mən birində – İsanidə oldum bu yaxında. Balacası idi. Dedilər, bundan qat-qat böyüyü də var Eliavada. Hər mağaza sahibi dükanının qabağına çoxlu detal yığmış, bu detalları isə bir dağıdılmış maşının başına toplamışdı. Hərəsi bir maşını dükanın qabağına qoyub, tədricən “yeyirdi”. Maşınlar haqqında yaxşı multfilm çəkmək olar bu səhnələrdən, nə isə.

Mənim diqqətimi çəkən satıcıların müştəriyə, ümumiyyətlə, insanlara, ətrafa qarşı münasibəti idi. Mən indiyə kimi bu qədər kobud, etinasız, bir çox halda mədəniyyətsiz satıcı tipi görməmişdim. Ümumiyyətlə, ətrafına bu qədər çox hörmətsizlik edən adamları belə birlikdə görməmişdim.

Deməli, hərə dükanının qabağına bir və ya bir neçə maşın oturacağı qoyub yerdən. Üstündə adamlar oturublar. Tipik Qafqaz sifətli, qara kişilər qurşaqdan yuxarı lüt vəziyyətdə oturacaqlara yarımuzanmış şəkildə yayxanıblar, çox vaxt da qollarını başlarının altına çarpazlayıblar.

Demək olar, hamısında qarın budların üstündə xudmani şəkildə özünə yer tutub, budları bir az da aralayanda qarın lümbültü ilə düşür aşağı. Qoltuqları da sinələri kimi qara, qıvrım tüklərin icazəsiz aksiyasını xatırladır. Bu bazarda qadın tapmaq İŞİD-in idarəetmə strukturunda qadın tapmaqdan daha çətindir. Bazarın, satıcıların görüntüsü “maşını kişi sürər” deyimini sanki dərhal qanuni qüvvəyə mindirir.

Görüntü öz yerində. Satıcıya yaxınlaşıb, söz soruşursan. Harasa getmək istiqamətini-filanı yox. Məhz müşəri kimi yaxınlaşırsan. Məsələn, dükanın üstünə yazılıb ki, “Mercedes C-200”. Yaxınlaşıb, deyirsən ki, “Salam. Mercedes C-200-ün filan detalı sizdə varmı?” Cavabında hər hansı söz olmur adətən. Başı ilə “Yox” deyir, yaxud dodağı ilə “lırç” səs çıxardır, yəni inkar mənasında, yaxud heç nə demir, sadəcə sənə heç bir məna ifadə etməyən gözlərlə baxandan sonra, sən sualını qurtaran kimi, qayıdıb, bayaqdan söhbət etdiyi o biri qarnıçılpaq tüklü yoldaşa baxır. Sanki sən yoxsan, sual da verməmisən.

Təbii, bəzən müştərinin istədiyi detal olur, onda da sadəcə başı ilə təsdiq cavabı verir, elə başı ilə də, uzaqbaşı başının dalına qoyduğu əlinin birini azca tərpədərək, həmin detalın dükanın qabağındakı qəbirstanlıqdakı yerini təxmini göstərir. Özü dursun, nə isə göstərsin, müştəri ilə danışsın – bunlardan söhbət gedə bilməz.

Mən bir satıcının müştəriyə verdiyi reaksiyanı görəndə isə bütün bunların fonunda bir daha təəccübləndim. Sakitcə baxa-baxa gəzirdim. Bir nəfər yaxınlaşdı 2 satıcının qabağına. Biri ayaq üstə idi, qarnının altını əli ilə sürtüb çirk çıxarır, yumurlayıb, çırtma ilə hərəkətin sıx olduğu yerə atırdı. Müştəri bu adama rusca sual verdi, hansısa detalı soruşdu. O da çirk çıxarma əməliyyatını saxlamadan, sadəcə başı ilə yanında yerdəki maşın oturucağında oturmuş adamı göstərdi. Müştəri yaxınlaşana qədər bu iki satıcı bir-birləri ilə söhbət edirdilər. Müştəri üzünü tutdu yerdəki oturacaqda oturmuş adama. O da qarnını qabağına qoyub, bir az qabağa əyilmiş, sanki qarnı ilə söhbət edirmiş kimi oturmuşdu. Müştəri sualı təkrarladı. Oturan satıcı heç nə ifadə etməyən gözləri ilə ona baxdı, baxdı, sualı qurtarana qədər baxdı. Sonra üzündə bir əzələni də tərpətmədən, yavaş, demək olar, “slow motion”-la üzünü sola çevirdi. Bütün bu müddət ərzində müştəri diqqətlə ona baxır, veriləcək hər hansı cavabı – sözlü və ya sözsüz gözləyirdi. Satıcı üzünü yavaşca sola çevirib, ağzını marçıldadıb, 1 metr qabağa tüpürdü, sonra yenə başını sakitcə çevirib, öz satıcı yoldaşı ilə söhbətə davam etdi. Mən həyatımda bu qədər tərbiyəsiz hərəkət görməmişdim.

Azərbaycanda belə mədəniyyət, ümumiyyətlə, müşahidə olunmur adətən, ticarətdə isə müştəri ilə davranışda xeyli mədəni, etik qaydalar tətbiq olunur. Maraqlıdır, Gürcüstan açıq cəmiyyətdir, Azərbaycana baxanda xeyli azad bazardır, rəqabət var Azərbaycandan fərqli olaraq, amma müştəri ilə davranış mədəniyyətində Azərbaycan üstündür. Məncə səbəb Türkiyədir. Bir dəfə Rusiyada əsl Azərbaycan türkcəsində “novostroyka” dediyimiz binaların birində 2-3 gün yaşamışdım. Bina əsl “Xruşşovka” idi. Sadəcə 21-ci əsrdə tikilmişdi və 25 mərtəbə idi. Otaqlar balaca, darısqal, mətbəx 1 nəfərlik, qonşu ilə arada cəmi 1 kərpic enində divar, deyilən hər söz qonşudadır. Orada yaşayan adamlardan soruşdum ki, necə olur, Azərbaycanda “novostroyka”lar (bu sözün ruscasını bilmirəm deyə, elə öz dilimizdə də soruşdum) geniş, rahat olur, amma Rusiyada yox. Dedilər, Azərbaycan Türkiyədən təsirlənib. Türkiyədə kapitalizmin olmasının, rəqabətin gücünün faydalı nəticələri kapitalizmdən uzaq, rəqabətsiz, monopolist Azərbaycan bazarı üçün də təsirli olub. Rusiyanın “Xruşşovka novostroyka”ları ilə Azərbaycanın rahat, geniş “novostroyka”ları arasında olan qədər fərq var Gürcüstandakı xidmətlə Azərbaycandakı xidmət arasında. Həm də təkcə maşın ölüxanasında yox, Gürcüstanda xidmət sahəsi çox aşağı səviyyədədir, yəqin ki, Türkiyənin mədəni təsirinə bizim qədər məruz qalmayan gürcülər kapitalizmə də sıfırdan başlayıblar və indi 19-cu əsrin sonlarını keçirlər.

Ana səhifəMənim FikrimcəGürcüstanda kapitalizm