Hakim partiya 50 majoritar dairənin 49-da qalib gəlib
Oktyabrın 30-da Gürcüstanda parlament seçkiləri baş tutub. Ötən dəfə Marneuli rayonu Qızılhacılı kəndində iki partiyanın tərəfdarları arasında baş vermiş qarşıdurmalar 30-da yenidən təkrarlanıb. Belə ki, Marneuli rayonu, Qızılhacılı kəndindəki 50-ci seçki dairəsində yaranmış qarşıdurmadan sonra kəndə yenidən polis qüvvələri yeridilib. Vahid Milli Hərəkat Partiyasının nəzarətçiləri komissiya üzvlərinin qərarı ilə seçki məntəqəsindən çıxarılıb.
Vahid Milli Hərəkat Partiyasının nəzarətçisi Kamran Babayev deyir ki, seçki məntəqəsində çox sayda saxtakarlıqlara yol verilib. Nəticədə komissiya üvləri ilə partiya nümayəndələri arasında qarşıdurma yaranıb.
“Bəzi seçicilərin barmaqlarında əvvəl səs verdiklərini göstərən bənövşəyi rəng olsa da, onlar yenidən məntəqəyə qəbul edilib və ikinci dəfə səs veriblər. Bundan əlavə, Gürcü Arzusu Partiyasının nümayəndələri seçicilərlə birlikdə pərdə arxasına girərək, öz partiyalarına səs veriblər. Hətta onlar açıq-aşkar bülletendə Gürcü Arzusu Partiyasının nömrəsini, 41-i işarələyib seçki qutusuna atırdılar. Komissiyanın üzvləri isə buna mane olmurdular. Biz buna etiraz etdikdə isə bizi seçki məntəqəsindən çıxardılar”.
Bundan əlavə, seçki məntəqəsinin divarlarına Gürcü Arzusu Partiyasının nömrəsini qeyd etməklə seçicilərə təsir göstərildiyini iddia edən Vahid Milli Hərəkat Partiyasının nümayəndələri ilə seçki komissiyası üzvləri arasında ikinci bir qarşıdurma yaranıb. Seçki komissiyasının sədri Nizaməddin Muradov deyir ki, Faiq Mursakulov adlı vətəndaş səs vermək məqsədilə pərdənin arxasına keçib və divarda Gürcü Arzusu Partiyasının nömrəsini qeyd edib. Daha sonra isə bunun seçki komissiyasının üzvləri tərəfindən yazıldığını iddia edərək provakasiya yaratmağa çalışıb.
“Məntəqədə seçki prosesi tam şəffaf şəkildə keçirilir. Vahid Milli Hərəkat Partiyasının üzvləri provakasiya yaratmağa çalışırlar” – deyə məntəqə sədri bildirib.
Seçkilərdə iştirak edən Qızılhacılı kənd sakini Tural Bayramov iddia edir ki, seçkidə saxtalaşdırmaya elə məhz komissiya üzvlərinin özləri yol verir: “Əlliyə yaxın adamı səs verməyə qoymadılar ki, barmaqlarında marker var. Halbuki, bu adamlar səs verməyib. Səslər boşa gedir. Ciddi saxtakarlığa yol verirlər”.
Birinci turda partiya siyahısından seçilərək qalib olan Vahid Milli Hərəkat Partiyasının millət vəkili Azər Süleymanov məsələyə münasibətini bildirib. Qızılhacılıda keçirilən seçkilərə nəzarət etmək üçün seçki dairəsinə gələn millət vəkili deyib ki, 50-yə yaxın adamı seçki dairəsinə buraxmayıblar:
“Biz çalışırdıq ki, saxtakarlıq olmasın. Əgər seçkilər tam demokratik şəraitdə keçirilərsə, mütləq güclü namizəd kimdirsə, o da qalib gələcək. Hər partiya kimi, təbii ki, biz də öz nümayəndəmizin seçilməsini istəyirik. Ötən dəfə də gənclərdən istifadə edərək qarşıdurma yaratdılar. Səs gücü seçicilərdi. Onlar kimə səs versə, o da seçiləcək”.
Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev isə deyir ki, Gürcü Arzusu Partiyası seçkini saxtalaşdırır. Onlar artıq zorakılıq tətbiq etməklə seçkilərin nəticələrini dəyişiblər:
“Seçki məntəqəsində baş vermiş hadisələr bir daha sübut edir ki, Gürcü Arzusu Partiyası seçkiləri zorakılıqla qazanır. Onlar seçiciləri yönləndirirdilər. Hakimiyyət Tamaz Naverianini qalib etmək niyyətindədir. Bunun üçün də hər bir üsuldan istifadə ediblər”.
50-ci seçki məntəqəsində baş vermiş hadisələrlə bağlı Gürcü Arzusu Partiyasının münasibətini öyrənmək üçün partiyanın Marneulidə yerləşən qərargahına yönəldik. Tamaz Naverianinin mətbuat sözçüsü Maqda Kotrikadzenin sözlərinə görə, seçki tam obyektiv və demokratik şəraitdə keçirilib. Lakin buna baxmayaraq, Vahid Milli Hərəkat Partiyası provakasiya yaratmağa çalışıb:
“Seçkilər tam demokratik şəkildə keçirilib. Lakin Əhməd İmamquliyevin tərəfdarları provakasiyaya əl atıblar. 50-ci dairədə baş verənlər də məhz bunun nəticəsidir. Vahid Milli Hərəkat Partiyası hər dəfə olduğu kimi yenidən münaqişə yaratmaqla seçkiləri qazanmağa çalışırdılar”
Gün ərzində 50 saylı seçki dairəsinə polis tərəfindən ciddi nəzarət edilib.
Seçkinin ilkin nəticələri oktyabrın 31-də səhər saatlarında açıqlanıb. Hakim partiya 50 majoritar dairənin 49-da qalib gəlib.