Gürcüstanda çirkli pulların yuyulması prosesində Azərbaycan izi

Lari və dollar. Foto: Didebashvili.GEO/shutterstock

Rəsmi məlumata görə, sentyabrın 16-da Gürcüstan Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində 2022–2024-cü illərdə 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qeyri-qanuni gəlirin leqallaşdırılması faktı aşkar edilib.

Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Çirkli pulların yuyulması ittihamı ilə bir nəfər saxlanılıb.

Qurumun verdiyi məlumata əsasən, Prokurorluqda aparılmış istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs ona məxsus olan və Milli Bank tərəfindən lisenziyalaşdırılmış valyutadəyişmə məntəqəsinin fəaliyyəti adı altında, “Pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına dair” Gürcüstan qanununun tələblərini qəsdən nəzərə almadan, qeyri-qanuni mənşəli vəsaitlərin toplanması, çevrilmə yolu ilə mənşəyinin dəyişdirilməsi və leqal dövriyyəyə daxil edilməsi məqsədilə qanunsuz bir şəbəkə təşkil edib.

Prokurorluğun məlumatında göstərilir ki, şəbəkə üzvləri, saxlanılan şəxs ilə əvvəlcədən razılaşdırılmış şəkildə, xüsusi gizli saxlanc yerləri olan avtomobillərlə gömrük prosedurlarını keçmədən, qonşu ölkələrdən xüsusilə böyük məbləğdə qeyri-qanuni mənşəli xarici valyutanın ölkəyə gətirilməsini və bu valyutanın valyutadəyişmə məntəqəsinə çatdırılmasını həyata keçiriblər.

Məlumatda həmçinin deyilir ki, bu əməllər nəticəsində təqsirləndirilən şəxs və qrupun digər üzvləri 2022–2024-cü illərdə təxminən 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qeyri-qanuni gəliri leqallaşdırıblar. Aparılmış istintaq hərəkətləri zamanı böyük məbləğdə nağd pul müsadirə olunub.

“Rubl Azərbaycandan gəlirdi?! Niyə orda reaksiya verən yoxdur?!” – Çirkli pulların yuyulması ilə bağlı suallar

Gürcüstanın Milli Bankının keçmiş direktoru Roman Gotsiridze sosial mediada 624 milyon dollar və 35 milyon avro çirkli pulların yuyulması işi ilə bağlı əlavə suallar yaradan paylaşım edib.  “Rubl Azərbaycandan gəlirdi, hə?! Niyə orda reaksiya verən yoxdur?!” deyə sual qoyaraq, bu işi absurd adlandırıb.

“Prokurorluğun çirkli pulların yuyulması ilə bağlı verdiyi bəyanatla bağlı nə qədər çox məlumat əldə etsək də, təqdim olunan faktları və rəqəmləri bir o qədər dərindən təhlil etsək də, bir o qədər də absurdluqla üzləşdiyimizə əmin oluruq. Nədənsə hökumət bir ildən çoxdur ki, başlamış istintaqı açıqlamaq və informasiya alovu yaratmağa məcbur oldu.​​​​​ Bu hekayə nəticəsində zərər gördülər ya nəticəni hesablaya bilmədilər ya da ağlı olmayan insanlar ölkənin idarəçiliyini yıxarkən nəyi hesablayırlar”.

Sabiq direktor yazır ki, təkcə bir valyutadəyişmə köşkü deyil, bu gün Gürcüstanda  fəaliyyət göstərən bütün 717 valyutadəyişmə məntəqəsini birlikdə götürsək, 700 milyon dolları yumaq çətin olar.

Roman Gotsiridze. Foto: şəxsi Facebook səhifəsi

“Valyuta dəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı son araşdırma 2021-ci ildə Geostat tərəfindən aparılıb. Bu araşdırma göstərdi ki, 2021-ci ildə 469 valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi (daha çox məntəqə qeydiyyatdan keçib, lakin bir çoxu fəaliyyətlə məşğul olmayıb). Onların illik dövriyyəsi (valyuta alqı – satqısı) 6,4 milyard lari (təxminən 2,5 milyard ABŞ dolları) təşkil edib. Bu dövr ərzində 543 milyon ABŞ dolları və 135 milyon avro vəsait alınıb. Eyni dövrdə 520 milyon ABŞ dolları və 132 milyon avro satılıb. Bu rəqəmlərə baxın. Gürcüstanda fəaliyyət göstərən bütün valyutadəyişmə məntəqələri birlikdə 2021-ci ildə prokurorluğun adlandırdığı bir köşkün iki ildə etdiyi qədər xarici valyuta alıblar.​​ Bu, qismən 2022- ci ildə, Rusiyanın Ukraynanı işğalından sonra, qismən də 2023-cü ildə baş verdi”.

Roman Gotsiridzenin sözlərinə görə, bu rəqəmləri müqayisə etdikdə görmək olur ki, prokurorluğun qeyd etdiyi rəqəmlər absurddur.

“Gəlin davam edək. 2021-ci ildən bəri həqiqətən çox şey dəyişib. Rusiyanın Ukraynanı işğalından sonra 120 mindən çox Rusiya, Ukrayna və Belarus vətəndaşı ölkəyə daxil olub. Sanksiyalar nəticəsində təcrid olunmuş Rusiya hüquqi və fiziki şəxsləri üçün Gürcüstanın maliyyə sistemi təcriddən qurtulmağın bir yolu oldu. Rusiya rublu da daxil olmaqla külli miqdarda nağd və nağdsız pul daxil olub. Gürcüstan idxalçılarının rubla ehtiyacı var, ona görə də Rusiya ilə artan xarici ticarətə görə o, dollar qədər xarici valyutadır. Banklar və valyutadəyişmə məntəqələri bu pulu bu günə qədər məmnuniyyətlə qəbul edirlər”.

Azərbaycan izi

Gürcüstanın Milli Bankının keçmiş direktoru iddia edir ki, 700 milyon “yuyulmuş” pulun (aktivlərin) 7 milyonu belə geri qaytarılmayacaq.  O qeyd edir ki, iş bir ildən artıqdır davam edir, amma nədənsə onun “aşkarlanması” sadəcə indi lazım olub və burada şübhəli məqamlar var.

“Və nəhayət, 700 milyon dolların yuyulması dünya miqyasında qalmaqaldır. Niyə Azərbaycanda buna heç kim reaksiya vermir? Axı rus pulu Azərbaycandan daxil olurdu? Əvvəl azərbaycanlını, sonra isə Gürcüstan gömrük xidmətini aldadaraq gizli şəkildə külli miqdarda nağd pul gətirən Azərbaycan vətəndaşı haradadır? Əgər bir ildir istintaq gedirsə, Azərbaycanda da eyni şey baş verirmi? Həmin şəxs həbs olunubmu (görünür, yox) və əgər tutulmayıbsa, niyə? Azərbaycan tərəfi gürcü tərəfinin səsləndirdiyi heyrətamiz rəqəmləri ört-basdır edir, yoxsa inanmır? Çoxlu suallar var”,- deyə Gürcüstan Milli Bankının keçmiş direktoru öz sosial media hesabında yazıb.

Ana səhifəSiyasətGürcüstanda çirkli pulların yuyulması prosesində Azərbaycan izi