Daxili işlər naziri insidenti siyasiləşdirməməyə çağırıb
Oktyabrın 19-da Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çoydarov və onu müşayiət edən üç nəfər güllələnib.
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır.
Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili kənddə olub və istintaq tədbirləri keçirildiyini təsdiqləyib.
Məlumatı APA yayıb.
Nazir Giorgi Mqebrişvili insidenti siyasiləşdirməməyə və ilkin versiyalardan çəkinməyə çağırıb:
“İnsidentlə bağlı istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. Həkimlərin dediyinə görə, yaralı şəxslərin həyatı təhlükədə deyil”.
Gürcüstanın səhiyyə naziri David Sergeenkonun yaralıların yerləşdirildiyi xəstəxanada olduğu deyilir. Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Nemsadze də xəstəxanaya baş çəkib.