“Gürcüstanın 11-ci çağırış parlamenti noyabrın 25-də ilk iclasını çağırıb və öz səlahiyyətlərinin tanınması üçün səsvermə keçirib. Deputatlar belə etməklə Konstitusiyanı pozublar”, – Konstitusiya mütəxəssisi Vaxtanq Xmaladze “Jamnews”a şərhində deyir.
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış yeni parlamenti minlərlə adamın iştirak etdiyi etiraz aksiyalarının fonunda ilk sessiyasını keçirib. Aksiya iştirakçıları bəyan edib ki, oktyabrın 26-ı keçirilmiş seçkilər saxtalaşdırılıb, bu səbəbdən parlament qeyri-legitimdir və öz-özünü elan edib.
İlk sessiyada yalnız hakim “Gürcü Arzusu” Partiyasından olan deputatlar iştirak edib.
MSK-nın elan etdiyi rəsmi nəticələrə görə, partiya səsvermənin, demək olar ki, 54%-ni, yəni 150 mandatdan 89-nu alıb. Parlamentə keçən dörd müxalifət subyekti orada işləməkdən imtina edir və yeni seçkilərin keçirilməsini tələb edir.
Hakim partiyadan olan deputatlar binaya xüsusi təyinat dəstələrinin müşayiəti ilə girib və parlamenti elə həmin adamlarla tərk edib. Parlamentin ətrafı və ümumiyyətlə, hökumət məhəlləsi hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika ilə dolub.
Şərh
Vaxtanq Xmaladze: “Konstitusiya Məhkəməsi yeni seçilmiş 150 deputatın hamısının legitimliyinə etiraz edən Prezident və deputatların iddialarına baxır.
Məhkəmə bu iddialarla bağlı qərar verənə qədər parlamentin, Konstitusiyaya görə, parlament nümayəndələrinin səlahiyyətlərini müzakirə etmək hüququ yoxdur.
Parlament yalnız iki halda iclas keçirmək hüququna malik olacaqdı: Konstitusiya Məhkəməsi bu iddiaları baxılması üçün qəbul etmədikdə, ya da baxıb əsassız hesab etdikdə. Lakin bunlardan heç biri baş verməyib.
Beləliklə, parlament iclas çağırmaqla Konstitusiyanı pozub. Buna hakimiyyətin qəsb edilməsindən başqa bir şey deyilmir ki, bu da Konstitusiya ilə qadağandır.
Hakimiyyətin bu şəkildə ələ keçirilməsinin qarşısını almağa kömək edəcək istənilən mexanizmdən istifadə etmək lazımdır. Bu hakimiyyət gələcəkdə elə bir şey edə bilər ki, gedişat onsuz da çətin vəziyyətdə olan bizi daha da çətin vəziyyətə salar”.
Xmaladze hesab edir ki, vəziyyət Strasburqda Avropa İnsan Haqları Məhkəməsində iddiaya layiqdir.
“Bunun üçün müvafiq iddiaçılar lazımdır və mən bilirəm ki, belə bir insan çevrəsi mövcuddur”, – o deyib.
“Konstitusiya bizim hüquqlarımızı müdafiə edən hüququ sənəddir. Amma biz unutmamalıyıq ki, Konstitusiyanın özünün müdafiəyə ehtiyacı var. Kimsə Konstitusiyanı pozmağa çalışanda biz onu müdafiə etməliyik. Konstitusiyada yazılıb ki, heç kəsin hakimiyyəti qəsb etməyə haqqı yoxdur. Bu, havayıdan belə yazılmayıb. Belə bir şey baş verib və gələcəkdə də baş verə bilər”, – Xmaladze deyir.
Konstitusiya mütəxəssisi mövcud vəziyyətdən çıxış yolunu yeni seçkilərin keçirilməsində görür.
“Bütün Konstitusiya hüququ dərsliklərində yazılıb ki, növbədənkənar seçkilər siyasi böhrandan çıxmaq üçün çağırılır. Lakin bu, “Gürcü Arzusu”nun planlarına daxil deyil”, – Xmaladze bildirib.