Gürcüstanda: Baş Prokuror istefa verib, Baş nazir tribunaya yaxın buraxılmayıb


Aksiyaçılar ədalətin bərpa olunmasını tələb edirlər

Tbilisidə iki yeniyetmənin qətli ilə bağlı məhkəmə qərarı kütləvi etirazlara səbəb olub. Belə ki, 2017-ci ilin dekabrın 1-də Tbilisinin mərkəzində baş verən davanın qurbanı olan iki 16 yaşlı yeniyetmə Levan Dadunaşvili və David Salaridze aldıqları bıçaq zərbələrindən sonra həyatlarını itiriblər. Dadunaşvili hadisə yerində həyatını itirib, Salaridze isə xəstəxanaya çatdırılsa da, bir müddət sonra ölüb.

Məktəblilərin ölümündən altı ay sonra qətli törətməklə günahlandırılan iki yeniyetməyə məhkəmə qərarı ilə bəraət verilib. Məlum olub ki, Salaridzenin qətlində günahkar bilinən şəxs onun əsl qatili deyil.

Qətlə yetirilən David Salaridzenin atası Zaza Salaridze ona dəstək olmaları və meydana çıxaraq Baş prokuror İrakli Şotadzenin istefasını tələb etmələri üçün Gürcüstan əhalisinə çağırış edib. Z.Salaridze iddia edir ki, onun oğlunun qətlində iştirak edən prokurorluğun keçmiş əməkdaşının oğlu olub və prokurorluq məsələni ört-basdır edərək obyektiv araşdırmayıb.

“Bu ədalətsiz sistem dağılmalıdır. Ya bu sistem dağılacaq, ya da mən öləcəm. Mən hər kəsi bu məsələdə mənə dəstək olmağa çağırıram”, – Salaridze mətbuata açıqlamasında bildirib.

Bundan sonra yüzlərlə insan bu çağırışa qoşulub və Tbilisi Şəhər Prokurluğunun qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar “işin obyektiv araşdırılmasını” və “ədalətin bərpasını” tələb ediblər.

Gürcüstanın Baş prokuroru İrakli Şotadze dərhal bəyanat yayaraq bildirib ki, prokurorluq tərəfindən məhkəməyə təqdim edilən iş üzrə ədalətli qərar veriləcək və bütün cinayətkarlar cəzalandırılacaq.

“Ölkənin Baş prokuroru və ata kimi mənim üçün övladlarımızın həyatından daha qiymətli bir şey yoxdur. Hər bir vətəndaşın dövlət qurumlarına olan inamı mənim üçün çox vacibdir. Ədalət mənim üçün xüsusilə qiymətlidir. Bu gün Prokurorluq məhkəməyə sübut təqdim edib. Mənim fikrimcə, ədalətli qərar veriləcək. Bu ağır cinayət işində hələ ki, ədalətli bir nəticə olmayıb, lakin iş yuxarı instansiya məhkəmələrində davam etdiriləcək və hesab edirəm ki, bütün qanunu pozanlar qanuna görə məsuliyyət daşıyacaqlar ” – Şotadze əlavə edib.

Şotadze məsələnin iki hissədən ibarət olduğunu, birinci hissənin humanizmlə bağlı olduğunu və sırf bu səbəbdən istefa verdiyini açıqlayıb.

Etirazçıların çağırışına cavab olaraq Gürcüstanın Baş prokurorunun istefa verməsindən sonra Gürcüstan əhalisi Parlament binasının qarşısında toplaşıb.

Mayın 31-də axşam saatlarında parlamentin önunə gələrək aksiya iştirakçıları ilə danışmaq istəyən Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilini etirazçılar tribunaya buraxmayıblar. Aksiya iştirakçıları Baş nazirə “buranı tərk et” deyərək etiraz ediblər. Baş nazirin istefasını tələb edən etirazçılardan bəziləri ona butulka və başqa əşyalar atıblar. Baş nazirə hücum etməyə çalışan bir qrup etirazçını mühafizə xidməti saxlayıb.

Aksiyaya buraxılmayan Baş nazir daha sonra mətbuat qarşısında brifinq keçirərək istefa verməyəcəyini bildirib. Baş nazirin sözlərinə görə, onu tribunaya bir qrup siyasi qruplaşma buraxmayıb.

“Hökumətimiz xalqın hökumətidir. Buna görə mitinqə və ilk növbədə, öldürülən uşağın atası ilə danışığa getməyə qərar verdim. Təxribatlar olacağını bilirdim. Aksiyaya getdikdə insanların əksəriyyəti məni qəbul etdilər, ancaq bir qrup siyasi motivli insan mənə danışmağa imkan vermədi”, – deyə Baş nazir bildirib.

Baş nazir istefa çağırışlarına da münasibət bildirib və belə bir addımın ölkə üçün faydalı olacağını hiss etdiyi zaman bunu mütləq edəcəyini deyib:

“Lakin bu gün istefam üçün vaxt yetişməyib. Mənim üçün bu vəzifə heç bir məna kəsb etmir, mənim üçün ölkədə sabilliyin qorunması vacibdir”.

Etirazlar gecə saatlarında davam edib.

Ana səhifəVideoGürcüstanda: Baş Prokuror istefa verib, Baş nazir tribunaya yaxın buraxılmayıb