Dünən, oktyabrın 4-də Gürcüstanda keçirilən mer və bələdiyyə seçkiləri müxtəlif hesablamalara görə, onminlərlə insanın iştirak etdiyi etirazlarla müşaiyət olunub. Paytaxt Tbilisidə “dinc inqilab” şüarları ilə keçirilən mitinq toqquşmalara çevrildi, onlarla insan xəsarət aldı, müxalifət liderləri həbs edildi. Gün ərzində baş verən hadisələrin qısa xülasəsini, müxalifət və hökumətin reaksiyalarını təqdim edirik.
“Dinc inqilab cəhdi”
Seçkilərin keçirildiyi gün Gürcüstanın qərbində yaşayan yüzlərlə insan paytaxta etiraz üçün gəldi. Seçkiləri boykot edən vətəndaşlar əvvəlcə Azadlıq meydanı və parlament binası qarşısında toplaşdı.

Oktyabrın 4-də yerli seçkilərlə paralel keçirilməsi planlaşdırılan, təşkilat komitəsinə “Vahid Milli Hərəkat” üzvləri və opera müğənnisi Paata Burçuladzenin daxil olduğu mitinqin məqsədi “dinc inqilab etmək” olub. Saat 19:30-da Azadlıq Meydanına toplaşan nümayişçilərin bəziləri Prezident Sarayını ələ keçirmək üçün Atoneli küçəsinə yürüş ediblər. Saraya basqın etmək cəhdi zamanı xüsusi təyinatlılar bibər qazı və su şırnaqları ilə hücumu dəf ediblər.
“Bu gün bizim ölkəmizi geri almaq üçün tarixi şansımız var. Bu gün Bidzina İvanişvili ölkəmizi elə dəhşətli vəziyyətə salıb ki, onu xilas etmək lazımdır və mən şadam ki, bu qədər cəsur insanlar toplaşıb və bu gün biz bu xaosun taleyini birlikdə həll etməliyik”, – Burçuladze deyib.
Burçuladze həmçinin bəyan edib ki, Daxili İşlər Nazirliyi indi Bidzina İvanişvilinin yox, gürcü xalqının iradəsinə tabe olmalıdır. Onun sözlərinə görə, polis artıq quldurlara və xuntaya xidmət etməməlidir.
Daha sonra bir qrup etirazçı Paata Burçuladze ilə birlikdə prezident sarayına doğru yürüş ediblər. Sarayın qarşısındakı dəmir barmaqlıqları qıraraq içəri daxil olmağa cəhd ediblər. İnzibati binadan xüsusi təyinatlılar çıxaraq bibər qazından istifadə ediblər. Həmçinin əlavə xüsusi təyinatlılar əraziyə gətirilib. Etirazçılar təhlükəsizlik qüvvələrinə fişənglər atıblar. Etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib.
“Rejimin parodiyası”
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili isə prezident sarayının ələ keçirilməsini rejimin parodiyası adlandırıb.
Zurabişvili sosial şəbəkədə Tbilisidə prezident iqamətgahı yaxınlığında baş verən qarşıdurmaları şərh edib:
“Prezident sarayının ələ keçirilməsinin bu parodiyasını yalnız rejim gürcü xalqının 310 günlük dinc etirazlarını gözdən salmaq üçün təşkil edə bilərdi. Mən qanuni prezident kimi bunu rəsmən rədd edirəm və yeni seçkilərdə qalib gələnə qədər xalqımın yanında olmağa davam edəcəyəm”.
Daxili İşlər Nazirliyi isə bəyanat yayaraq, davam edən mitinqin “Mütləq toplantılar və nümayişlər haqqında” qanunla müəyyən edilmiş həddi aşdığını bildirib.
“Təşkilatçılar Atonelidəki prezident sarayının hasarlarını zədələyib və içəri girməyə cəhd ediblər.
Daxili İşlər Nazirliyi bir daha bütün etirazçıları polisin qanuni əmrlərinə tabe olmağa və vəziyyətin süni şəkildə gərginləşməsinə imkan verməməyə çağırır. Əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görəcəklər”, – məlumatda deyilib.
“Dağıdıcı təxribat”
Ölkənin keçmiş baş nazirinin “Qaxariya – Gürcüstan naminə” Partiyası Gürcüstan vətəndaşlarını «dağıdıcı təxribatlarda iştirak etməməyə» çağırıb.
“İndi baş verənlər dinc ictimai etirazı gözdən salır! Zorakılıq qəbuledilməzdir! Biz Gürcüstan vətəndaşlarını radikal və dağıdıcı təxribatlarda iştirak etməməyə çağırırıq!”, – partiya öz bəyanatında qeyd edir.
Hakim “Gürcü Arzusu” ofisinin qarşısında seçki qələbəsini qeyd edən partiyanın fəxri sədri Bidzina İvanişvili isə bildirib ki, “necə ola bilər ki, 80% partiyanı dəstəkləyir, amma 10 min adam çevriliş edir?”
“Gürcü Arzusu” “İmedi” telekanalının keçirdiyi “exit-poll”un nəticələrinin açıqlanmasından sonra İvanişvili partiyanın ofisində keçirilən tədbirdə çıxış edib.
“Bu gün sizi inandırıram ki, dünyada hələ də vətənini sevənlər ən çox Gürcüstana həsəd aparırlar. Biz hamıdan möhkəm dayanırıq.
Əgər izləyirsinizsə, onlar seçkidə böyük itki veriblər və küçədə nəsə etməyə çalışırlar. Amma xoşbəxtlikdən gürcü xalqının müdrikliyi burada da göz qabağındadır – görün burada nə qədər insan var. Necə ola bilər ki, 80 faiz (əhalinin) partiyanı dəstəkləsin, amma 10 min adam çevriliş etsin? Bu, ağlasığmazdır”, – İvanişvili belə deyib.
Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze isə mətbuat konfransında bildirib ki, etiraz aksiyası zamanı baş verən hadisələrlə bağlı 4 maddədən ibarət istintaq başlayıb.
Cinayət Məcəlləsinin 317, 187, 222 və 225-ci maddələri ilə polis əməkdaşına hücum, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya devirməyə çağırışlar, əmlaka zərər vurma və ya məhv etmə, qrup zorakılığı təşkil etmə, ona rəhbərlik və ya iştirak etmə və s. maddələr üzrə cinayət işi açılıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidəki iğtişaşlarda “xarici kəşfiyyat orqanlarını” günahlandırıb.
Kobaxidze ölkədə hökumətin devrilməsi cəhdinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə təşkil edildiyini bəyan edib.
“Xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi aksiya zamanı dövlətə əl qaldırmağa cəhd edənlər ən sərt cavabı alacaqlar. Gürcüstan xarici agentlərə hökuməti devirməyə icazə verilən ölkə deyil”.
Kobaxidze vəd edib ki, oktyabrın 4-də Tbilisidə baş vermiş “zorakılığ”ın bütün iştirakçıları istisnasız olaraq ağır cəza ilə üzləşəcək və “yaxın günlərdə sürprizlər gözləməlidirlər”.
Baş nazirin sözlərinə görə, elan edilən hökumətin devrilməsi uğursuzluğa düçar olub, bundan sonra bəzi liderlər (Salome Zurabişvili, müxalifət liderləri və fəallar) prosesdən uzaqlaşmaq qərarına gəliblər.
Kobaxidze həmçinin bildirib ki, bu gün Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasına cəmi 5-6 min insan cəlb olunub.
O, həmçinin “Gürcü arzusu”nun görünməmiş ictimai dəstəyindən danışıb. Baş nazirin sözlərinə görə, hakim partiya 64 yerdən 64-nü qazanıb: bütün mer yerləri və ölkədəki bütün Sakrebulo (şəhər məclisləri).
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyasının beş təşkilatçısının həbsi barədə məlumat yayıb.
Nazirlik oktyabrın 4-də keçirilən etiraz aksiyasının təşkilatçıları Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzenin həbs edildiyini açıqlayıb. Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, onlar konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışda ittiham olunurlar. Müxalif siyasətçiləri 9 ilə qədər həbs gözləyir.
Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 4-də yerli özünüidarəetmə orqanlarına seçkilərlə paralel keçirilən nümayiş zamanı 60-a yaxın insan xəsarət alıb. Onlardan bəziləri təcili yardım briqadaları tərəfindən klinikalara aparılıb.
Xəstəxanalara çatdırılan şəxslərdən:
- 21 polis əməkdaşı ;
- 6 nümayişçi var.
“Xəstəxanaya yerləşdirilən yaralıların müxtəlif dərəcəli bədən xəsarətləri var. Polis əməkdaşlarından birinin səhhəti ağırdır”, – Səhiyyə Nazirliyindən bildirilib.
Xəsarət alanların bəziləri tibbi müayinədən keçirilir və həkim nəzarətindədirlər.
Oktyabrın 4-də keçirilən seçkiləri “Dəyişiklik naminə” koalisiyası və “Vahid Milli Hərəkat” partiyası boykot edərək, seçkilərə qatılmayıblar. Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, “Gürcü Arzusu” bütün meriya və bələdiyyələrdə qələbə əldə edib.