Səs-küylü işin təfərrüatları
JAMnews
-un materialı əsasında
Parlament seçkilərinə bir ay qalmış Gürcüstan hakimiyyəti qalmaqallı istintaqa başlayıb – Gürcüstan ərazilərinin qeyri-qanuni şəkildə Azərbaycanın xeyrinə güzəşti ilə bağlı cinayət işi açılıb. İki nəfər – Dövlət Komissiyasının sərhədin demarkasiya və delimitasiyası üzrə sabiq üzvləri saxlanılıb. İstintaq işinin materiallarına görə, iz Gürcüstanın öncəki hakimiyyətinə, o cümlədən sabiq Prezident Mixail Saakaşviliyə aparır. İşin mahiyyəti budur: Saakaşvilinin hakimiyyəti dövründə işləmiş delimitasiya-demarkasiya üzrə Gürcüstan-Azərbaycan dövlət komissiyası mühüm xəritəni gizlədib ki, nəticədə hüquqi cəhətdən Gürcüstana mənsub olan ərazilərin müəyyən bir hissəsi Azərbaycana verilməli idi. Gürcüstanda bəzi siyasətçilər və ekspertlər bu işi siyasi motivasiyalı sayırlar. Məqsədsə müxalifət lideri Mixail Saakaşvilini həlledici parlament seçkilərinə 24 gün qalmış hörmətdən salmaqdır. Onlar həmçinin hakimiyyəti bu dolaşıq istintaqı Qarabağ müharibəsi fonunda apardığı üçün tənqid edir. Hakimiyyətə opponent olanlar diqqəti başqa bir detalda da cəmləyirlər. Belə ki, əsasında istintaqın başladığı xəritəni prokurorluğa hakim “Gürcü arzusu” partiyasına yaxın, Rusiyada yaşayan gürcü biznesmen ötürüb. Kim saxlanılıb Sentyabrın 7-də Gürcüstanın Baş Prokurorluğu Gürcüstan-Azərbaycan sərhədi işi ilə bağlı İveri Melaşvilini və Natalya İlyiçevanı həbs edib. Onları Gürcüstan ərazisinin bir hissəsini xarici dövlətə verməkdə günahlandırırlar. Prokurorluq Melaşvili və İlyiçevanı həbs etməyi tələb edir. Günahları sübuta yetirildiyi təqdirdə onları on ildən on beş ilədək həbs cəzası gözləyir. Məlumdur ki, onlar özlərini günahkar saymırlar. İveri Melaşvilinin vəkilinin sözlərinə görə, o, istintaqla əməkdaşlıqdan imtina edir. Melaşvili artıq 25 ildir ki, Xarici İşlər Nazirliyinin idarələrindən birinə rəhbərlik edir. İlyiçeva XİN sərhəd polisində işləyir. Onların həbsi Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası-demarkasiyası üzrə Dövlət Komissiyasının üzvləri olduqları dövrlə (2006-2017) bağlıdır.
Gürcüstan-Azərbaycan sərhədi
Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası-demarkasiyası üzrə Dövlət Komissiyası 2006-cı ildən (Saakaşvilinin prezidentliyi dövrü) fəaliyyətdədir və onun məqsədi Gürcüstanla Azərbaycan arasında sərhədləri razılaşdırmaqdır. Azərbaycan cənub-şərqdə Gürcüstanla həmsərhəddir. Ölkələr arasındakı sərhəd 480 kilometrdir. Sərhədin demarkasiyası tamamlanmayıb – 35 faiz bölünməyib. Bu prosesi mürəkkəbləşdirən amil iki strateji partnyor və dost ölkənin mübahisəli ərazilərinin olmasıdır. Ən kəskin ərazi mübahisəsi isə 180 km-lik sahənin David-Qareci monastır kompleksinin yerləşdiyi bir hissəsidir.
Əsas şahid-xəritə
Bu iş haqda birinci dəfə sentyabrın 29-u məlum oldu. Gürcüstan prokurorluğu bəyanat yaydı ki, ölkə ərazisinin bir hissəsini xarici dövlətə verilməsi cəhdi barədə faktı araşdırır. İş üzrə əsas sübut 1936-1937-ci illərin xəritəsidir. Prokurorluqda təsdiqləyirlər ki, bu, relevant xəritədir və ondan sərhədin demarkasiyası üçün istifadə etmək lazım idi. Lakin naməlum səbəblərdən xəritə Dövlət Komissiyasının gürcü ekspertləri tərəfindən gizlədilib ki, bu da Azərbaycana əl verib. Prokurorluqda təsdiqləyirlər ki, komissiyanın sabiq üzvlərinin bu əməlləri nəticəsində Gürcüstan 3500 hektar ərazi itirmək təhlükəsi ilə üz-üzə qalıb. Prokurorluğun iddiasına görə, xəritə barədə avqustun 17-i Müdafiə Nazirliyi sayəsində məlum olub. Bundan sonra istintaq başlayıb və xəritənin əsli Natalya İlyiçevanın evində, onun iş otağında tapılıb. İveri Melaşvili həbs olunmamışdan öncə jurnalistlərə bir neçə müsahibə verməyə imkan tapıb. O deyib ki, iş üzrə yeganə dəlil olan xəritənin nöqsanları var və komissiya məhz bu səbəbdən onu əlində əsas tutmayıb. “Bu xəritə vaxtilə analiz olunub və biz ondan imtina etmişik. Onun xeyli qüsuru var, nöqtələr nöqtələrlə, çaysa çayla üst-üstə düşmür”, – İveri Melaşvili TV Piveli-yə müsahibəsində deyib. O həmçinin söyləyib ki, prokurorluğun iddia etdiyi sərhəd sahəsi, ümumiyyətlə, Azərbaycan tərəfi ilə razılaşdırılamyıb, daha doğrusu, prokurorluğun araşdırdığı cinayət işi baş verməyib. Melaşvilinin sözlərinə görə, Azərbaycan tərəfi ilə uzun illər görülən iş nəticəsində Sərhədin Demarkasiyası üzrə Komissiya yalnız sərhədin 66 faizi üzrə razılaşmaya gələ bilib və iddia olunan David-Qareci bu hissəyə daxil deyil.
David Qareci – mübahisəli ərazi
Prokurorluğun materialları mübahisəli sahə olan David-Qqareciyə aiddir. Gürcüstan-Azərbaycan sərhədinin bölgüsü aparılmayan ərazisində yerləşən qədim monastır kompleksi çoxdan iki ölkə arasında ciddi diplomatik mübahisələrin səbəbi olub. Söhbət Gürcüstanda David-Qareci, Azərbaycanda isə Keşişdağ və ya Keşikçidağ adlanan tarixi abidədən gedir. Kompleks təxminən VI əsrdə inşa edildiyindən hər iki tərəf müxtəlif mənbələrə və tarixi faktlara arxalanır. Sərhəd düz komleksdən keçir və iki dost partnyor-ölkə arasında bu məsələ ilə bağlı çoxsaylı danışıqlar hələ ki nəticəsiz qalıb. Gürcüstan təsdiqləyir ki, bu, gürcü mədəniyyətinin abidəsidir. Azərbaycanda hesab olunur ki, kompleks qədim dövlət olan Qafqaz Albaniyasının mədəniyyətinin bir hissəsidir və gürcülərə heç bir dəxli yoxdur.
Rusiya izi?
İşdə bir detal diqqəti cəlb edir: “Mtavari” televiziya kanalının baş ditrektoru Nika Qvaramiya prokurorluğu bir gün qabaqlayıb və öz proqramında söyləyib ki, prokurorluq Saakaşviliyə qarşı David-Qareci monastırı ilə bağlı cinayət işi açmağa hazırlaşır. Qvaramiya deyib ki, Müdafiə Nazirliyi Rusiyadan olan biznesmen, Bidzina İvanişvilinin dostu David Xidaşelidən xəritə barədə məlumat alıb. Prokurorluq öz bəyanatında təsdiqləyir ki, nazirlik bu xəritələri xarici dövlətdə yaşayan Gürcüstan vətəndaşından alıb. Lakin bu adamın şəxsiyyəti dəqiqləşdirilmir: “Gürcüstan vətəndaşı başqa ölkələrdə mühüm arxiv materialları, o cümlədən topoqrafik xəritələr aşkarlayıb və Müdafiə Nazirliyinə ötürüb və bu sənədlər istintaqa təqdim edilib”, – prokurorluğun xəbərində deyilir. Xəritələrin Müdafiə nazirliyinə ötürülməsi faktını biznesmen Xidaşeli öz Birinci kanalın efirində təsdiqləyib. Biznesmen xəritələrin hansı dövrə aid olması və sənədlərin onun əlinə necə keçməsi barədə heç nə deməyib. Xidaşeli Birinci kanalın müxbirinə bəyan edib ki, bir həftədən sonra Gürcüstana qayıdacaq və media nümayəndələrinin suallarına cavab verəcək. Google-də David Xidaşeli haqqında bu ilin aprel ayına olan məlumat tapmaq olar. Həmin məlumatda Xidaşelinin Koronavirusla Mübarizə üzə Dövlət Fonduna 1,2 milyon lari köçürdüyü deyilir. Gürcü mediasının xəbərlərinə görə, Xidaşelinin Rusiyada və Yunanıstanda biznesi var.
Siyasi qiymətləndirmələr
Bu mövzunun iki qorxulu konteksti var, siyatəçilər və ekspertlər deyir. Biri daxili istifadə üçündür, yəni parlament seçkilərinə bir neçə gün qalmış hakim “Gürcü arzusu” partiyasının əsas rəqibi Mixail Saakaşvili ilə mübarizəyə yönəlib. İkincisi – daha qorxulu kontekst Azərbaycanla ikitərəfli münasibətlərin korlanma ehtimalıdır. Hakimiyyət nümayəndələri hər iki konteksti təkzib etməyə çalışır: “Bu, Gürcüstanın daxili işidir və prinsip etibarı ilə bu məsələni siyasiləşdirmək, xüsusilə də onu təhlükəli Gürcüstan-Azərbaycan münasibətləri kontekstində müzakirə etmək yolverilməzdir”, – Tbilisinin meri və “Gürcü arzu”sunun baş katibi Kaxi Kaladze deyib. Gürcüstanın xarici işlər naziri David Zalkalianinin sözlərinə görə, hər hansı bir ölkənin siyasi maraqlarına ziyan vurmayacaq qərar qəbul ediləcək. “Bizim opponentlərdən eşitdiklərimiz sadəcə siyasi manipulyasiyalardır və gerçəkdən də dövlət əleyhinə yanaşmadır. Biz sonadək öz maraqlarımızı müdafiə edəcəyik və mən əminəm ki, biz azərbaycanlı həmkarlarımızla razılığa gələcəyik. Bu razılaşma hər iki tərəf üçün məqbul olacaq və dövlət maraqlarına ziyan vurmayacaq”, – Zalkaliani deyib. Müxalifət hesab edir ki, “Gürcü arzusu” bölgədə yeni münaqişə ocaqları yaradır: “Azərbaycanın müharibə vəziyyətində olduğu bir dövrdə Gürcüstan hökumətinin ötən hakimiyyət dövründə Azərbaycana ərazi verməsi barədə bəyanatı müəmmalıdır və bölgəmizdə cari proseslər üçün böyük təhlükə doğurur”, – Vahid Milli Hərəkat müxalifət partiyasının nümayəndəsi Salome Samadaşvili bəyan edib. “Siz Azərbaycana qarşı ərazi iddiası irəli sürürsünüz? Siz 3500 hektara iddia edirsiniz? Düşmən obrazı və polyarizasiya üzərində qurulmuş seçkiöncəsi kampaniya Bidzina (İvanişvili – hakim partiyanın lideri) hökumətinin yeganə teznologiyasıdır. Sərhəd demarkasiyası üzrə komissiyanın rəhbəri və üzvünün həbsi növbəti dəfə Saakaşvilidən düşmən obrazı yaratmaq cəhdinə əsaslanıb”, – Birləşmiş müxalifət seçki blokunun üzvü, Respublika partiyasının liderlərindən biri David Berdzenişvili Facebook-da yazıb. Siyasətçilər və fəallar saxlanılanları dəstəq məqsədi ilə etiraz aksiyası keçirməyi planlaşdırırlar.