Gürcüstanda Azərbaycan vətəndaşının sərhədi qanunsuz keçdiyinə görə saxlanıldığı bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 27 yaşlı Ç.G. sərhəd nəzarətindən yayınaraq ölkənin dövlət sərhədini qanunsuz şəkildə keçib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Tbilisi-Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunan maddə sərhədi qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Azərbaycanda quru sərhədlər 2020-ci ilin martından etibarən koronavirus səbəbilə bağlanıb.
Hazırda Azərbaycanda karantin rejim davam edir və Nazirlər Kabineti onun müddətini 2025-ci il oktyabrın 1-dək uzadıb.
Rəsmilər quru sərhədlərinin bağlı qalmasını bölgədəki müharibə və qeyri-sabitlik fonunda yüz minlərlə potensial qaçqının Azərbaycana axın etməsi riski ilə əlaqələndiriblər.
Siyasi şərhçilər isə hesab edirlər ki, hökumət quru sərhədlərinin bağlı qalmasını əvvəlcə pandemiya, sonra isə Rusiya-Ukrayna müharibəsi ilə əsaslandırsa da, əsl səbəblər bu deyil və qərarın arxasında başqa, ictimaiyyətə açıqlanmayan məqsədlər dayanır.