“Çirkli pulların yuyulması” və “fırıldaqçılıq” ittihamı ilə Tbilisi və Kutaisidə 5 ünvanda axtarış aparılıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti Tbilisi və Kutaisidə bir neçə şəxsin evində, təşkilatın ofisində axtarış aparıb.
Evində axtarış aparılanlardan biri Federalist Partiyasının lideri Giorgi Noniaşvilidir. O, sosial şəbəkələrdə yazıb ki, axtarış onun həyat yoldaşının “Atlantic Council” Tədqiqat Mərkəzində aparılıb, Sofo Gelavanın işi ilə bağlıdır.
Axtarış nəticəsində maliyyə polisi Sofo Gelavanın şəxsi kompüterini, telefonu, Georgi Noniaşvilinin və onların azyaşlı oğlunun noutbukunu götürüb.
Mərkəzin digər əməkdaşı Eto Buziaşvilinin evində də axtarış aparılıb.
Jurnalistlərlə söhbətində o, müstəntiqlərin axtarışın onun işlədiyi təşkilatla bağlı olduğunu deyib.
“Səhər saat 8 radələrində gəldilər. Mənə demirdilər ki, maliyyə polisindəndirlər; əvəzində özlərini qaz müfəttişliyi xidməti kimi təqdim edərək sızma olduğunu bildiriblər. Təxminən altı nəfər içəri girdi və dərhal axtarışa başladı. Telefonumu aldılar və vəkilimlə əlaqə saxlamağa imkan vermədilər. Xüsusilə sənədləşdirmə və texnologiya ilə maraqlanırdılar, motivləri də bu idi. Axtarış təxminən iki saat çəkdi, məni dindirməyə çağırdılar. Onları maraqlandıran yeganə şey mənim iş yerim, Amerikanın qeyri-hökumət təşkilatı olan “Atlantic Council” idi. Biz Rusiya kəşfiyyatının əməliyyatları ilə bağlı dərin araşdırma aparırıq”, – Buziaşvili “Azadlıq” radiosuna bildirib.
Buziaşvilinin sözlərinə görə, istintaq Cinayət Məcəlləsinin üç maddəsi ilə aparılır: dələduzluq, vergidən yayınma və çirkli pulların yuyulması.
Atlantic Council” 1961-ci ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının nəzdində yaradılan Amerika beyin mərkəzidir. Siyasi, biznes və intellektual beynəlxalq liderlər üçün forumdur. Şura beynəlxalq təhlükəsizlik və qlobal iqtisadiyyatla bağlı on regional mərkəz və funksional proqramları idarə edir. Qərargahı Vaşinqtonda yerləşir.
Gürcüstan vətəndaşı və komediya aktyoru Onise Tsxadadze sosial şəbəkələrdə onun və qardaşının evində də axtarışların aparıldığını yazıb.
Maliyyə Nazirliyinin İstintaq Xidməti xaricdə iri biznes şirkətlərinə məsləhətlər verən Amerikanın “Concentrix Georgia” şirkətinin ofisində də axtarış aparıb. “Concentrix Georgia” əməkdaşlarına bu gün işləyə bilməyəcəkləri barədə məlumat verilib.
Kutaisidə vətəndaş Valeri Tkeşelaşvilinin evində də axtarış aparılıb, bu barədə onun “Facebook” səhifəsində yazılıb.
O, uzun illərdir Gürcüstanda olmadığını və axtarışların siyasi baxışları ilə bağlı olduğunu iddia edir. Tkeşelaşvilinin sözlərinə görə, ona izah edilib ki, axtarış fırıldaqçı zəng mərkəzləri ilə əlaqəli aparılan istintaqla bağlıdır.