Avqustun 27-də Gürcüstanın 7 vətəndaş cəmiyyəti təşkilatının bank hesabları dondurulub.
Tbilisi şəhər məhkəməsi təşkilatların hesablarına həbs qoyulması ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onlar “təxribat işi” çərçivəsində 2024-cü ilin sonunda etirazları “maliyyələşdirməkdə” ittiham olunurlar. Mart ayında xeyriyyə təşkilatları, o cümlədən Nanuka Fonduna da eyni iş üzrə ittiham irəli sürülüb.
Bank hesabları dondurulan təşkilatlar bunlardır:
- “Vətəndaş Cəmiyyəti Fondu”
- “Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət” (ISFED)
- “İnformasiya Azadlığının İnkişafı İnstitutu” (IDFI)
- “Demokratiyanın keşikçiləri”
- Gürcüstan Demokratiya Təşəbbüsü (GDI)
- “Safari”
- “Sosial Ədalət Mərkəzi”
Prokurorluğun məlumatına görə, onlar ötən il etiraz nümayişlərinin iştirakçılarının maliyyələşdirilməsini “koordinasiya ediblər”.
Prokurorluğun bəyanatında qeyd olunur ki, adıçəkilən qurumların vəsaiti “polislə qarşıdurma zamanı aksiya iştirakçılarının fəal şəkildə istifadə etdikləri xüsusi qaz maskaları, qoruyucu eynəklər, maskalar, üz qoruyucuları, bibər qazı və digər vasitələr” kimi ləvazimatların alınmasına yönəldilib”.
İstintaq çərçivəsində bu qərara səbəb olan ittiham “təxribat, ağırlaşdırıcı şəraitdə təxribata cəhd, xarici təşkilata və ya xarici nəzarətdə olan təşkilata düşmənçilik fəaliyyətində köməklik göstərmək, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinin əsaslarına qarşı yönəlmiş fəaliyyət üçün vəsaitlərin səfərbər edilməsi”dir.
Prokurorluq hesab edir ki, qeyd olunan təşkilatların rəhbərləri “açıq şəkildə cəmiyyəti itaətsizliyə və müqavimətə çağırıblar”.
İstintaq həmçinin bildirir ki, vətəndaş təşkilatlarının fəaliyyəti “bütünlükdə zorakılıq aktlarında iştirak edən şəxslərə və onların ailə üzvlərinə maddi müdafiənin təmin edilməsinə yönəlib”.
Prokurorluğun məlumatında o da qeyd olunub ki, bu təşkilatların maliyyəsi “cərimələrin ödənilməsinə, müdafiə xərclərinin ödənilməsinə və qanunu pozanların xeyrinə digər şəxsi və ya təşkilati məsələlərin həllinə yönəldilib”.
Məqsəd olaraq isə qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri “həvəsləndirmək” və “qorumaq” göstərilir.
Vətəndaş Cəmiyyəti Fondunun hüquqşünası Saba Braçveli prokurorun bəyanatından bu parçanı sitat gətirərək «Facebook»da yazıb:
“Yəni prokurorluq başqa şəxsin (xüsusən də haqsız yerə həbsdə olan şəxsin) hüquqi müdafiəsinə köməklik göstərilməsini, onların ailəsini dolandırmağı, hüquqi məsləhətlər verməyi cinayət hesab edib və bu səbəbdən də vətəndaş təşkilatlarına həbs qoyur”.
“Biz insanları heç vaxt tək qoymayan insanlarıq. Dələduzlar məhbuslara kömək etməyi cinayət elan edib, bunun üçün cinayət qanunu normaları yaradıb bizi həbs edənlərdir. Qərar verin, hansımız gürcüyük. Hansı ölkədə yaşamaq istəyirsiniz. Çünki bizim və bu qansız sadistlərin Gürcüstan övladları adlandırılması qeyri-mümkündür”, – vəkil yazıb.
Eyni mövqedən “Gürcü Arzusu” hökumətinin keçmiş müdafiə naziri, hazırda “Civic Idea” tədqiqat təşkilatının yaradıcısı Tina Xidaşeli də çıxış edib.
O, prokurorun mövqeyini “tamamilə biabırçı” adlandırır və yazır:
“Beləliklə, bir daha insan haqları təşkilatları təxribatda ittiham edilməli idi və hakim bunu təsdiqlədi, çünki onlar hüquqi xidmətlər göstərirdilər və benefisiarlarına təşkilati məsələlərin həllində kömək edirdilər”.
Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze bunun tamamilə absurd olduğunu və müvafiq əsaslandırmanın sonra dərc ediləcəyini bildirib.
Bununla belə, o, vurğulayıb ki, “qərar praktiki olaraq təşkilatların institusional və maliyyə iflici deməkdir”.
“Gürcü arzusu bizdən vətəndaşlara və sosial qruplara dəstəyi dayandırmağımızı istəyir. Gəlin daha onların cinayətlərini, ədalətsizliyini ifşa etməyək və cəmiyyətdə həmrəylik yaratmayaq”, – Mikeladze yazıb.
“Vizanın liberallaşdırılmasına bir neçə gün qalmış (31 avqust) vətəndaş təşkilatlarının məhv edilməsi qərarının nə demək ola biləcəyi ayrıca böyük məsələdir. Praktikada bu, “Gürcü arzusu” tərəfindən Brüssellə münasibətlərin gərginləşməsi və bu prosesin tam sabotajıdır”, – o qeyd edib.
Avropa Komissiyası avqustun sonuna təyin edilmiş tövsiyələrin yerinə yetirilməsi üçün son tarix olmaqla, demokratiyada “ciddi geriləmələr” səbəbindən Gürcüstan üçün vizasız rejimin dayandırılmasını nəzərdən keçirir.
Aİ səfiri bəyan edib ki, tələblər yerinə yetirilməsə, bütün məsuliyyət Gürcüstan hakimiyyətinin üzərinə düşəcək.
Gürcüstan hökuməti Avropa İttifaqının viza liberallaşdırılmasının mümkün ləğvi ilə bağlı bəyanatlarını “şantaj” kimi qiymətləndirir.
Qərardan sonra Gürcüstan QHT-ləri Korrupsiyaya Qarşı Mübarizə Bürosuna qarşı iddia qaldırıb.
Gürcüstanın aparıcı qeyri-hökumət təşkilatları Korrupsiyaya Qarşı Mübarizə Bürosuna qarşı Tiflis Şəhər Məhkəməsində iddia qaldırıb. QHT-lər Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kupraşvilinin mayın 31-də onlara qarşı araşdırma aparılan əmrinin etibarsız sayılmasını tələb edirlər.
Gürcüstan hökumətinin təqibinə məruz qalan QHT-lər barədə qısaca
Təxminən 30 ilə yaxındır ki, Vətəndaş Cəmiyyəti Fondunun (keçmiş Açıq Cəmiyyət Gürcüstan Fondu) komandası Gürcüstanda vətəndaş cəmiyyətinin təşviqi və inkişafı ilə bağlı öhdəlik götürüb.
Vətəndaş Cəmiyyəti Fondu Gürcüstanın Avropa istəklərinə, insan hüquqlarının və media azadlığının qorunmasına, azlıqların inteqrasiyasına və ölkədə sosial ədalətin bərqərar olmasına xidmət edən müstəqil və müxtəlif səsləri və təşəbbüsləri dəstəkləyir. Vətəndaş Cəmiyyəti Fondu demokratik dəyişikliklər və ictimai rifah naminə insanları, təşkilatları və koalisiyaları bir araya gətirən platforma kimi tanınır.
Ədalətli Seçkilər (ISFED) – Beynəlxalq Ədalətli Seçkilər Cəmiyyəti və Demokratiya Gürcüstanda ən geniş regional şəbəkələrdən birinə malik müstəqil qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Seçkilərlə bağlı monitorinqinin aparılması məqsədi ilə 25 il əvvəl yaradılıb. Gürcüstanda ISFED bütün bələdiyyələri əhatə edir.
İnformasiya Azadlığının İnkişafı İnstitutu (İDFİ) hökumətin hərəkətlərini izləmək, pozuntuları aşkar etmək və ictimaiyyətə məlumat yaymaq yolu ilə nəzarətçi fəaliyyəti ilə məşğul olan təşkilatdır.
Democracy Defenders (Demokratiyanın keşikçiləri) eyni zamanda Gürcüstanın Avro-Atlantik mənsubiyyətini inkişaf etdirərkən vətəndaş azadlıqlarının və demokratik prinsiplərin qorunmasını və təbliğini nəzərdə tutur.
Gürcüstan Demokratik Təşəbbüsü insan hüquqlarının müdafiəsi, inklüziv cəmiyyətin genişləndirilməsi və tolerantlığın təşviqi, demokratik islahatların gücləndirilməsi və qanunun aliliyinin yüksəldilməsi, ictimai institutların şəffaflığının və hesabatlılığının artırılması yönündə işlər aparır. GDI Gürcüstanın üzləşdiyi problemlərin həlli üçün monitorinq, açıq debat, fakta əsaslanan araşdırma və siyasət variantlarının təhlili vasitəsilə bu idealları həyata keçirir.
Sapari Əsasən zorakılığa məruz qalan qadınlarla çalışan təşkilat hüquqi, sosial, psixoloji yardımlar edir.
Sosial Ədalət Mərkəzi iqtisadi, sosial və siyasi bərabərsizliyin struktur səbəblərini müəyyən etmək və demokratik yollarla mövcud nizamın transformasiyasına töhfə verməklə kritik bilikləri bölüşmək məqsədi daşıyan, insan hüquqları və sosial ədalət üzərində işləyən solçu bir təşkilatdır.
2024-cü ilin mayın Gürcüstan parlamenti kütləvi etirazlara baxmayaraq “Xarici agentlər haqqında qanun”u qəbul edib. Elə həmin ilin 26 oktyabr parlament seçkilərindən sonra müxalifət partiyaları seçkilərin saxtalaşdırıldığını iddia edərək, parlamentə daxil olmaqdan imtina ediblər.
Baş naziri İrakli Kobaxidze 2024-cü il noybarın 28-də Gürcüstan ilə Avropa Birliyi arasında danışıqların dayandırıldığını elan edəndən sonra isə minlərlə insan kütləvi etirazlara başlayıb. Polis etirazları zorakılıqla dayandırmağa cəhd edib. Etirazçılar arasında cərimələnən və həbs edilənlər olub. 2025-ci ilin mayında isə Gürcüstan parlamenti “Xarici agentlər” haqqında qanun (FARA) qəbul etdi.
Qanun layihəsi ABŞ-da 1938-ci ildən qüvvədə olan FARA-nın (“Foreign Agents Registration Act”) sözbəsöz tərcüməsi əsasında hazırlanaraq 1 aprel tarixində üçüncü oxunuşda təsdiqlənib. Qanuna əsasən, xarici mənbədən maliyyələşən və ictimai-siyasi fəaliyyət göstərən QHT-lər, media, şirkətlər və fiziki şəxslər “xarici agent” kimi qeydiyyatdan keçməlidirlər. Bu, həm birbaşa, həm dolayı xarici təsir və maliyyə alanlara aiddir. Qanun, reklam, məsləhətçilik, informasiya yayımı və digər təsiredici fəaliyyətləri də əhatə edir.
Qanun tələblərinə əməl etməyənlər 10.000 lari cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum edilə bilər. Jurnalist və fiziki şəxslər də daxil olmaqla, hər kəs fəaliyyətinə dair materialları Korrupsiyaya Qarşı Mübarizə Bürosuna təqdim etməlidir.