Gürcüstanda polis 4 oktyabr aksiyasına görə daha 13 nəfəri saxlayıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandr Darxvelidze məlumat verib. Onun sözlərinə görə, daha iki nəfərin şəxsiyyəti müəyyən olunub, lakin onlar istintaqdan gizlənirlər. Darxvelidze əlavə edib ki, digər iştirakçıların kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam edir.
“İlkin mərhələdə hüquq-mühafizə orqanları cinayət hadisəsində iştirak edən 15 nəfəri müəyyən edib, onlardan məhkəmənin qərarı ilə artıq 13 nəfər saxlanılıb”.
4 oktyabrda, yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirildiyi gün, Tbilisidə “hakimiyyətin sülh yolu ilə devrilməsi” məqsədilə aksiya baş tutub. Əvvəlcə iştirakçılar Azadlıq meydanında toplaşıblar, daha sonra Atoneli küçəsindəki Prezident Administrasiyasına doğru yürüş ediblər. Bir neçə nəfər hasarın bir hissəsini dağıdaraq Prezident Administrasiyasının həyətinə daxil olub, lakin polis onları ərazidən çıxarıb.
Həmin gecə aksiyanın beş təşkilatçısı — Paata Mandjqaladze, Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze və Laşa Beridze saxlanılıb. Onların hamısına qarşı ittiham irəli sürülüb və məhkəmə qarşısına çıxarılacaqları gözlənilir.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 317 (Konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış), 187 (Əmlakın zədələnməsi və ya məhv edilməsi ), 222 (Strateji və ya xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsi və ya bloklanması ), 225-ci (Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya iştirak) maddələri üzrə cinayət işi açıb.
Gürcüstanın Baş naziri və hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib ki, “hakimiyyətin devrilməsi cəhdi uğursuz olub” və bu hadisədə iştirak edənlər “ciddi şəkildə cəzalandırılacaqlar”.
“Rustavi 2” telekanalına verdiyi açıqlamada Kobaxidze parlament binası qarşısında davam edən aksiyalarla bağlı da danışıb və iştirakçıların “cavab alacaqlarını” deyib. O, bəzi etirazçıları “xarici agentlər”, digərlərini isə “səmimi axmaqlar” adlandıraraq əlavə edib:
“Əgər 100 nəfər xarici agent 4 milyon vətəndaşın, onların iqtisadiyyatının və milli maraqlarının əleyhinə çıxırsa, bu qəbuledilməzdir. Bu insanlara qarşı heç bir mərhəmət göstərilməyəcək. Biz qanun və Konstitusiya çərçivəsində hərəkət edirik”.
Baş nazirin sözlərinə görə, “axmaqlıqla” belə bu cür aksiyalarda iştirak edənlər də güzəşt gözləməməlidirlər:
“Əgər axmaqlıq milli maraqlara qarşı yönəlibsə, o da cəzalandırılacaq”.
“Detallara varmayacağam, amma bizim metodikamıza uyğun olaraq, onlar 4 milyon vətəndaşa, onların maraqlarına və iqtisadiyyatına qarşı törətdikləri zorakılığa görə cavab alacaqlar”, – Kobaxidze həmçinin bildirib.
Tbilisidə parlament binası qarşısında etiraz aksiyaları 2024-cü ilin 28 noyabrından davam edir. Həmin vaxt Kobaxidze Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının 2028-ci ilə qədər dayandırıldığını elan etmişdi. Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini və cinayət işləri üzrə saxlanılan bütün nümayiş iştirakçılarının azad olunmasını tələb edirlər.