Gürcüstanda əcnəbilərin deportasiyası proseduru sadələşdirilir

Gürcüstan. Foto: Reuters

Xarici vətəndaşların ölkədə sığınacaq alması çətinləşdirilir

Gürcüstan Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya və sığınacaq prosedurundan sui-istifadə ilə mübarizə üçün qanunvericiliyə düzəlişlər paketi hazırlayıb.

Dəyişikliklər təsdiqlənərsə, xüsusilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təsir edəcək.

Nazirliyin verdiyi məlumata görə, “Beynəlxalq müdafiə haqqında” adı altında təqdim olunan bu qanunvericilik dəyişiklikləri paketi Avropa Parlamenti və Avropa Şurasının direktivlərinə uyğun olaraq hazırlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi “qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirmək və beynəlxalq müdafiənin təmin edilməsi qaydalarını təkmilləşdirmək üçün” qanunvericiliyə düzəlişlər paketi hazırlayıb.

Nazirlik bildirib ki, artıq müvafiq təşəbbüslə Gürcüstan parlamentinə müraciət olunub.

Dəyişikliklərə görə, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə xarici vətəndaşın Gürcüstandan çıxarılması və müəyyən müddət ərzində Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı cəza növü əlavə olunacaq. Təqdim olunan yeni qanunvericilik paketində Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərin cərimələrinin artırılması da nəzərdə tutulur. Həmçinin, ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyası proseduru xeyli sadələşdirilir.

Bundan əlavə, dəyişikliklərə görə, “sui-istifadə hallarının qarşısını almaq üçün” ölkəyə daxil olduqdan sonra bir ay ərzində sığınacaq üçün müraciət etməyən xarici vətəndaşların ərizələrinin sürətləndirilmiş qaydada baxılması proseduru tətbiq olunur.

Yeni mexanizmə əsasən, əgər xarici vətəndaşın ölkəyə girişi dövlət təhlükəsizliyi üçün təhdid yaradırsa, onun sığınacaq məsələsi Gürcüstanın dövlət sərhədində araşdırılacaq və həmin şəxsin ölkə ərazisinə buraxılmasına icazə verilməyəcək.

Eyni zamanda, sığınacaq verilməsi ilə bağlı müraciətlərin baxılması və apelyasiya müddətləri əhəmiyyətli dərəcədə qısaldılacaq. Qərarların verilməsinin sadələşdirilmiş (elektron) proseduru tətbiq olunacaq ki, bu da apelyasiya şikayətinə baxılma müddətinə nəzarəti xeyli asanlaşdıracaq.

Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkədən çıxarılması məsələsi araşdırılan və ya çıxarılması barədə qərar qəbul edilmiş xarici vətəndaşa yaşayış icazəsinin verilməsi məhdudlaşdırılacaq.

Son aylarda Avropa ölkələrindən gələn xarici vətəndaşlar, xüsusilə insan haqları müdafiəçiləri və jurnalistlər Gürcüstan sərhədini keçərkən çətinliklərlə üzləşirlər. Rusiya, Belarus və Azərbaycan vətəndaşları olan jurnalistlərin və fəalların da Gürcüstana girişində problemlər var.

Sərhəd nəzarətinə cavabdeh olan Daxili İşlər Nazirliyi neçə nəfərin və hansı ölkə vətəndaşlarının Gürcüstana buraxılmaması ilə bağlı statistik məlumat yaymır. Yeganə statistika Gürcüstandan qovulan əcnəbilərlə bağlıdır və bu məlumatlara görə, təkcə martda 97 əcnəbi Gürcüstandan çıxarılıb.

Ana səhifəDünyaGürcüstanda əcnəbilərin deportasiyası proseduru sadələşdirilir