Gürcüstana sığınan siyasi fəal Azərbaycana verilə bilər


Məhkəmə Daşqın Ağaların ölkəni tərk etməsi üçün vaxt verib

Gürcüstana sığınan fəal Daşqın Ağalarlı Azərbaycana verilə bilər.

Bu barədə Meydan TV-ə siyasi fəalın özü məlumat verib. Daşqın Ağalarlı bildirib ki, məhkəmə qərarının onun əleyhinə olmasında Azərbaycan hökumətinin rolu var:

“Gürcüstan hökuməti mənim oturum istəyimi rədd etmişdi və etiraf etmişdi ki, Azərbaycanla maraqlar və təhlükəsizlik əsasdır. Və mən onları məhkəməyə verdim. Məhkəmə belə qərara gəldi ki, Gürcüstan mənə oturum verməlidir, hökumətin arqumentləri yersizdir. Görünür bundan sonra Azərbaycan hökuməti basqıları bir az da artırdı. Ona görə Gürcüstan hökuməti apelyasiya şikayəti verdi. Amma təəssüf ki, Apelyasiya Məhkəməsi qərarı 3 həftə gecikdirərək, 21 martda çıxardı. Şübhəli idi, təbii ki. Mən belə bir qərar olacağını gözləmirdim. Məhkəmə qərarının yeganə arqumenti Gürcüstan xüsusi xidmət orqanlarının verdiyi arayışdır. Bu da sırf siyasi arqumentlərdir, hüquqi arqument yoxdur. Məsələni də gərginləşdirən odur ki, Azərbaycan başlayıb bu söhbətləri Gürcüstan əleyhinə qaldırmağa, Gürcüstan xidmət orqanları da bizə qarşı keçən il müəyyən təxribat yaratmaq istəyib. Bu durumun baiskarları Gürcüstan hökuməti, Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarıdır. Hətta bir ay müddətində belə burda bizim qalmağımız qeyri-qanunidir. BMT-nin qaçqınlarla bağlı xüsusi komissiyası nədən öz funksiyasından imtina elədi? Bu da mənim üçün qaranlıqdır. Bildiyim qədəri ilə bu məsələdə də Azərbaycan hökumətinin rolu, basqısı var. Qaçqınlar üzrə Ali Komissarlıq birdən-birə arqument gətirməkdən imtina etdi. Bizim üçün məsələnin təhlükəli tərəfi budur. Biz mübarizə aparmağa, ekstremal şəraitdə yaşamağa öyrəşmişik. Amma 19 yaşında olan oğlumun nə günahı var? Uşaq bura gələndən psixoloji gərginlik və zədə altında yaşayır”.

Siyasi fəal əlavə edib ki, ona ölkəni tərk etmək üçün bir ay vaxt verilib: “Mənə deyiblər ki, bir ay vaxtınız var, bir aydan sonra ölkəni tərk etməsəniz deportasiya oluna bilərsiniz. Bir ölkə bütün beynəlxalq qanunlara o qədər tüpürməlidir ki, bu deportasiyanı həyata keçirsin”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə bildirib ki, BMT-nin bu iş üzrə qərarı təəssüf doğurur: “Beynəlxalq insan haqları sənədlərinə əsasən, təqiblərə görə ölkəni tərk etmiş şəxs həmin ölkəyə geri qaytarılmamalıdır və bu məsələdə başqa alternativ olmamalıdır. Təəssüf ki, beynəlxalq, xüsusən hökumətlərarası təşkilatlar hazırda Azərbaycanda insan haqları ilə bağlı məsələlərə olduqca biganə münasibət bəsləyirlər. Hüquq müdafiəçisi olaraq yardım üçün əməkdaşlıq etdiyimiz beynəlxalq QHT-lərə müraciət edə bilərik, çünki başqa edə biləcəyimiz bir şey də yoxdur və ümid edirik ki, beynəlxalq QHT-lər bu məsələni diqqətə götürüb Daşqın Ağalarlıya yardım edəcəklər”.

Müxalif fəal D.Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı.

Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək, onu İnterpol xəttilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı.

Britaniyada yerləşən “Foreign Policy Center” – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi vurğulanırdı.

Azərbaycan rəsmiləri son vaxtlar D.Ağalarlı ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Ana səhifəVideoGürcüstana sığınan siyasi fəal Azərbaycana verilə bilər