Gürcüstan və Qarabağ ətrafında münaqişə: neytrallığın yükü

“Gürcüstan Tbilisidə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü keçirməyə hazırdır”, – Qarabağ uğrunda aparılan döyüşlərin dördüncü günündə Gürcüstanın Baş naziri Giorgi Qaxariya bu təkliflə çıxış edib.

Source: Meydan TV

“Gürcüstan Tbilisidə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü keçirməyə hazırdır”, – Qarabağ uğrunda aparılan döyüşlərin dördüncü günündə Gürcüstanın Baş naziri Giorgi Qaxariya bu təkliflə çıxış edib.

“Bizim ümumi marağımız bölgədə sülhü mümkün qədər tez bərpa etməkdir. Gürcüstan bu prosesi istənilən mümkün yollarla dəstəkləməyə hazırdır, o cümlədən münaqişə edən tərəflərin nümayəndələrinin Tbilisidə görüşünü təşkil edə bilər”, – Baş nazirin bəyanatında deyilir.

Rəsmi Tbilisi bu bəyanatdan əvvəl Bakı və Yerevana başa salıb ki, onlar hərbi tranzit üçün Gürcüstan ərazisinə bel bağlaya bilməzlər. Bu dəqiqləşdirməni Gürcüstandakı erməni icmasındakı qarışıqlıqdan sonra etmək lazım gəlib, belə ki,, sentyabrın 28-də Ninosmind şəhərinin ətrafında yaşayan ermənilər Ermənistana Dağlıq Qarabağ üçün nəzərdə tutulmuş yük göndərməyə çəhd edib. Polis Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsindən yükü buraxmayıb, nəticədə qarşıdurma baş verib. Daha sonra yerli hökumət ərzaq və dava-dərmanla dolu yük maşınlarının buraxılması üçün göstəriş verib. Şinlər yüklənmiş maşın (onlardan səngərlərin möhkəmlndirilməsində istifadə olunacağı ehtimal edilir) Gürcüstan ərazisində qalıb.


Hansı olaylar baş verib?

Gürcüstanda erməni azlıqlar daha çox ölkənin Cənubunda, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşən Samsx-Cavaxetidə yaşayırlar. Bazar günü Ermənistanla Azərbaycan arasında döyüşlər yenidən başlayandan sonra yerli sakinlər etiraza çevrilən müxtəlif təşəbbüslərlə çıxış ediblər.

Beləcə, sentyabrın 29-da Axalkalaki bələdiyyəsinin Karsaxi kəndində Cavaxeti sakinləri Gürcüstan-Türkiyə beynəlxalq yolunun qarşısını kəsiblər. Onların dediklərinə görə, “Türkiyə bu yolla Azərbaycana silah göndərir”. Karsaxidə minə yaxın adam toplanıb. Türkiyənin dövlət nömrələri olan yük maşınları Karsaxi kəndi yaxınlığında dayanıb.

Toplaşanlar bir ağızdan qışqırıblar: “Ermənistan!”, “Arsax!”. Etiraz edənlər həmçinin koronavirus pandemiyası səbəbi ilə bağlı olan erməni-gürcü sərhədinin açılmasını tələb ediblər. Məqsəd humanitar yardım maşınlarının və döyüşməyə gedən könüllülərin – Gürcüstanda yaşayan etnik ermənilərin sərhəddən keçməsi olub.

Bir neçə saatlıq etitrazdan sonra yerli siyasətçilər və hüquq-mühafizə orqanları maşınların keçə bilməsi üçün adamları dilə tutmağa müvəffəq olublar.


Gürcüstandan olan erməni könüllüləri haqda nə məlumdur?

Sams-Cavaxeti bölgəsində könüllülər sentyabrın 28-də toplanmağa başlayıb. Qeydiyyat əsas etibarı ilə “Facebook”-da keçirilib, bundan başqa, bir neçə adam Axalkalaki və Ninosmind stadionlarında oturaraq, hərbi döyüşlərdə iştirak etmək istəyənlərin siyahısını tutub. Onlar dəftərlərdə könüllülərin adını, soyadını və vətəndaşlığını (Cavaxetidə bəzilərinin ikili vətəndaşlığı – gürcü və erməni vətəndaşlığı var) yazıb. Xəbər verildiyinə görə, siyahılar Ermənistana göndərilib.

“Exo Kavkaza” yerli fəal, Samsx-Cavaxetidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının rəhbəri Anna Tandaryandan, – o, Şərqi Gürcüstanın Axkerpi erməni kəndində anadan olub. Kənd, əhalisi, demək olar ki, etnik azərbaycanlılardan ibarət Marneuli rayonunda yerləşir, – sitat gətirir:

“Bu bizim müharibəmiz deyil. Biz, ermənilər və azərbaycanlılar Gürcüstan vətəndaşlarıyıq və bu bizim müharibəmiz deyil. Bizim öz aramızda çox yaxşı münasibətlərimiz var. Və mən bilmirəm ki, Gürcüstanda aramızda qarşıdurma baş verməsi üçün nə olmalıdır”.

Amma bu, deyəsən, o qədər də geniş yayılmış mövqe deyil – bir çox Gürcüstan ermənisi sadəcə özlərini Ermənistan tərəfində vuruşmağa borclu bilmirlər, onlar həmçinin vətəndaşları olduqları ölkədən – həm yerli hökumətdən, həm də sıravi sakinlərdən inciyirlər. Səbəbsə həmin şəxslərin bu münaqişədə bitərəf mövqe tutumasıdır. Bir çoxu öz incikliyini “Facebook”-da paylaşımlarda və şərhlərdə bildirirlər.


Saakaşvili nə deyib?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Facebook”-da etdiyi bəyanat da qızğın şəkildə müzakirə olunur. Belə ki, o öz səhifəsində Qarabağın Azərbaycanın bir hissəsi olduğunu yazıb. Axalkalakidə çoxu ona cavab olaraq bəyan edib ki, oktyabrın 31-də keçiriləcək parlament seçkilərində Saakaşvilinin partiyasına səs verməyəcəklər.

“Bu, bütün mənalarda xəyanətdir. Cavaxkada (ermənilər Samsxa-Cavaxetini bu cür adlandırırlar) Saakaşvilinin partiyasını kimin təmsil etməsindən asılı olamayaraq, ona səs verməməlidirlər. Onlar türklərin müttəfiqidirlər”.

Lideri Mixail Saakaşvili olan Vahid Milli Hərəkat Partiyasının Axalkalaki və Ninosmind dairəsindəki majoritar namizədi Melik Raisyan “JAMnews”-a deyib ki, Saakaşvilinin söylədikləri onun üçün qəbuledilməzdir, hərçənd bunda yeni heç nə yoxdur:

“Gürcüstanda elə bir lider görməmişəm ki, Azərbaycanın maraqlarını aşkar müdafiə etməsin. Adamlar öz mövqelərini açıq-aydın bilidirirlər. Mən bunu qəbul etmirəm, lakin onların həmin məsələyə yanaşmasını anlayıram. Saakaşvili artıq 15 ildir ki, eyni şey deyir”, – Raisyan söyləyir.

O, Saakaşvilinin sözlərinin müxalifətin seçkilərdə şanslarını zorlaya biləcəyini rədd etmir.

“Sözsüz ki, Saakaşvilinin bəyanatı rayonumuza güclü təsir edib və bizim seçkilərdə şanslarımız kritik şəkildə aşağı düşüb, bu, aşkar faktdır”, – Raisyan deyir.

Ehtiraslar Gürcüstanda yaşayan azərbaycanlılar arasında da dolub daşır. “Exo Kavkaza” “Martneuli FM” icma radiosunun direktoru Kamilə Məmmədovanın söylədiklərini sitat gətirir:

“Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısında Azərbaycan torpaqlarının geri qaytarılması tələbi ilə aksiya keçirilib. Könüllü yazılmaq istəyi olmayıb, amma Gürcüstanda yaşayan azərbaycanlıların bu cür emosiya nümayiş etdirməsi həmişə olub”.

Kamilə Məmmədova qeyd edib ki, Gürcüstan parlamentinin majoritar deputatları – etnik azərbaycanlılar və ermənilər oda yağ atırlar. Belə ki, həmin şəxslər Bakı və Yerevanı aşkar şəkildə (bəzən aqressiv şəkildə) dəstəkləyirlər. Bu cür bəyanatlar Tbilisinin rəsmi mövqeyindən fərqlənir və vəziyyəti bir az da gərginləşdirir. Münaqişəşünas, Gürcüstanın münaqişələrin nizamlanması üzrə sabiq nazir Paata Zakareişvili şərhində eyni mövqedən çıxış edir:

“Bu, kökündən qəbuledilməzdir, onlar Gürcüstan deputatıdır və qonşu ölkələrin deyil, Gürcüstan siyasətini dəstəkləməlidirlər. Təmsil etdikləri partiyalar buna fikir bildirməli və aşkar şəkildə belə bəyanatların qarşısını almalı, onları mühakimə etməlidirlər”, – Zakareişvili “Exo Kavakaza” deyib.

Ana səhifəSosialGürcüstan və Qarabağ ətrafında münaqişə: neytrallığın yükü