Gürcüstan tibbi barədə bir daha

İdeallaşdırırıqmı? Məncə, yox…

Source:

Bir müddətdir ki, səhhətimlə əlaqədar olaraq Gürcüstandakı klinikalara gedib-gəlirəm. Bir neçə xəstəlik ehtimalını nəzərə alıb, müxtəlif analizlər, müayinələrdən keçirəm. Həkimlərlə ünsiyyətdə oluram. Bəzən də uşaqda narahatlıq görəndə düşünürəm ki, xalqımızın müqəddəs “həkimə ancaq ya öləndə, ya da yarımcan olanda getmək” ənənəsinə xilaf çıxım. Gözləməyim ki, uşaq yatağa düşsün, tez aparıb yoxladım.

Klinikalardan birində ora bir neçə dəfə gəldiyimi görüb, dedilər: bir halda ki, bura davamlı gəlirsiniz, niyə bizim kartımızı götürmürsünüz? Kartın qiyməti qəpik-quruşdur, əvəzində isə bütün xidmətlərə 30 faiz endirim var. Xidmətləri onsuz da ucuz olan klinikanın endirim kartını aldım. Əvvəllər onsuz da 10-11 dollar arası ödədiyim xidmətlərə indi 7-8 dollar ödəyirəm.

Hər dəfə klinikaya gedəndə, ordakı növbə səliqəsinə sadəcə heyran oluram. Nadir hallarda dəhlizdə ucadan danışan personal, xəstə və ya xəstə yaxınları gözə dəyər. Dəhlizlərdə az qala hər iki addımdan bir nəhəng dibçəklərdə təbii güllər, su sərinləşdirici cihazlar, çay-qəhvə aparatları, insanlar darıxmasın deyə qəzet-jurnallar qoyulub. Sistem elə qurulub ki, gələn xəstə və ya xəstə yaxınları istəsələr belə, növbəni poza və ya narazılıq sala bilməzlər.

Hər tərəfdə ideal təmizlik hökm sürür.

Müayinələr, analizlərlə bağlı heyrətamiz bir ciddiliyin, dəqiqliyin şahidi oldum. Heç bir həkim dərman yazmağa, xəstəlik tapmağa çalışmadı. Hamısı gülər üzlə, dostyanalıqla təbii şeylərdən istifadə etməyi məsləhət gördülər. Hamısı deyirdi ki, sizdə xəstəlik yoxdur axı, dərman yazaq, gedin, təbii şeylərlə qidalanın, açıq havada gəzin, idman edin, stressdən uzaq olun, vəssalam.

Uşağa baxıb, deyirlər ki, balacalara mümkün qədər az dərman vermək lazımdır. Gözləyin, yeməyini yaxşı, sağlam edin, açıq havada gəzdirin, düzələcək. Heç biri adamı qorxutmadı. Uşağa qarşı həssaslıqdan istifadə edib, dərmanlarla yükləmədi.

Yadıma Bakıda olanda xəstəxanalara, klinikalara gedişim, yaxınlarımı aparmağım düşür. Hər addımda stress, acıdillik, növbədəki aqressiya, növbədənkənar, tanışlıqlarla adam içəri keçirmələr, yalandan yazılan bahalı dərmanlar, həkimlərin zəhər-zəqqum yağan üzləri, kobudluqları düşür. Əlbəttə, aralarında insaflıları, nə həkim, nə də insan sifətinini itirməyənləri də vardı. Amma istisna kimi, sevindirici hal kimi…

Biz Gürcüstandan yazanda, bəzi oxucuların dediyi kimi, bu yazı, Gürcüstanı ideallaşdırmaq məqsədi güdmür. Əksinə, Gürcüstanda çoxlu problemlər var. Həddən artıq çoxlu. Məhz tibb sistemi də mükəmməllikdən çox uzaqdır. Bununla belə, Gürcüstanın imkanlarını, nizam-intizama münasibətdə yerli özəlliklərini nəzərə alanda, necə bir inkişafa nail olduqlarını görməmək mümkün deyil.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəGürcüstan tibbi barədə bir daha