Fərman Ceyranlının vəkili: ”O, müxalifət nümayəndələrini müalicə etdiyi üçün həbs edilib”
Gürcüstanda həbs edilən “Lancet” Tibb Mərkəzinin təsisçilərindən, professor, tanınmış cərrah Fərman Ceyranlının vəkili Natali Bejaşvili onun həbsi ilə bağlı açıqlama yayıb.
O, Fərman Ceyranlının ittihamnaməsi ilə tanış olarkən dəhşətə gəldiyini bildirir. Deyir ki, bəlkə də Gürcüstan tarixində belə rüsvayçı məhkəmə qərarına rast gəlinməyib:
“Təqsirləndirilənin şəxsiyyəti və təqsirinin mahiyyətinə fikir verin. Fərman Ceyranlıya Cinayət Məcəlləsinin 247-ci maddəsinin birinci hissəsi ilə yaşayış və sağlamlıq üçün təhlükə yaradan şərait haqqında məlumatın gizlədilməsi, və 180-ci maddənin 3-cü hissəsinin “b” bəndi ilə küllü miqdarda dələduzluq cəhdinə görə ittiham irəli sürülüb. Ən gülməlisi odur ki, Fərman Ceyranlının iş yeri, vəzifəsi klinikanın direktoru kimi göstərilir. Halbuki, klinikanın direktoru o deyil. O, “Lancet”-in təsisçisidir. Heç bir cavabdehlik daşımır”.
Vəkil bildirir ki, klinikanın baş direktoru, kliniki direktoru, maliyyə direktoru, hüquq, reklam şöbəsi və s. bölmələr üzrə rəhbərləri var:
“Əgər bu işə kliniki direktor, yəni baş həkim, cavabdehdirsə, Fərman Ceyranlını niyə həbs ediblər? Axı o bu vəzifəni icra etmir. Absurd deyilmi?! Baş həkim, maliyyə direktoru deyil, xəstəni əməliyyat etməyib, reklam şöbəsində işləmir və s. Keçək 247-ci maddənin birinci hissəsinə. Fərman Ceyranlı xəstənin müalicə həkimi olmayıb, onu əməliyyat etməyib. Onun transplantasiya üzrə lisenziyası yoxdur. Niyə xəstəni Fərman Ceyranlı (baş verə biləcək fəsadlar barəsində) xəbərdar etməli idi? Axı onun öz lisenziyalı həkimi var idi. Özü də yüksək məktəb keçmiş, təkcə 26 nəfər Gürcüstan vətəndaşını Bakıda uğurlu əməliyyat edib. Xəstəyə əməliyyat haqqında məlumatı da elə özü verib – Mircəlal Kazımi. Belə hallarda müzakirə və istintaq obyekti hüquqi sənəd xəstəlik tarixidir. Orada isə Fərman Ceyranlıya aid heç nə yoxdur. Bu da ikinci bir absurddur”.
O ki qaldı 19, 180-ci maddənin üçüncü hissəsinə, Natali Bejaşvili deyir ki, ittihamın “a” və “b” bəndələri daha da gülməlidir:
“İlk növbədə qeyd etməliyəm ki, qaraciyərin transplantasiyası üçün göstərilən məbləğ dünyada ən ucuzudur. Növbəti olaraq nəzərə çatdırmaq istərdim ki, birinci xəstənin ödənişinin kassaya köçürüldüyü haqqında sahibinə qəbz verilib. Burada isə heç bir qanun pozuntusu yoxdur. İkinci xəstə isə hələ bu günə qədər öhdəsinə götürdüyü pulu ödəməyib. Burada hansı yeyintidən söhbət gedə bilər? Dediklərimin hamısını hüquqi sənədlərlə təsdiq edə bilərəm. Sual meydana çıxır: bəs, Fərman Ceyranlı niyə həbs edilib? “Haqqın az”dakı məqaləni oxuduqda hər şey aydın olur. Bu, siyasi sifarişdir. Fərman Ceyranlı çoxsaylı müxalifət nümayəndələrini Tbilisidəki “Lancet”də qəbul edərək onları müayinə və müalicə etdirib, vəssalam”.
Mayın 22-də
“Lantset” klinikasının təsisçilərindən Fərman Ceyranlı həbs edilib. O, Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur.
F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.
Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.