Gürcüstan quru sərhədlərini açır və kurortları hazırlayır

Turistlər necə gələ bilər və onları Gürcüstanda nə gözləyir?

Azadlıq Meydanı, Tbilisi. Foto: Meydan TV

Turistlər necə gələ bilər və onları Gürcüstanda nə gözləyir?

“Mediaset”in materialları əsasında

İyunun 1-dən Gürcüstan quru sərhədlərini açıb – bu, o deməkdir ki, indiyədək ölkəyə yalnız hava yolu ilə gəlməli olan xarici turistlər, artıq ölkəyə avtomobil və ya dərmiyolu nəqliyyatı ilə də daxil ola biləcəklər.

Hansı sənədlər lazımdır?

Peyvənd olunan qonaqlarla, hələ peyvənd olunmayanlar üçün qaydalar yetərincə fərqlidir.

COVİD-pasportu (onun daşıyıcısının COVİD-dən tam peyvənd kursu keçdiyini təsdiq edən arayış) olan turistə Gürcüstan sərhədini testin yalnız bir neqativ nəticəsi ilə keçməyə icazə verilir. Test sərhədi keçməzdən maksimum 72 saat əvvəl götürülməlidir.

Koronavirusdan peyvəndi olmayan şəxslər isə əvvəlcə formanı doldurmalı və ölkəyə giriş üçün Gürcüstan hakimiyyətinin razılığını almalıdır. Bu razılıq (o, sms-kod şəklindədir) sərhəddə təqdim olunmalıdır.

Həmçinin sərhədçilərə maksimum 72 saat əvvəl olunmuş testin mənfi nəticəsi göstərilməlidir. Bundan əlavə, Gürcüstan ərazisinə peyvənd olunmadan keçən şəxs ölkədə olduğu 3-cü gündə daha bir test verməlidir. Testin ödənişini özü etməlidir, Gürcüstanda bu xidmətin qiyməti 20-50 dollar arasındadır.

Hazırda Gürcüstana yalnız o ölkələrin peyvənd olunmamış vətəndaşları gələ bilər ki, onlarla sadələşdirilmiş hərəkət rejimi qüvvədədir. Buraya Avropa İttifaqı ölkələri, habelə bütün qonşu ölkələr (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə), ABŞ, Böyük Britaniya, Ukrayna, Belarus, Moldova və digərləri daxildir. Yerdə qalan ölkələrin vətəndaşları üçün isə Covid-19-dan peyvənd olunmaq vacibdir.

Turistlər üçün Gürcüstanda nələr əlçatandır

Koronavirus pandemiyası Gürcüstanı sərhədlərini 2020-ci ilin martında bağlamağa məcbur edib. Ölkə turistlərin qəbulunu faktik olaraq bir il sonra bərpa edib – yalnız 2021-ci ilin yazında Gürcüstan şəhərlərinin küçələrində yenidən əcnəbi qonaqlar görünməyə başlayıb.

Hazırda Gürcüstanda karantin məhdudiyyətləri qismən aradan qaldırılıb – mehmanxanalar və kurortlar açılıb, ticarət mərkəzləri, kafe və restoranlar fəaliyyət göstərir, ekskursiyalar təşkil olunur. Hakimiyyət uzunmüddətli fəaliyyətsizlikdən sonra çətin vəziyyətə düşmüş xırda biznesi həvəsləndirməyə çalışır. Komendant saatı hələlik qüvvədədir və ona ciddi riayət edilir – saat 23-dən səhər saat 4-ə qədər xüsusi icazə olmadan küçəyə çıxmaq qadağandır. Bu məhdudiyyət turistlər üçün də qüvvədədir.

Gürcüstanda epidemioloji vəziyyət heç də sadə deyil, gündəlik yoluxanların sayı min nəfərə yaxındır, hər gün onlarla xəstə virusun ağırlaşmalarından vəfat edir. Quru sərhədlərinin açılmasından bir qədər əvvəl epidemioloqlar turist axınının xəstələnmə sayına mütləq mənfi təsir edəcəyini söyləyiblər. Həmçinin qeyd olunub ki, turistlərin bir çoxu təhlükəsizlik qaydalarını pozur, hakimiyyətin isə buna görə onlara sanksiyalar tətbiq etmək imkanları yoxdur.

Ana səhifəXəbərlərGürcüstan quru sərhədlərini açır və kurortları hazırlayır