”Gürcüstan prokurorluğu Əfqan Muxtarlının işini öz üzərinə götürüb”

Source:

İyulun 25-də həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstan İstintaq Departamentinin rəhbəri Nakşiebia ilə görüşüb.

Bu barədə “Facebook” səhifəsində məlumat paylaşan Leyla Mustafayeva bildirib ki, 2 aylıq ardıcıl müraciətdən sonra Əfqan Muxtarlının işinin araşdırılmasını prokurorluq öz üzərinə götürdü:

“Öncə istintaq departamentinin rəhbəri Nakşiebia ilə görüşdük, detallı danışdıq. Əfqanın oğurlanmasında şübhəli bilinən dövlət məmurlarının məsuliyyətə cəlb olunmasını qaldırdım. Xüsusilə Sərhəd Xidməti Polisindən tutmuş Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə qədər. Eyni zamanda vurğuladım ki, Azərbaycan tərəf bir aydan çoxdur Gürcüstan Prokurorluğunun Əfqandan ifadə alması ilə bağlı müraciətə cavab verməyib. Belə olan halda hər iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın davam etdirilməsinə dair müqaviləsi sual altına düşür. Belə olan halda Azərbaycan tərəfə əməkdaşlığın dayandırılması ilə bağlı xəbərdarlıq etməlidirlər”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Ana səhifəXəbərlər”Gürcüstan prokurorluğu Əfqan Muxtarlının işini öz üzərinə götürüb”