“Mən bilmirəm bu haqda kimdən soruşum, bəlkə Copperfield (dünya şöhrətli sehrbaz) bizə kömək edə bilər?”
Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalist Əfqan Muxtarlının Tiflisdə oğurlanaraq Azərbaycana gətirilməsi haqda suallara cavab verib. Prezident bildirib ki, bu günlər Gürcüstanın imici ciddi hücum altındadır və ölkə idarəetməsi böhran vəziyyətindədir:
“Dövlətimizin imici çox ciddi təhlükə altındadır. Sizə demək istəyirəm ki, mən və başqa yüksək rütbəli siyasətçilər azərbaycanlı jurnalistin işi ilə bağlı idarəetmə böhranı yaşayırıq. Hazırda biz ölkənin imicini qaydasına salmaq, ölkə xaricində və daxilində Gürcüstan dövlətinə ünvanlanmış iddialara və onlara verilən adekvat cavablarla bağlı da böhran vəziyyətindəyik”, deyə prezident bildirib.
G. Margvelashvili deyib ki, məsələ ilə bağlı izahlar onun üçün anlaşılmazdır:
“Bir neçə gün qabaq bir nəfər Tbilisidə yoxa çıxıb və daha sonra Bakıda peyda olub – bu ki uşaq oyunudur. Biz sadəcə olaraq oturub bunun necə baş verə biləcəyini fikirləşmirik. Mən bilmirəm bu haqda kimdən soruşum, bəlkə Copperfield (dünya şöhrətli sehrbaz) bizə kömək edə bilər?”
Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib:
“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.
Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.
Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.
“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, – deyə Elçin Sadıqov bildirib.
Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.