Hakim “Gürcü arzusu” partiyası bu qanunu vəd etdiyindən daha tez qəbul etdi
Mayın 13-də Gürcüstan parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara müstəqil hüquqşünasların repressiv kimi qiymətləndirdiyi əlavələr paketini üçüncü və yekun oxunuşda yekdilliklə qəbul edib.
“Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklər hansı hallarda partiyanın qadağan oluna biləcəyini izah edir.
Bu hallara daxildir:
- Əgər onun məqsədi Gürcüstanın konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirməkdirsə
- Müharibə və ya zorakılığın təbliğatı
- Ölkənin müstəqilliyinə qəsd, ərazi bütövlüyünün pozulması
- Milli, etnik, dini və ya sosial ədavətin qızışdırılması
- Silahlı birləşmənin yaradılması.
Bundan əlavə, Konstitusiya Məhkəməsinə artıq onun tərəfindən qadağan edilmiş partyanın məramını, fəaliyyətinin mahiyyətini və üzvlərinin tərkibini təkrarlayan istənilən yeni partiyanı qadağan etmək səlahiyyəti verilib.
Aprel ayında hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze demişdi ki, “Gürcü arzusu” 2025-ci ilin oktyabrına təyin edilmiş yerli hakimiyyət orqanlarına seçkilərdən dərhal sonra müxalif siyasi partiyaların fəaliyyətinin qadağan edilməsini tələb edəcək.
“Biz əminik ki, gürcü xalqı bu seçkilərdə casus partiyalara layiqli cavab verəcək. Biz zəfərlə qalib gələcəyik və istəmirik ki, daxili və xarici qüvvələr hakimiyyətin seçkilər öncəsi partiyaları qadağan etməyə tələsdiyini desin”, – Mdinaradze o vaxt bildirmişdi.