Gürcüstan Ombudsman Aparatının nümayəndələri Əfqan Sadıqova baş çəkib

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

Sosial Ədalət Mərkəzinin məlumatına görə, quru aclığa keçən Əfqan Sadıqovun səhhəti son dərəcə narahatlıq doğurur

Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Aparatının nümayəndələri və həkimləri hazırda cəzaçəkmə müəssisəsində aclıq edən azərbaycanlı jurnalist Əfqan Sadıqova baş çəkib.

Ombudsman Aparatının yaydığı məlumata görə, Sadıqov xeyli çəki itirib.

Həkimin sözlərinə görə, bu mərhələdə qalan göstəricilər təhlükə yaratmır, lakin qəfil fəsadları istisna etmək olmaz.

“Ombudsman Aparatı əlavə olaraq məhbusun tam tibbi sənədlərini tələb edib. Əfqan Sadıqova göstərilən tibbi yardıma nəzarəti davam etdirir”, – Ombudsman Aparatının açıqlamasında bildirilir.

Əfqan Sadıqov hələ də mülki klinikaya köçürülməkdən imtina edir.

Azərbaycanlı jurnalist Əfqan Sadıqovun 147 gündür həbsxanada aclıq aksiyası keçirdiyi bildirilir.

Vəkillərinin sözlərinə görə, Sadıqovun aclıq aksiyası iki hökumətin (Azərbaycan və Gürcüstan) ədalətsizliyinə cavabdır.

Jurnalist 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib. Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilib.

Ailəsi, hüquq müdafiə təşkilatları və müstəqil media onun həbsini siyasi təqibi ilə əlaqələndirir.

Əfqan Sadıqov aclıq aksiyasına 2024-cü il sentyabrın 21-də başlayıb. Aclıq aksiyasının 17-ci günündə jurnalistin səhhəti pisləşib və o, 18 saylı tibb müəssisəsinə köçürülüb və bu günə kimi oradadır.

Fevralın 10-da Əfqan Sadıqovun maraqlarını müdafiə edən Sosial Ədalət Mərkəzi jurnalistin aclıq aksiyası keçirməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Əfqan Sadıqovun səhhəti son dərəcə ağırlaşıb və bir neçə saat huşsuz vəziyyətdə qalıb.

Həkimlərin müdaxiləsindən sonra ağır vəziyyətdən çıxarılıb.

Fevralın 2-də uzun sürən aclıq aksiyasından sonra Əfqan Sadıqov quru aclığa keçib və su içməkdən imtina edib.

Sosial Ədalət Mərkəzinin məlumatına görə, Əfqan Sadıqovun səhhəti son dərəcə narahatlıq doğurur. Hazırda 56 kiloqram çəkisi olan jurnalist həbs olunduqdan sonra 40 kiloqramdan çox arıqlayıb. İstintaq təcridxanasının həkimlərinin fikrincə, onun uzun sürən aclıq aksiyasından sonra sağlamlığına dəyən ziyan bərpa olunmaya bilər.

Ana səhifəXəbərlərGürcüstan Ombudsman Aparatının nümayəndələri Əfqan Sadıqova baş çəkib