“Jamnews”un materialı
Tbilisidə parlament binasının qarşısında kütləvi mitinq fevralın 24-nə planlaşdırılıb. İddia olunduğuna görə, bu, birdəfəlik tədbir olmayacaq, arası kəsilməyən aksiyalar nəzərdə tutulub.
Fevralın 24-ü keçiriləcək aksiyanın məqsədi Ukraynada müharibənin başlamasının ildönümü münasibəti ilə Ukrayna xalqına həmrəylik bildirmək, Gürcüstan hökumətinin Qərb əleyhinə siyasətinə qarşı etiraz etmək və Gürcüstan vətəndaşlarının Avropa kursuna tərəfdar olduğunu nümayiş etdirməkdir.
Son günlər vətəndaş cəmiyyəti “xarici təsir agentləri” siyahısının yaranması barədə qanun layihəsinə, – həmin layihə hakim partiyanın satelliti olan “Xalq hakimiyyəti” hərəkatı tərəfindən parlamentə daxil edilmişdi, – xüsusilə acıqlı idi. Hakim partiya layihəni dəstəklədiyini artıq elan edib. Müxalifət və vətəndaş sektoru bu qanunverici təşəbbüsü “Rusiya qanunun analoqu” adlandırır. Həmin qanun ölkəni Avropa gələcəyindən tamamilə ayrı salıb.
Fevralın 24-ü keçiriləcək mitinqin bir müəyyən təşkilatçısı yoxdur. Məlumdur ki, təşəbbüskarlar arasında “Droa”, “Girçi – daha çox azadlıq” və “Aqmaşenebeli strategiyası” müxalif partiyaları var.
Qeyri-hökumət sektorunun və vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, mədəniyyət və incəsənət işçiləri, sadə vətəndaşlar həmçinin mitinqə gəlməyə hazır olduqlarını söyləyirlər. Fevralın 23-ü Rustaveli prospektində keçirilmiş brifinqdə deyildiyi kimi, Gürcüstandakı Ukrayna vətəndaşları da etiraz aksiyasına qoşulacaqlar.
Müxalif partiyaların liderlərinin dediklərinə görə, fevralın 24-dən permanent nümayişlər başlayacaq.
“Bu gün biz milli-azadlıq hərəkatının başladığını elan edirik. Gürcüstan kollaborasionizmdən azad olunacaq, əsl hökumət xalqa qaytarılacaq. Ukrayna ilə həmrəylik aksiyasından başlayaq. Bizim hərəkətlərimiz gürcü xalqının birliyinin nümayişi olacaq”, – hərbi analitik, ehtiyatda olan polkovnik Akiya Barbakadze brifinqdə deyib.
“Bu gün illüziyalara vaxt yoxdur, reallıq odur ki, biz öz ölkəmizi itiririk və bunda birbaşa Rusiyanı günahlandırırıq. Rusiya ilə münasibətlər zülmətlə münasibət deməkdir… Biz bu gün səsimizi qısdığımız halda əbədi rüsvayçılığa düçar olacağıq”, – rəssam Giya Buqadze qeya edib.
“Fevralın 24-ü, Rusiya müstəqil Ukraynaya hücum çəkdiyi gün suayrıcı oldu və bu zaman bir tərəfdə gələcəyin mədəni ölkələri, digər tərəfdə keçmişin Rusiyası, perspektivi olmayan şər ölkəsi qaldı”, – “Droa” partiyasının lideri və aksiyanın təşkilatçılarından biri Elene Xoştariya deyib.
“Gürcüstanın bu suayrıcında səs hüququ var. Böhranlı anda, dönüş anında biz bir nöqtəyə vurur və deyirik – Gürcüstanın Avropa gələcəyi var”.
“Burada fevralın 24-də başlanacaq şey Gürcüstan tarixində rüsvayçı səhifənin qaralanması olacaq. Bu, vəhdət tələb edir. Biz bu tələdən çıxmaq üçün mübarizəyə başlayırıq”, – “Girçi – daha çox azadlıq” hərəkatının lideri Zurab Caparidze deyib.
Brifinqə gələnlər arasında həkim Vaja Qaprindaşvili, Gürcüstanın Danimarkadakı keçmiş səfiri Gigi Gigiadze, kultoroloq Çira Elisaşvili, XİN-in keçmiş əməkdaşı İveri Melaşvili, teoloq Lela Cecelava, Pankisi dərəsində keçirilmiş xüsusi əməliyyatda qətlə yetirilmiş Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili, jurnalist İrakli Tabliaşvili olub.