Oyan Hərəkatı: ”Jurnalistin həbsi iki cinayətkar qrupun alış-verişinə bənzəyir”
Müsavat Partiyasının Gürcüstandakı müttəfiqləri olan Azad Demokratlar və Gürcüstan Respublikaçılar Partiyası jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı birgə bəyanat yayıblar.
Bildirirlər ki, Azərbaycanlı jurnalist və müxalifət fəalı Əfqan Muxtarlının Gürcustanın Tiflis şəhərindən qeyri-qanuni şəkildə oğurlanması və Azərbaycanda həbs olunması, həmçinin Tiflisdə yaşayan Türk orta məktəb müəllimi Mustafa Emre Çabukun polis tərəfindən saxlanılması Azad Demokratlar və Respublikaçılar partiyasının ciddi narahatçılığına səbəb olub.
“Azərbaycan və Türkiyə Respublikalarının müsbət qonşuluq münasibətlərinin əhəmiyyətini başa düşərək, amma buna arxalanmayaraq, inanırıq ki, qonşu ölkələr arasında olan strateji əməkdaşlıq xatirinə, bizim ölkədə yaşayan heç bir şəxsin mənliyinə və təhlükəsizliyinə xələl yetirilə bilməz. Həmçinin, strateji tərəfdaşlıq, hər hansı şəxsin fundamental azadlıqlarının pozulmasına bəhanə ola bilməz. Tiflisdə yaşayan azərbaycanlı jurnalistin pasportu və şəxsiyyət vəsiqəsi olmadan Bakıda necə peyda olunması barədə, Gürcüstan hökümətindən rəsmi izahla bəyanat tələb edirik”.
Azad Demokratlar və Respublikaçılar Partiyası bildirir ki, əgər Gürcüstanın xüsusi təyinatlılarının bu əməliyyata cəlb olunması təsdiqlənərsə, təxirə salınmadan müvafiq tədbirlərin görülməsi və günahkarların cinayət məsuliyyətə cəlb olunması lazımdır.
“Azərbaycan iqtidarı öz vətəndaşlarına qarşı nümayiş etdirdiyi aqressiyasının formaları ilə az qala hər gün bizi təəccübləndirir. Müxalif partiya sədrinin müavini, tanınmış siyasi xadim Gözəl Bayramlının açıq-aşkar qondarma ittihamlarla həbsindən sonra növbə artıq üzün müddətdir ki, siyasi motivlərlə Gürcüstan Respublikasına sığınan müxalif-jurnalist Əfqan Muxtarlıya çatıb. Cənab Muxtarlı 29 may 2017-ci il tarixində axşam radələrində Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində oğurlanaraq Bakıya təhvil verilib”, – bu isə OYAN Hərəkatının bəyanatındandır.
Onlar vurğulayırlar ki, Əfqan Muxtarlının oğurlanaraq həbsinə vətəndaş cəmiyyətinin nümyəndələri, xarici səfirliklər və beynəlxalq təşkilatlar biganə qala bilməz. Bu əməliyyatla avtoritar Azərbaycan iqtidarı artıq öz qanunsuz və anti-bəşəri hərəkətlərinə Qafqazda demokratiya qalası missiyasını üzərinə götürən Gürcüstan Respublikasını və onun hazırkı iqtidarını vasitə edib:
“Digər Cənubi-Qafqaz respublikalarından fərqli olaraq Gürcüstan Avro-Atlantik məkana inteqrasiya kursu götürüb və bu istiqamətdə müəyyən uğurlar qazanıb. Gürcüstanın NATO ilə sıx əməkdaşlığı və onun Avropa Birliyinə inteqrasiya sahəsində əldə etdikləri buna misaldır. Bu prosesdə Gürcüstan Respublikası öz üzərinə sivil dünyada mövcüd olan hüquq qayda və prinsiplərə sədaqətini öhdəsinə götürüb və onlara riayət edəcəyini bəyan edib. Eyni zamanda Gürcüstan Respublikası insan hüquq və azadlıqlarıyla bağlı Avropa məkanında mövcüd olan əsas beynəlxalq müqavilələrin iştirakçısıdır”.
Bəyanatda deyilir ki, Əfqan Muxtarlının Gürcüstan Respublikasında oğurlanaraq Bakıya təhvil verilməsi Gürcüstan Respublikasının demokratiya və insan hüquqları istiqamətində attıqları bütün hərəkətlərini alt-üst edir:
“Jurnalistin oğurlanması zamanı sivil dünyaya məlum olan heç bir prosedura əməl edilməmiş, Gürcüstan tərəfi fundamental insan hüquq və azadlıqlarıyla bağlı normalarla yanaşı, bir sıra beynəlxlaq müqavilələri, o cümlədən Qaçqınların statusu haqqında 1951-ci il BMT Konvensiyasının, Ekstradisiya haqqında 1957-ci il Avropa Konvensiyasının tələb və prinsiplərini kopud şəkildə pozub”.
Oyan Hərəkatı bildirir ki, Əfqan Muxtarlının Tibilisidə oğurlanaraq Bakıya təhvil verilməsi aksiyası dövlət və hüquq anlamlarından kənara çıxmış və bu daha çox iki cinayətkar qruplaşma arasında baş verən bir alış-veriş münasibətinə bənzəyir:
“Hazırkı Gürcüstan iqtidarının özünün bu anti-bəşəri aksiyasınının izahı ilə bağlı dünya ictimaiyyəti qarşısında hansı dəlilləri gətirəcəyi gerçəkdən maraq doğuran bir məsələdir”.
OYAN Hərəkatı vətəndaş cəmiyyətinin nümayəndələrini, xarici səfirlikləri, Avropa Birliyini, dünyanın demokratik dövlətlərini hüquqdan kənarda qalan bu aksiyaya görə Gürcüstan hökümətindən izahat, Azərbaycan iqtidarından isə Əfqan Muxtarlını qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməyə çağırır. Hərəkat Əfqan Muxtarlının həbsilə bağlı Gürcüstan Respublikasının Haaqada yerləşən səfirliyinə görüş üçün müraciət edib.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib:
“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.
Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.
Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.
“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, – deyə Elçin Sadıqov bildirib.
Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.